“Bu gün biz dünyada müşahidə olunan, demək olar, bütün silahlı münaqişə zonalarında energetika obyektlərinin, ilk növbədə, hücuma məruz qalan hədəflər sırasında olduğunu görürük. Əlbəttə ki, bunda məqsəd qarşı tərəfin enerji potensialını sarsıtmaq, onu iflic vəziyyətə salmaqdır. Öz çıxışında cənab Prezident bu məsələyə toxunaraq bildirdi ki, enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizlik məsələsidir. Bu gün Avropa məkanında enerji xətlərinin təhlükə altında olmasının çox böyük fəsadlara gətirib çıxarması da bunu təsdiq edir. Təsadüfi deyil ki, bu gün Avropa İttifaqı tamamilə haqlı olaraq özünün enerji təhlükəsizliyini təmin edən ölkələr sırasında duran Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. Çünki hazırda Azərbaycan qazı 12 ölkəyə qaz kəmərləri vasitəsilə ixrac edilir və onlardan 10-u Avropa ölkəsidir. Məlum olduğu kimi, qaz təchizatının coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir. Bir çox ölkələr Azərbaycan qazından istifadə etməklə özünün enerji təhlükəsizliyini təmin edir. Ölkəmiz təbii qaz, xam neft, neft və neft-kimya məhsulları, müəyyən həcmdə elektrik enerjisini ixrac edir. Lakin yaxın gələcəkdə Azərbaycan artıq həm də yaşıl enerji ixrac edəcək. Beləliklə, cənab Prezident İlham Əliyevin dediyi kimi, ölkəmizin iqtisadi gücü, geosiyasi önəmi daha da artacaq və Azərbaycan bu bölgədə sabitlik, inkişaf, tərəqqi məkanı kimi öz rolunu daha da gücləndirəcək”.