EN

İranla bağlı xəbər Trampı qəzəbləndirdi – Dərhal müdafiə nazirinə təlimat verdi

BAKI, 27 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahu mürəkkəb vəziyyətdədir”.

Teleqraf xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

Ekspertin fikrincə, onlar İranla 12 günlük müharibədən sonra nə qədər “zərbələr nəticəsində İranın uranı zənginləşdirmə mərkəzləri məhv edildi” desələr də, bunu sübut edəcək faktları yoxdur:

“İşləri korlayan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsindən adının çəkilməsini istəməyən mənbəsinin bu mərkəzlərin böyük zərər görməməsi barədə mətbuata ötürdüyü məlumat olub. Bu məlumat Trampı hövsələdən çıxarıb. Çünki həmin xəbər Trampın qələbə eyforiyasını heçə endirib. Buna görə də, Trampın təlimatı ilə müdafiə naziri və Baş Qərargah rəisi Vaşinqtonda birgə mətbuat konfransı keçirib. Ancaq həmin konfransda da jurnalistlərin sualları cavabsız qalıb, İranın uranı zənginləşdirən mərkəzlərinin dağıdıldığını sübut edən faktlar və ya görüntülər ortaya qoyulmayıb.

İsrail baş naziri də eyni vəziyyətdədir. Netanyahu Tramp kimi məsələyə nöqtə qoyulduğunu bildirib. Ancaq İsraildə də İranın uranı yenidən zənginləşdirməyəcəyinə dair şübhələr var. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossinin İranın uranı yenidən zənginləşdirə biləcəyi haqqında açıqlaması şübhələri artırıb”.

Elxan Şahinoğlu əlavə edib ki, Tehran da siyasətini dəyişməyə başlayıb:

“Başda ölkənin Ali rəhbəri Əli Xamenei olmaqla İran rəsmiləri və generalları 12 günlük müharibədən sonra bəyanatlar verdilər ki, İsrail və ABŞ Tehranın nüvə obyektlərinə elə də ciddi zərər vura bilməyib. Ancaq ardınca Tehrandan fərqli açıqlamalar gəlməyə başladı. Xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin nüvə obyektlərinə zərbələrinin geniş və ciddi ziyan vurduğunu deyib. Eyni səpkili açıqlamaları aşağı ranqlı digər iranlı diplomatlar da səsləndirib. Bu, Tehranın taktiki gedişidir.

İran rəsmiləri hər dəfə “zərbələr nüvə obyektlərinə zərər vurmayıb” desələr, bu, Tramp və Netanyahunu gələcəkdə İrana yeni zərbələrə həvəsləndirə bilər. Bu isə İran rejimini növbəti sınaqla üz-üzə qoyacaq. Ona görə də Tehrandan Tramp və Netanyahunun nüvə obyektlərinin dağıdılması barədə fikirlərini təsdiq edəcək açıqlamaların sayı arta bilər. Zərbələrdən sonra nüvə obyektlərinin hansı vəziyyətdə olduğunu İranda çox dar çərçivə bilir”.

Chosen
25
39
teleqraf.com

10Sources