EN

Bitməyən riyakarlıq – Ermənistana qarşı Xüsusi Tribunal niyə yaradılmadı?

Avropa Şurası Rusiyaya qarşı Xüsusi Tribunalın qurulmasına qərar verib. Sənədi baş katibi Alen Berset və Ukrayna prezidenti Vladimir Zelenski Strasburqda imzalayıb. İlk dəfə yaradılan belə bir xüsusi tribunal Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı cinayətləri araşdıracaq. Bersetin sözlərinə görə, razılaşmanın imzalanmasından sonra ona “mümkün qədər çox ölkə qoşulsun və tribunala dəstək ola bilsin” deyə, genişləndirilmiş saziş üzrə danışıqlar başlayacaq.
 
Ukraynanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Yevgeniya Kravçuk müqaviləni effektiv hüquqi alət saydığını deyib. “Xüsusi Tribunal Rusiya Federasiyasının təcavüz cinayəti ilə bağlı yurisdiksiyasına malik olmayan Beynəlxalq Cinayət Məhkəməsinin işini tamamlayır. İştirakçı dövlətlər də potensial olaraq məsuliyyətə cəlb olunacaqlar”, - əlavə edib.
 
Əlbəttə, beynəlxalq hüququn böhran keçirdiyi vaxtda belə bir sazişin ortaya çıxması ədalətin bərpası yönündə pozitiv cəhd sayıla bilər. Ancaq niyə məhz indi? Axı illər öncə, Azərbaycan da Avropa Şurasının üzvü olduğu zamanlarda (2001) Ukrayna kimi eyni aqibətlə üzləşmiş, ərazisinin 20%-i qurumun digər üzvü olan Ermənistan tərəfindən işğal olunmuşdu.
 
Üstəlik, işğalla bağlı BMT TŞ-nin 4 qətnaməsi (822, 853, 874, 884) var idi. Üstəgəl, Azərbaycana qarşı törədilmiş təcavüz, soyqırımları, etnik təmizləmələr, digər bəşəri cinayətlərə dair N sayda foto-video sübutlar, o cümlədən Xocalı hərbi caniləri Serj Sərkisyan və Robert Köçəryanın, Hələb ermənisi Levon Ter-Petrosyanın internet resurslarındakı qan donduran, irqçi və faşist açıqlamaları...
 
Elə isə nədən İrəvana qarşı Xüsusi Tribunal qurulmadı? Bu “ikili standart” yanaşmanın səbəbi nə? Xristian təəssübkeşliyimi? Amma Rusiya da xristian ölkəsidir. Yerdə qalır türk-müsəlman faktoru. Təəssüf ki, səbəblər sırasında bu amil öndə gəlir.
 
Təsadüfi deyil ki, Qərbdəki bir çox anti-Türk, islamofob mərkəzlər, əfsus ki, elə Avropa Şurası, Avropa İttifaqının özü Azərbaycanın silah gücünə öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsini hələ də “həzm edə”, bağışlaya bilmir. Sanki cinayəti ermənilər deyil, sərhədlərini bərpa edən Azərbaycan törədib...
 
Bəlkə də Avropa Şurasının Ermənistanla da bağlı Xüsusi Tribunalı, Beynəlxalq Cinayət Məhkəməsinin müvafiq hökmləri olsaydı, heç ikinci Qarabağ müharibəsinə ehtiyac qalmaz, işğala dinc yolla son qoyulardı. Həmçinin 3 il öncə Rusiya suveren Ukraynaya hücuma cəsarət etməzdi.
 
Yəni hazırda Ukrayna ətrafındakı kritik vəziyyətin birinci səbəbkarı elə kollektiv Qərb, onun əsas qurumlarıdır. Onların Azərbaycana qarşı illərlə yürütdüyü “ikili standart”, işğalçıları “yaxşı” və “pis”ə bölmə siyasətidir.
 
Bu azmış kimi, Avropa İttifaqı Ermənistanın təzədən huşum silahları ilə silahlanması üçün ona maliyyə-siyasi dəstək verir. O Ermənistan ki, onun konstitusiyasında, gerbində, himnində hələ də Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları qalır. Harda görünüb ki, işğalçı ölkə cəzalandırılmaq, məhdudiyyətlərə məruz qoyulmaq əvəzinə mükafatlandırılsın, revanşa şirnikləndirilsin?!
 
Nə qədər ki, bu yaramaz və eybəcər siyasət davam edir, nə beynəlxalq hüquq işləyəcək, nə də müharibələr bitəcək. Və dava-qırğınların bir küləyi də Avropanı, Qərbi vuracaq. Necə ki, vurur. Çünki yazılmamış qanunlar, ilahi ədalət də var... /Musavat.com/
 
Chosen
1
1
moderator.az

7Sources