EN

Qələbə nəslinin izləri: Şücaət bizim genetik kodumuzdur

“Böyük Qələbənin varisləri” kitabı MDB məkanında diasporun gücünü nümayiş etdirdi

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;

Bir müddət əvvəl Rusiyanın Maqadan şəhərində Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirin təşkilatçısı Maqadan vilayətinin azərbaycanlı nümayəndələrinin “Birlik” ictimai təşkilatı olub. Tədbirdə “Birlik” təşkilatının sədri Ramil Rəhimov, Azərbaycan diasporunun nümayəndələri, muzey əməkdaşları, jurnalistlər və Maqadan vilayətinin ictimai xadimləri iştirak ediblər. Dəvət olunmuş qonaqlar arasında vilayətin Daxili və İnformasiya Siyasəti Nazirliyinin Milli siyasət idarəsinin rəhbəri Natalya Ştumpf da olub.

 Tədbir çərçivəsində Maqadan Vilayət Tarix-Diyarşünaslıq Muzeyində azərbaycanlı jurnalist və tədqiqatçı, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadənin 1941-1945-ci illər müharibəsində azərbaycanlıların iştirakına, həmçinin diaspor mühitində tarixi yaddaşın qorunmasına həsr olunmuş “Böyük Qələbənin varisləri” adlı kitabının təqdimatı keçirilib. Maqadan vilayəti Daxili və İnformasiya Siyasəti Nazirliyi adından F.Hüseynzadəyə millətlərarası əməkdaşlığın möhkəmləndirilməsinə, tarixi yaddaşın qorunmasına və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə verdiyi töhfəyə görə təşəkkürnamə təqdim olunub. 
Nazir Y.Y.Rujanskayanın müraciətində qeyd olunub ki, bu cür təşəbbüslər millətlərarası əməkdaşlığın möhkəmləndirilməsinə müsbət təsir göstərir: "Əminik ki, Qələbənin 80 illiyi münasibətilə nəşr edilən "Böyük Qələbənin Varisləri" adlı kitab yalnız tarixi yaddaşın qorunmasına və nəsillər arasında əlaqələrin möhkəmləndirilməsinə töhfə verməyəcək, həm də uşaqların və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün bilik mənbəyi və vasitə olacaq. Siz bu əvəzsiz əməyinizlə müharibə qəhrəmanlarının böyük igidliyini yaddaşlarda saxlayır, gələcək nəsillərə cəsarət, mərdlik, qəhrəmanlıq və vətənpərvərlik estafetini ötürməyə yardım edirsiniz. Sizə fəaliyyətinizdə yeni-yeni uğurlar, tükənməz enerji və ilham arzulayırıq. Qoy təşəbbüsləriniz daim dəstək tapsın, ətrafınızdakı hər kəsə sülh və xeyir-bərəkət gətirsin". 
Maqadan vilayətinin Daxili və İnformasiya Siyasəti Nazirliyinin Milli Siyasət İdarəsinin rəhbəri Nataliya Ştumpf da bildirib ki, bu, sadəcə bir kitab deyil, nəsillər və xalqlar arasında körpüdür: "Ümumi tarixi yaddaşın qorunmasının nə qədər vacib olduğunu xatırladan bir çağırışdır. Nəşrin müəllifləri çox önəmli bir iş görüblər, bu işi tarixin qorunmasına həsr ediblər. Bu, millətlərarası əməkdaşlığın parlaq nümunəsidir və bu günlərdə bu, xüsusilə dəyərlidir. Prezident Vladimir Putin çıxışında qeyd etmişdi ki, Qələbə Günü Rusiyanın çoxmillətli xalqı üçün müqəddəs gündür. 80 il sonra biz babalarımızın qəhrəmanlığını, igidliyini və cəsarətini nəvələrimizə ötürmək üçün bu yaddaşı ehtiyatla qorumalıyıq. Gəlin birlikdə müharibə həqiqətini qoruyaq, babalarımızın və ulu babalarımızın şücaətini uca tutaq, xalqlar arasında dostluğu gücləndirək. Çünki məhz bu, bizim ümumi gələcəyimizin təminatıdır". 

