AZ

"Rusiya Azərbaycana qarşı düşmən mövqe sərgiləyir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Rusiyada azərbaycanlılara və digər qeyri-ruslara qarşı həyata keçirilən fəaliyyətlər, Rusiya hakimiyyətinin, xüsusilə də Prezident Vladimir Putinin rəhbərlik etdiyi siyasi kursun açıq şəkildə icra edildiyi bir siyasətdir. Bu vəziyyət ölkədəki siyasi rejimin avtoritar və diskriminativ mahiyyət daşıdığını göstərir. Sanki ölkə rəhbərliyi agonik (dağılma) mərhələsindədir və artıq baş verən prosesləri adekvat şəkildə dəyərləndirmək iqtidarında deyil". Bu sözləri SİA-ya açıqlamasında siyasətçi, Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, Prezident Putin bu proseslərin şahidi olduqca özünü idarə etməkdə çətinlik çəkir və ardıcıl olaraq məqsədyönlü və məntiqə əsaslanmayan qərarlar qəbul edir: "Bu səbəbdən, agonik vəziyyətdə olan bir rəhbərin davranışlarını məntiq çərçivəsində izah etmək çətinləşir.

Rusiya bu gün beynəlxalq sistemdə keçmişdəki superdövlət statusundan xeyli geriləyib və nüfuz baxımından əhəmiyyətli şəkildə aşağı düşüb. Artıq o, beynəlxalq arenada ciddi rol oynaya bilmir. Daxildə isə dərin iqtisadi çətinliklər müşahidə olunur. Ukrayna ilə aparılan müharibədə ciddi strateji səhvlərə yol verilib və nəticədə on minlərlə, yüz minlərlə insan həyatını itirib. Hazırda Rusiyanın ərazisində bu itkilərin dəqiq statistikasını müəyyənləşdirmək mümkün deyil.

İndiki Rusiya iqtidarı hakimiyyətə gəldiyi ilk dövrdən düzgün qərarlar qəbul etmək iqtidarında deyildi. Müşahidə olunur ki, bu proses getdikcə daha da dərinləşir və daha çox strateji səhvlərə yol verilir. Son dövrlərdə isə miqrantlar əsas hədəf qrupuna çevrilmişdir. Onlara qarşı həyata keçirilən bu cür təzyiq siyasəti ilə Rusiya hakimiyyəti sanki cəmiyyət qarşısında öz addımlarına haqq qazandırmağa çalışır.

Halbuki müasir dünyada miqrasiya geniş yayılmış qlobal bir prosesdir. Fərqli regionlardan insanlar müxtəlif ölkələrə köç edirlər. Əgər bu şəxslər həmin ölkələrdə yaşayırsa, hətta vətəndaşlıq statusuna malik olmasalar belə, hüquqları tanınmalıdır. Onların hüquqi statusu beynəlxalq insan hüquqları çərçivəsində qorunmalıdır".

Siyasətçi qeyd edib ki, hazırda Rusiyada miqrantlara qarşı aparılan siyasət, əslində, dövlətin daxilində artan millətçilik meyillərinin bir göstəricisi kimi dəyərləndirilə bilər: "Bəzi hakimiyyət strukturları və siyasi qurumlar bu vəziyyətdən istifadə edərək, daxili auditoriya qarşısında populist mövqe sərgiləməyə çalışır.

Rusiya daxilində yaranmış vəziyyət tarixi paralellərlə də izah oluna bilər. SSRİ rəhbərliyinin vaxtilə Əfqanıstana hərbi müdaxiləsi ölkəni dərin bir siyasi və iqtisadi bataqlığa sürüklədi və nəticədə Sovet İttifaqı dağıldı. Bugünkü Rusiya rəhbərliyi də keçmiş Sovet imperiyasının geosiyasi xəritəsini bərpa etmək niyyəti ilə oxşar yolu seçmişdir. Xüsusilə Ukraynaya qarşı hərbi əməliyyatların başlanması bu imperiya ambisiyalarının təzahürü kimi qiymətləndirilə bilər. Bu kontekstdə bəzi siyasi dairələr bu siyasəti "yeni Rusiya imperiyası" kimi təqdim etməyə çalışırlar.

Lakin reallıq ondan ibarətdir ki, bu addımlar nə strateji, nə də məntiqi baxımdan əsaslandırıla bilər. Məhz bu səbəbdən də, Azərbaycana qarşı yönələn belə siyasətlərin qarşısının alınması üçün Azərbaycan dövləti tərəfindən adekvat addımların atılması zəruridir.

