EN

"Tramp İranın nüvə proqramının məhv edildiyini iddia edir, ABŞ kəşfiyyatı isə ehtiyatlıdır" - BBC

 
"ABŞ prezidenti İranın nüvə obyektlərinə zərbələrin tam uğurlu olduğunu bəyan edir,  sızan kəşfiyyat məlumatları isə bu bəyanatla üst-üstə düşmür..."
 
İyun ayının 24-ü axşam saatlarında Donald Tramp "Truth Social" platformasında CNN və "The New York Times" kimi media qurumlarına sərt şəkildə hücum çəkib. Prezident onları "tarixdəki ən uğurlu hərbi əməliyyatlardan birini gözdən salmağa çalışmaqda" ittiham edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
Söhbət ABŞ-ın iyunun 21-də gecə İranın üç əsas nüvə obyektinə - Fordo, Natanz və İsfahana endirdiyi hava zərbələrindən gedir. Tramp israr edir: "İranın nüvə obyektləri tam məhv edilib. Onun dediyinə görə, medianın yaydığı məlumatlar saxtadır və ABŞ-ın vqüsursuz hərbi əməliyyatını" kiçiltməyə hesablanıb.
 
Proqram məhv edilməyib, yalnız ləngidilib
 
Lakin CNN və "The New York Times"ın əldə etdiyi ABŞ kəşfiyyat hesabatlarının ilkin nəticələri başqa mənzərə cızır. Müdafiə Nazirliyinin mütəxəssisləri zərbələrin İranın nüvə proqramını tam dayandırmadığını, yalnız bir neçə ay geri atdığını qeyd edir. Hesabatda deyilir ki, İranın zənginləşdirilmiş uran ehtiyatları yerində qalıb və əsas sentrifuqlar zərər görməyib.
 
Hətta bəzi məlumatlara görə, İran hücumdan öncə bu obyektlərdən strateji materialları çıxarıb. "CBS News" da bu hesabatı təsdiqləyərək bildirib ki, Fordo obyektinə endirilən zərbə yalnız giriş hissələrini dağıdıb, lakin yeraltı infrastruktur əsasən salamat qalıb.
 
Ağ Ev və Trampın komandası narazıdır
 
Ağ Evin mətbuat katibi Kerolayn Livitt bu sızmanı "tamamilə yalan və prezident Trampa qarşı yönəlmiş sabotaj cəhdi" adlandırıb. O, bu məlumatları mediaya ötürən şəxsin "aşağı səviyyəli, uğursuz bir kəşfiyyat əməkdaşı" olduğunu iddia edib və bu sızmanı "prezidentin nüfuzunu sarsıtmaq üçün planlaşdırılmış kampaniya" adlandırıb. Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff isə daha da sərt danışıb: "Bu, dövlətə xəyanətdir və dərhal araşdırılmalı, məsuliyyətlilər cəzalandırılmalıdır".
 
Ekspertlər və siyasətçilər ehtiyatlıdır
 
ABŞ Dövlət katibi Marko Rubio isə medianın məlumatlarını "saxta" adlandırsa da, zərbənin nəticələrini ehtiyatla qiymətləndirib. O, "Politico" nəşrinə açıqlamasında bildirib ki, zərbələr üç obyektin məhvini təmin etməsə də, İranın nüvə silahı istehsalına bir addım daha uzaq düşməsinə səbəb olub.
 
"The Times of Israel" yazır ki, İsrail kəşfiyyatı da eyni nəticəyə gəlib: İranın nüvə proqramı bir neçə il geriyə atılsa da, tam ləğv edilməyib. İsrail rəsmilərindən biri bildirib ki, bu hücum hər halda haqlı idi, çünki ABŞ-ın danışıqlardakı mövqeyini gücləndirib və Tehrana ciddi siqnal verib.
 
Demokrat konqresmen Bred Şerman isə BBC ilə söhbətində bildirib ki, Tramp administrasiyası qəsdən qeyri-müəyyən ifadələrlə "qələbə havası" yaradır. "Nə sentrifuqların, nə də uran ehtiyatlarının aqibəti dəqiq açıqlanmayıb. Halbuki bu ehtiyatlar doqquz nüvə başlığı üçün kifayətdir", - o, qeyd edib.
 
ABŞ hücumu və İranın cavabı
 
Rəsmi Vaşinqton iyunun 21-də axşam İranın üç əsas nüvə obyektinə zərbələr endirib. Tramp bunu "uğurlu bombardman" adlandıraraq bildirib ki, B-2 bombardmançıları ilə həyata keçirilən əməliyyatdan sonra bütün təyyarələr İran hava məkanından çıxıb.
 
İran isə hücum faktını təsdiqləsə də, zərərin miqyasını şərh etməyib. İran rəsmiləri həmin obyektlərin "bir müddət öncə" boşaldıldığını deyiblər. Ekspertlər isə bildirir ki, xüsusilə Fordo obyektinin yerin dərinliklərində yerləşməsi onu yalnız çox yüksək güclü bunker-buster bombalardan qoruyur və bu bombaları yalnız ABŞ-ın B-2 tipli bombardmançıları daşıya bilər.
 
Beləliklə, Tramp hücumun uğurunu təbliğ edir, kəşfiyyat isə nəticələrə ehtiyatla yanaşır. Əslində, ortada tam qələbə və ya uğursuzluq yoxdur, bu, informasiya müharibəsinin də bir parçasıdır. ABŞ hərbi uğur iddiasını möhkəmləndirməyə çalışdığı halda, mətbuatda sızan hesabatlar bu qalibiyyətin hələ "şərti" olduğunu göstərir. Yekun nəticə isə hələ ki, yaxın həftələrdə açıqlanacaq rəsmi hesabatlara bağlıdır.
Chosen
27
50
moderator.az

10Sources