EN

Fələstində erməni Aqabekyan nazir oldu – Azərbaycanı ittiham edənlər niyə susur?

Fələstində erməni əsilli Varsin Ohannes Vartan Aqabekyan xarici işlər və diaspor üzrə nazir təyin edilib.

Publika.az
xəbər verir ki, bu təyinat Fələstin prezidenti Mahmud Abbasın 19-cu hökumətin tərkibində dəyişikliklə bağlı imzaladığı fərmana əsasən baş tutub.

V.Aqabekyan daha öncə Fələstin İnsan Hüquqları üzrə Müstəqil Komissiyasının baş komissarı vəzifəsində çalışıb. O, xarici işlər və diaspor üzrə nazir postuna 2024-cü ildə təyin olunmuşdu. Mahmud Abbasın son fərmanı ilə hökumətin tərkibinə daxil edildi.

Bu təyinat Fələstinin daxili işi olsa da, Azərbaycan ictimaiyyəti üçün diqqətçəkən məqamdır.

1958-ci ildə İordaniyada anadan olan V.Aqabekyan ABŞ-da İndiana Universiteti və Pitsburq Universitetində magistr və doktorluq dərəcəsi əldə edib. Bir sıra kitabların müəllifidir və kitablarında separatçı “erməni hərəkatı”na dəstək verib. Azərbaycana qarşı erməni separatizminin dəstəklənməsi mövqeyindən çıxış edən Aqabekyan hazırda davam edən erməni revanşizminin tərəfdarlarındandır. Belə bir şəxsin Fələstinin xarici işlər və diaspor naziri təyin edilməsi bir neçə mənfi perspektiv vəd edir.

Birincisi, Fələstinin xarici siyasətində erməniyönümlü meyllər daha da artacaq: belə meyllər daha öncə də mövcud olub;
İkincisi, erməni diasporunun Fələstində, ümumilikdə regionda mövcudluğu güclənəcək;
Üçüncüsü, Fələstinin Azərbaycanla münasibətlərində erməni maraqları rəsmi səviyyədə önə çıxacaq;

Fələstində belə bir təyinat Türkiyənin bəzi media orqanlarında Azərbaycana qarşı əsassız iddiaları və tənqidləri yada salır. Qardaş ölkənin mediası xüsusilə son zamanlar Azərbaycan-İsrail münasibətlərinə görə rəsmi Bakını ittiham edir, “Fələstin məsələsi” əsas istinad nöqtəsi kimi istifadə olunur. Halbuki, Azərbaycan Fələstinə həm siyasi, həm humanitar müstəvidə dəstək verir, həmçinin, fələstinlilərin maraqlarına uyğun olan “ikili dövlət” prinsipini dəstəkləyir. Buna rəğmən, “Fələstin məsələsi”dən Azərbaycana qarşı ittiham kimi istifadə olunması cəhdləri zaman-zaman müşahidə olunur. Bunun qardaş ölkənin mediasında baş verməsi xüsusilə təəssüf doğurur.

Sual yaranır: Azərbaycanı ittiham edən Türkiyədəki bəzi media qurumları Fələstinin erməni əsilli Aqabekyanı nazir təyin etməsi, bununla da xarici siyasətində erməni maraqlarını rəsmiləşdirməsi qarşısında niyə susur, heç nə olmamış kimi davranır?! Həqiqətən də qərəzsiz və obyektivdirlərsə, Mahmud Abbasın Azərbaycanın, elə Türkiyənin də milli maraqlarına zidd təyinatını müzakirə etməli, qınamalıdırlar. Əks təqdirdə, “Fələstin məsələsi”nin yalnız Azərbaycana qarşı manipulyasiya mövzusu olduğu faktı bir daha təsdiqlənəcək.

Asif Nərimanlı


Chosen
13
publika.az

1Sources