Son dövrlərdə Azərbaycan rəhbərliyi tərəfindən Rusiya ilə bağlı kifayət qədər ciddi və radikal addımlar atılmışdır. Baş vermiş hadisələrə münasibət olaraq, bir sıra rəsmi bəyanatlar səsləndirilmiş, o cümlədən Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə etiraz bildirilmişdir. Azərbaycan rəhbərliyinin müxtəlif səviyyələrdə verdiyi açıqlamalarda Rusiyanın fəaliyyəti qəti şəkildə pislənmişdir.

Eyni zamanda, Rusiya Federasiyasının baş nazirinin müavini Alaksey Overçukun Azərbaycana planlaşdırılan səfəri ləğv edilmiş və bu addım rəsmi şəkildə ictimaiyyətə açıqlanmışdır. Bundan əlavə, Azərbaycanda keçirilməsi nəzərdə tutulan Rusiya Mədəniyyət Günləri, eləcə də digər mədəni tədbirlər də Mədəniyyət Nazirliyi tərəfindən ləğv edilmişdir. Bu qərarlar göstərir ki, Azərbaycan dövləti Rusiyanın son hərəkətlərinə qarşı konkret və prinsipial mövqe sərgiləyir".

A.Nağı bildirib ki, hazırkı şəraitdə hesab edilir ki, Rusiya dövləti Azərbaycan Respublikasına qarşı açıq şəkildə düşmən mövqeyi nümayiş etdirir: "Bu halda isə, təbii olaraq, adekvat cavab tədbirləri qaçılmazdır. Azərbaycan dövləti, heç bir halda Rusiyaya qarşı güzəştə getməyəcəyini və bu kimi təzyiqlərə boyun əyməyəcəyini nümayiş etdirməkdədir.

Rusiya rəhbərliyinin atdığı addımlar daha çox daxili hakimiyyətin qorunmasına xidmət edir. Bu addımlar eyni zamanda ətraf ölkələrə qarşı diktə siyasəti yürütmək, regional üstünlük iddialarını əsaslandırmaq və beynəlxalq müstəvidə öz gücünü nümayiş etdirmək məqsədi daşıyır. Lakin bu siyasət əslində qeyri-rasional və strateji baxımdan ziddiyyətlidir. Ortaya qoyulan hərəkətlər birmənalı şəkildə ağılsız və impulsiv qərarların nəticəsi kimi qiymətləndirilə bilər.

Bu proseslərin arxasında birbaşa Prezident Vladimir Putinin dayandığı qənaəti formalaşır. Rusiyada prezidentin xəbəri olmadan belə səviyyəli hadisələrin baş verməsi ehtimal xaricindədir. Məsələn, Azərbaycanın hərbi təyyarəsinin vurulması, ölkəyə qarşı həyata keçirilən kiber hücumlar, eləcə də azərbaycanlıların qeyri-qanuni şəkildə deportasiya olunması – bütün bunlar beynəlxalq hüquqa və insan hüquqlarına zidd hərəkətlər olmaqla bərabər, birbaşa Kremlin siyasi iradəsinin göstəricisidir.

Bu hadisələr sırasında son yaşanan hadisə xüsusilə faciəvi xarakter daşıyır. Azərbaycan vətəndaşlarının, eyni zamanda Azərbaycan əsilli rus vətəndaşlarının qətlə yetirilməsi və işgəncələrə məruz qalması, onların bəzilərinin qohumluq əlaqələrinə əsasən ittiham olunması, 24 il əvvəl baş vermiş hadisələrin bu gün süni şəkildə gündəmə gətirilməsi hüquqi baxımdan əsaslandırılmayan, siyasi sifarişli və qondarma bir proses təsiri bağışlayır.

Bütün bunlar bir daha onu göstərir ki, Rusiya Federasiyası öz strateji mövqeyini və idarəetmə rasionallığını itirməkdədir. Bu, Ukraynaya hərbi müdaxilə zamanı da müşahidə olunmuşdu – Rusiyanın bu addımını əsaslandırmaq üçün ortaya qoyduğu “Ukraynada neofaşizmin yayılması” iddiası nə tarixi, nə də siyasi baxımdan ciddi arqument kimi qəbul edilə bilər. Halbuki Rusiyanın özündə bu cür meyillərin müşahidə olunması daha real görünür.