Görüş zamanı kitabın bir nüsxəsi Maqadan Vilayət Tarix-Diyarşünaslıq Muzeyinin fonduna təqdim edilib. 
Moskva Dövlət Müdafiə Muzeyində də “Böyük Qələbənin varisləri” adlı kitabın təqdimat mərasimi keçirilib. Qeyd olunub ki, nəşr İkinci Dünya müharibəsində Qələbənin 80 illiyinə həsr olunub və keçmiş Sovet İttifaqı xalqlarının, xüsusilə Azərbaycanın bu Qələbəyə verdiyi töhfəni işıqlandırır. Kitab ilk növbədə beynəlxalq auditoriyaya ünvanlanıb. Kitabda Azərbaycanın Qələbəyə verdiyi töhfə, xalqın ictimai-siyasi, iqtisadi və hərbi sahələrdə iştirakı, eləcə də ata və babaları da İkinci Dünya müharibəsində döyüşmüş xaricdə yaşayan azərbaycanlıların qəhrəmanlıqları təfərrüatlı şəkildə təhlil olunub. 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpasında iştirak etmiş yeni nəslin nümayəndələrinə da xüsusi yer ayrılıb. Diqqətə çatdırılıb ki, bu kitabla Azərbaycan diaspor fəalları beynəlxalq ictimaiyyətə çatdırmaq istəyirlər ki, qəhrəmanlıq Azərbaycan xalqının milli kodunun bir hissəsidir, Azərbaycanın əsl brendi isə onun insan kapitalı və qəhrəmanlarıdır. 
Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Yusif Vəzirov müəllifi kitabın işıq üzü görməsi münasibətilə təbrik edib və bu cür əsərlərin tarixi yaddaşın qorunması və Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. 
Tədbirdə “Xəzər Biznes Təşəbbüsü” təşkilatının prezidenti Gülnarə Rəhimova-Dəniz bildirib ki, babası müharibə veteranı, nənəsi isə Leninqrad mühasirəsinin şahidi olub. Onun sözlərinə görə, bu kitab qəhrəmanlıq keçmişinin yaddaşda saxlanması və bu dəyərlərin gələcək nəsillərə ötürülməsi işinə mühüm töhfədir. Tədbirdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş, tank qoşunlarının qvardiya generalı Həzi Aslanovun adını daşıyan Regional Veteranlar Cəmiyyətinin sədri Əli Kazımov və sədr müavini İrina Silina çıxış edib. Digər çıxışçılar arasında Rusiyanın Əməkdar müəllimi Qennadi Xobotov, diaspor fəalları Məhəmməd Rəfiyev, Dilavər Nuriyeva, Moskva vilayəti azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin sədri Elşən İbrahimov, Moskvadakı “Azərbaycan” cəmiyyətinin sədri Oktay Hüseynov da olub. Təqdimat çərçivəsində şairə Afaq Şıxlı tərəfindən Birinci Dünya müharibəsi veteranlarına həsr olunmuş şeir də səsləndirilib. 
Krasnoyarsk şəhərindəki A.N.Kuznetsov adına Əmək və Həmrəylik Sarayında “Odlar Yurdu” Azərbaycan xalq mahnı və rəqs ansamblının “Azərbaycana səyahət” adlı hesabat tədbiri çərçivəsində də Fuad Hüseynzadənin “Böyük Qələbənin varisləri” adlı kitabının təqdimatı keçirilib. Müəllif Azərbaycan xalqının Qələbəyə verdiyi töhfədən, eləcə də müharibə qəhrəmanlarının xaricdə yaşayan varislərinin həyat və fəaliyyətindən bəhs edib. Bildirib ki, onların arasında Krasnoyarsk diyarında yaşayan Azər Mustafayev və Telman Tamoyev də var. Kitab təqdimatında çıxış edən Krasnoyarsk diyarı qubernatorunun İctimai əlaqələr idarəsinin nümayəndəsi Soslan Tadtayev Fuad Hüseynzadəyə qubernator administrasiyası adından təşəkkür məktubu verib. Tədbir zamanı Fuad Hüseynzadə A.N.Kuznetsov adına Əmək və Həmrəylik Sarayının 45 illik yubileyi münasibətilə baş direktor Konstantin Qonçarova təbrik məktubu təqdim edib və Azərbaycan mədəniyyətinin Rusiyada təbliği, xalqlar arasında dostluğun möhkəmləndirilməsi istiqamətində göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə "Sherg.az"a açıqlamasında deyib ki, “Böyük Qələbənin varisləri” İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80 illiyinə həsr olunub.

 Müəllif vurğulayıb ki, bu kitabda Azərbaycan xalqının qəhrəman-igid övladlarının şücaətindən bəhs edilib: "Biz burada "Qəhrəman babaların, qəhrəman nəvələri" missiyasını ortaya qoymuşuq. Bu kitab beynəlxalq auditoriya üçün nəzərdə tutulub, ona görə də rus dilində nəşr olunub. Əsasən də MDB ölkələrində yayılması nəzərdə tutulub. Məqsədimiz odur ki, İkinci Dünya müharibəsində əldə edilən Qələbənin varisləri həm də Azərbaycan xalqıdır. Göstərmək istəyirik ki, xalqımızın qəhrəmanlıq irsi əsrlərdən bəri davam edir. Qəhrəmanlıq, şücaət bizim xalqın qanında, genindədir. "Qəhrəman babaların, qəhrəman nəvələri" dedikdə onu nəzərdə tuturuq ki, 1941-1945-ci ildə döyüşən babalarımızın nəvə-nəticələri də 44 günlük Vətən müahribəsində Azərbaycan torpaqlarını işğaldan azad etdilər, ərazi bütövlüyümüzü təmin etdilər. Bu o deməkdir ki, Azərbaycan xalqının qəhrəmanlığı davam edir və tarixi yaddaşın irsi gələcək nəsillərə ötürülür".



F.Hüseynzadə əlavə edib ki, kitabda əsasən, xaricdə, xüsusən MDB ölkələrində yaşayan Azərbaycan diaspor üzvlərinin ata-babalarından, eyni zamanda onların 44 günlük müharibədə döyüşən, şəhid olan varislərindən bəhs olunur: 

"Bununla həm də xaricdə yaşayan diaspor üzvlərinin nüfuzunun artırılmasına çalışırıq. Çünki diaspor təşkilatları yaşadıqları ölkənin ictimai-siyasi həyatında önəmli rol oynayır. Belə kitablar da onlar üçün başucalığıdır. Təqdimat zamanı diaspor nümayəndələri özləri də vurğuladı ki, onların bu cür nəşrlərə böyük ehtiyacı var. Ona görə də kitab MDB ölkələrinin əsas kitabxanalarına təqdim olunub".  

Chosen
70
50
sherg.az

10Sources