BAKI,TurkicWorld
Dünya Bankı Suriyada etibarlı və münasib qiymətli elektrik enerjisinin bərpasına dəstək məqsədilə 146 milyon dollarlıq qrant ayırıb.
TurkicWorld xəbər verir ki, layihə müharibə zamanı zədələnmiş elektrik ötürücü xətləri və transformator yarımstansiyalarının bərpasını, həmçinin elektrik sektorunun inkişafı və institusional potensialın gücləndirilməsi üçün texniki yardım göstərilməsini nəzərdə tutur.
Dünya Bankının Yaxın Şərq üzrə direktoru Jan-Kristof Karre bəyan edib ki, Suriyanın təxirəsalınmaz bərpa ehtiyacları sırasında elektrik sektorunun dirçəldilməsi öncül və “peşman olunmayacaq” bir investisiya kimi qiymətləndirilir.
Məlumata görə, layihə çərçivəsində iki mühüm 400 kV yüksək gərginlikli interkonnektor ötürücü xətt də daxil olmaqla, əsas enerji xətlərinin bərpası planlaşdırılır. Bu, Suriyanın İordaniya və Türkiyə ilə regional enerji əlaqəsinin bərpasını da nəzərdə tutur.
Bundan əlavə, layihə çərçivəsində zərər görmüş və qaçqınların geri döndüyü bölgələrdə yerləşən yüksək gərginlikli transformator yarımstansiyalarının təmiri, ehtiyat hissələrinin və texniki avadanlıqların təminatı da həyata keçiriləcək.
Layihə, həmçinin Suriyanın elektrik sektoru üçün strateji planlaşdırma, siyasət və tənzimləyici islahatların hazırlanması, orta və uzunmüddətli investisiya planlarının müəyyənləşdirilməsi istiqamətində texniki yardım və institusional potensialın artırılmasını da əhatə edir.