Rusiya Federasiyasının hazırkı davranışlarında nə məntiq, nə də izahedici bir yanaşma müşahidə olunur. Eyni zamanda, bu siyasətin arxasında dayanan heç bir aydın ideoloji baza da ortada yoxdur. Bu cür şəraitdə bildirmək lazımdır ki, Azərbaycan tərəfi, bütün təzyiqlərə baxmayaraq, Rusiya ilə münasibətləri normal səviyyədə saxlamaq niyyətində olduğunu ifadə etmişdir. Lakin əgər qarşı tərəf – istər Rusiya, istər digər ölkələr – bu münasibətlərin sağlam təməllər üzərində davam etməsində maraqlı deyilsə, o zaman Azərbaycan da bu cür təşəbbüslərə eyni səviyyədə yanaşmalıdır".

O həmçinin bunu da əlavə edib ki, burada qarşılıqlı münasibətlərin təməl prinsipinə – təsir və əks təsir qanununa əsaslanmaq vacibdir: "Əgər tərəfdaş dövlətlər əməkdaşlıqda və qarşılıqlı münasibətlərdə Azərbaycanın maraqlarını nəzərə almaq istəmirlərsə, Azərbaycan da bu dövlətlərlə əməkdaşlıqda maraqlı olmaq məcburiyyətində deyil. Bu, beynəlxalq münasibətlərdə balans və bərabərlik prinsipinin təbii nəticəsidir.

Rusiya özünü böyük dövlət kimi təqdim etmək istəyirsə, unutmamalıdır ki, Azərbaycan da həm iqtisadi potensialına, həm regional mövqeyinə, həm də strateji tərəfdaşlıqlarına görə regionda mühüm gücə malik bir dövlətdir. Azərbaycan beynəlxalq münasibətlərini istər Amerika Birləşmiş Ştatları, istər İran İslam Respublikası, istərsə də digər ölkələrlə qarşılıqlı hörmət və bərabərlik prinsipi əsasında qurmuşdur. Rusiya bu reallığı qəbul etməli və Azərbaycanla münasibətləri də məhz bu bərabərlik əsasında formalaşdırmalıdır.

Müharibə ilə bağlı səfərbərlik məsələsində Rusiya Federasiyasında ciddi problemlər mövcuddur. Müxtəlif bəhanələrlə səfərbərlik üçün insanlar tapılmağa çalışılır ki, bu da özlüyündə cəmiyyətin dərin narazılığına səbəb olur. Rusiya ərazisinin demək olar ki, bütün bölgələrində, müxtəlif şəhər və kəndlərində kütləvi dəfn mərasimləri, hərbi qəbiristanlıqlar genişlənmişdir. Bu isə müharibənin miqyası və insan itkisi barədə aydın təsəvvür yaradır.

Hazırda müşahidə edilən bir digər ciddi problem isə müharibə yükünün əsasən qeyri-rus millətlərin üzərinə yüklənməsidir. Bu isə bir növ etnik ayrı-seçkilik siyasətini xatırladır. Rusiya hakimiyyətinin bu davranışı bəzi ekspertlər tərəfindən qeyri-rus əhalinin sistemli şəkildə hərbi əməliyyatlara cəlb olunması və nəticədə onların sayının kütləvi şəkildə azalması kimi qiymətləndirilir. Bu siyasətin arxasında Prezident Vladimir Putinin yürütdüyü strateji kursun dayandığı ehtimal edilir.

Əlbəttə, bu cür siyasətə qarşı müqavimət göstərən insanlar da var. Azərbaycandan olan soydaşlarımız da bu proseslərin içərisindədir. Onlar da Rusiya cəmiyyətinin bir hissəsi olaraq hüquq və azadlıqlara malikdirlər. Lakin son dövrlərdə onların evlərindən zorla aparılması, yolda saxlanılaraq məcburi şəkildə hərbi xidmətə cəlb edilməsi beynəlxalq hüquq baxımından açıq-aşkar qanunsuzluqdur.

Azərbaycanlılar və digər azlıqlar qarşısında konkret seçim qoyulur: ya müharibəyə qatılacaqlar, ya da həbs olunacaq və ya fiziki təzyiqlərə məruz qalacaqlar. Bu isə bir daha onu göstərir ki, Rusiya Federasiyasının insan resursları artıq ciddi şəkildə tükənməkdədir və mövcud müharibəni davam etdirmək imkanları strateji baxımdan zəifləyib. Bu səbəbdən də, əsas hədəf kimi sosial və etnik cəhətdən daha zəif mövqedə olan əhali qrupları seçilir. Bütün deyilənlər göstərir ki, Rusiya seçim qarşısındadır, əgər Putin Rusiyanı bu yolla aparmağa davam etsə iflas və süqut qaçınılmaz olacaq".

Müəllif: Xeyrənsə Piriyeva
Seçilən
4
50
sia.az

10Mənbələr