EN

Sünnifobiyanın hökm sürdüyü rejim

İsrailin ümumi əhalisinin təxminən 20 faizini müsəlmanlar təşkil edir və bu, ölkədəki ən böyük azlıq qrupudur. Müsəlman vətəndaşlar səsvermə, seçilmə, təhsil və din azadlığı hüquqlarına tam şəkildə malikdir. İsrail parlamenti olan Knessetdə ərəb və müsəlman deputatlar illərdir təmsil olunur. 2021-ci ildə müsəlman lider Mənsur Abbasın rəhbərlik etdiyi Ra’am Partiyası koalisiya hökumətinə daxil oldu – bu, İsrail tarixində bir ilk idi. Müsəlmanlar bələdiyyələrdə, məhkəmə sistemində, səhiyyə və təhsil sahələrində yüksək vəzifələrdə xidmət edirlər.

İsrailin müxtəlif şəhərlərində, o cümlədən Tel-Əvivdə, İslam yönümlü təhsil müəssisələri fəaliyyət göstərir, onların bəzilərinin əsası hələ 1967-ci ildən qoyulub. Müsəlman gənclər dövlət universitetlərində ərəb dilində təhsil alma imkanı əldə edirlər. İsraildə şəriət məhkəmələri fəaliyyət göstərir və ailə hüququ üzrə müsəlmanlar öz dini qaydalarına əsasən qərar ala bilirlər. Məscidlər azad şəkildə fəaliyyət göstərir, azan səslənməsi tam qanunidir və dini bayramlar cəmiyyət səviyyəsində qeyd olunur.

Əlavə olaraq, ərəb dili İsraildə rəsmi olaraq “xüsusi statuslu rəsmi dildir”. Bütün rəsmi sənədlər, yol nişanları və dövlət xidmətləri həm ivrit, həm də ərəb dillərində təqdim olunur. Parlament, məhkəmə və təhsil sistemində ərəb dili ilə xidmət almaq hüquqi şəkildə qorunur.

Bütün bu faktlar göstərir ki, İsraildə dövlət səviyyəsində islamofobiya siyasəti mövcud deyil. Əksinə, qanunvericilik və demokratik institutlar azlıqların hüquqlarını təmin edir və onların dövlət həyatında iştirakını təşviq edir.

Bu vəziyyət İranla kəskin ziddiyyət təşkil edir. İran konstitusiyası yalnız şiə məzhəbindən olanların prezident, ali məhkəmə sədri və digər yüksək vəzifələrə təyin olunmasına imkan verir. Sünnilər İranda nə prezident, nə nazir, nə vali, nə də səfir ola bilərlər. İranın 12-ci və 115-ci maddələri ölkə rəhbərliyinin yalnız 12 imamçı şiələrdən olması tələbini qoyur. Tehranda sünnilərin rəsmi məscidi belə yoxdur, bir çox bölgədə sünni əhalinin çoxluq təşkil etməsinə baxmayaraq, şiə məmurlar təyin olunur.

Digər tərəfdən, bir çox müsəlman ölkəsində yəhudilərin nə siyasi partiyası, nə universiteti, nə də dövlət təmsilçiliyi mövcuddur. Əhalinin sıx təzyiqləri və dövlətin gizli və açıq diskriminasiyası nəticəsində yəhudilər ya ölkədən köçməyə məcbur edilib, ya da heç zaman vətəndaş hüquqlarına malik olmayıblar.

İsrail isə bunun tam əksinə olaraq, fərqli dinlərə mənsub vətəndaşların bərabər hüquqlu cəmiyyətini formalaşdırmağa çalışır. Bu model, regionda dini azlıqlara qarşı dözümlülüyün mümkün olduğunu göstərən nadir nümunələrdən biridir.

Chosen
7
vaxt.az

1Sources