AZ

Ölkəmizin enerji ixrac potensialının artırılması baxımından əhəmiyyətli olan layihə

2025-ci il iyunun 24-də Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı keçirildi. Azərbaycanın enerji sektorundakı mühüm hadisələrdən biri olan bu açılış mərasimində Prezident İlham Əliyev, bir sıra xarici şirkətlərin rəhbərləri iştirak etmişlər. Ümumi gücü 1880 MVt olan bu stansiya Azərbaycanın müstəqillik dövründə inşa edilən ən iri elektrik enerjisi istehsal müəssisəsi kimi ölkənin enerji tarixində xüsusi yer tutur. Layihənin strateji əhəmiyyəti ondan ibarətdir ki, bu stansiya təkcə ölkənin daxili enerji tələbatının ödənilməsində deyil, həm də ixrac potensialının artırılmasında mühüm rol oynayacaq.

Ölkə başçısının 2022-ci ildə imzaladığı Sərəncama əsasən inşasına başlanan bu layihə cəmi iki il ərzində uğurla başa çatdırılıb. Layihənin hazırlanması və icrasında Azərbaycanın mühəndisləri əsas rol oynayıb və texniki həllər dünya təcrübəsi ilə uzlaşdırılaraq, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə həyata keçirilib. Stansiyanın tikintisində İtaliyanın “Ansaldo Energia” və Çinin “Dongfang” şirkətləri ilə yanaşı, yerli ixtisaslaşmış BCC Group da iştirak edib ki, bu da Azərbaycanın enerji sektorunda milli kadr potensialının və sənaye imkanlarının sürətlə inkişaf etdiyini təsdiqləyən əhəmiyyətli göstəricidir.

Stansiyanın açılış mərasimdəki çıxışında ölkə başçısı həm İtaliya, həm də Çinin Azərbaycanın strateji tərəfdaşları olduğunu bildirib. İtaliya və Çinlə strateji tərəfdaşlıq haqqında bəyannamələrin imzalandığını deyən dövlətimizin başçısı vurğulayıb ki, onun həmin ölkələrə çoxsaylı səfərləri nəticəsində bir çox istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilmişdir. İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu söyləyən Prezident İlham Əliyev Çinin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdə olduğunu diqqətə çatdırıb.

Bundan əlavə, stansiyada tətbiq olunan ən son texnoloji həllər və dünyanın aparıcı enerji istehsalı avadanlıqları sayəsində yanacaq sərfiyyatı əhəmiyyətli dərəcədə azaldılıb, faydalı iş əmsalı artırılıb və ətraf mühitə təsir minimuma endirilib. Bu baxımdan “8 Noyabr” Elektrik Stansiyası həm ekoloji, həm də iqtisadi səmərəliliyi ilə seçilən nümunəvi enerji layihəsi hesab olunur və ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcını simvolizə edir.

Qeyd edilib ki, son 20 il ərzində Azərbaycanın energetika sistemi demək olar ki, tam yenidən qurulub. Ölkənin müxtəlif yerlərində yeni elektrik stansiyaları qurulub. Bununla yanaşı, Mingəçevirdə də yenidənqurma işləri aparılıb.

Hazırda Azərbaycan bərpaolunan enerji layuhələri istiqamətdə qabaqcıl ölkələr sırasındadır. Əgər bu gün ölkəmizin ümumi generasiya gücü 9000 meqavatdırsa, imzalanmış, icra edilən və icra ediləcək bərpaolunan enerji layihələri 2030-cu ilə qədər Azərbaycana 6500 meqavat yaşıl enerji verəcəkdir. Eyni zamanda, bizə təbii qaza qənaət etmək üçün imkanlar yaradılacaq və belə olan halda təbii qazın ixracı daha da artacaq.

Bu stansiyada istifadə olunan texnologiyalar nəticəsində ilk növbədə şərti yanacaq sərfiyyatının azaldılması nəticəsində ildə 1 milyard kubmetr təbii qaza qənaət olunacaq, bununla da, 2 milyon ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq. Tikinti zamanı mövcud enerji blokları modernləşdirilib, ötürmə və qaz təminat infrastrukturunda yeniliklər aparılıb, bu da əlavə olaraq 90 MVt enerji istehsalı imkanı yaradıb.

Beləliklə, bu stansiya təkcə Azərbaycanın daxili enerji təminatı üçün deyil, həm də enerji ixrac potensialının artırılması baxımından əhəmiyyətlidir.

Stansiyanın açılış mərasimində ölkə başçısı qeyd edib ki, Mingəçevirin energetika mərkəzi kimi tarixi zəngindir və burada formalaşmış güclü kadr potensialı əlbəttə ki, bu gün də bizə əldə edilmiş uğurlara nail olmaq üçün imkan yaradır. “Son 20 il biz ərzində Azərbaycanın energetika sistemini demək olar sıfırdan qurmuşuq. Ölkəmizin müxtəlif yerlərində yeni elektrik stansiyaları quruldu. Eyni zamanda, Mingəçevirdə də yenidənqurma işləri aparılmışdır”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü

 

Seçilən
22
50
moderator.az

10Mənbələr