EN

"Ölkəmizə qarşı təzyiqlərin artdığını müşahidə edirik" - Deputat

Azərbaycana qarşı qərəzli siyasət aparılır. Burada təkcə ölkəmizin ümumi inkişafı deyil, eyni zamanda Qarabağda əldə etdiyimiz uğurlar və xarici siyasət sahəsində qazandığımız nailiyyətlər də nəzərdə tutulur. Azərbaycanın apardığı müstəqil və balanslaşdırılmış siyasət bir sıra ölkələr, o cümlədən Rusiya tərəfindən narahatlıqla qarşılanır.


Bunu Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Fariz İsmayılzadə deyib. 

O bildirib ki, son dövrlərdə ölkəmizə qarşı müxtəlif istiqamətlərdə təzyiqlərin artdığını müşahidə edirik:

"Bu, həm mülki təyyarənin vurulması hadisəsində, həm də kibertəhlükəsizlik sahəsində Rusiyadan qaynaqlanan hücumlarda özünü göstərir. Digər tərəfdən, etnik azərbaycanlılara qarşı törədilən zorakılıq və ayrı-seçkilik halları da ciddi narahatlıq doğurur. Bütün bunlar onu göstərir ki, Azərbaycanın uğurları və müstəqil inkişafı müəyyən dairələrdə qısqanclıqla qarşılanır və bu da təzyiqlərin artmasına səbəb olur".

Deputat qeyd edib ki, Azərbaycan heç vaxt belə siyasət yürütməyib:

"Xarici siyasətimiz qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlığa əsaslanır. Əgər bu cür təxribatlar davam edərsə, bu, təbii ki, ikitərəfli münasibətlərə mənfi təsir göstərəcək.

Eyni zamanda, Azərbaycanlı deputatın Rusiya ərazisinə buraxılmaması da bu siyasətin tərkib hissəsi kimi qiymətləndirilir. Biz bu addımı qətiyyətlə pisləyirik və belə yanaşmanı tənqid edirik. Rusiyadan daha konstruktiv və qarşılıqlı hörmətə əsaslanan münasibət gözləyirik".

Chosen
15
5
manset.az

5Sources