Son günlər Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş verən hadisələr ölkəmizdə ciddi narahatlıqla qarşılanır.
Xatırladaq ki, Federal Təhlükəsizlik Xidmətinin (FTX) keçirdiyi əməliyyatlar zamanı Səfərovlar ailəsinin üzvləri – iki qardaş Hüseyn Səfərov və Ziyəddin Səfərov qətlə yetirilib.
Hadisəyə münasibət bildirən deputat Fariz İsmayılzadə bunu Azərbaycana qarşı aparılan qərəzli siyasətin tərkib hissəsi adlandırıb.
MÖVZU İLƏ BAĞLI:
Rusiyada azərbaycanlıların qətlinin PƏRDƏARXASI - VİDEO
Deputatın sözlərinə görə, Azərbaycanın əldə etdiyi uğurlar, xüsusilə Qarabağda və xarici siyasət sahəsində, bəzi ölkələri, o cümlədən Rusiyanı narahat edir:
"Müstəqil siyasət yürüdən ölkəmizə qarşı təzyiqlər artır. Biz bu təzyiqləri təyyarə insidentində də, kiber hücumlar zamanı da hiss etmişik. İndi isə etnik azərbaycanlılara qarşı açıq zorakılıq müşahidə edirik. Bütün bunlar onu göstərir ki, Azərbaycanın inkişafı bəzi dairələrdə qısqanclıq yaradır", – deyə deputat bildirib.
Fariz İsmayılzadə əlavə edib ki, Azərbaycan heç vaxt bu cür yanaşmaları qəbul etmir və qarşı tərəfdən hörmətli münasibət gözləyir:
"Əgər bu kimi hadisələr davam edərsə, bu, iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərəcək. Rusiya ərazisinə buraxılmayan azərbaycanlı deputat faktı da bu siyasətin davamı sayıla bilər. Biz bu münasibəti qəti şəkildə pisləyirik".
Qeyd edək ki, qətlə yetirilən Səfərovlar ailəsi ilə bağlı araşdırmalar davam edir. Hadisə cəmiyyətdə ciddi rezonans doğurub və müxtəlif sahələrdə fəaliyyət göstərən ictimai şəxslər bu mövzuya münasibət bildirməkdə davam edirlər.
Bizim.Media