EN

"Gənc şahmatçılara tövsiyəm tənbəllik etməsinlər" - Həsən Məmmədəliyev - FOTOLAR

Azərbaycanlı şahmat müəllimi Həsən Məmmədəliyev uzun illərdir Türkiyədə beynəlxalq məktəblərdə fəaliyyət göstərir. O, həm ölkəmizin şahmat ənənələrini təbliğ edir, həm də müxtəlif millətlərdən olan şagirdlərə bu qədim oyunun sirlərini öyrədir. Müsahibəmizdə Həsən müəllim həm fəaliyyətindən, həm də şahmatın inkişafı ilə bağlı düşüncələrindən bəhs edir.

H.Məmmədəliyevin 90deqiqe.Az saytına olan müsahibəsini təqdim edirik:

-Özünüz haqqında qısaca məlumat verə bilərsinizmi? Şahmata marağınız nə vaxt və necə başladı?

-Mən, Məmmədəliyev Həsən, 1989-cu ildə Mingəçevir şəhərində anadan olmuşam. Şahmatla tanışlığım 6 yaşımda başlayıb. 1996-cı ildə babam məni ilk dəfə şahmat məktəbinə aparıb. Uşaq yaşlarımdan bəri sevdiyim rənglər ağ və qaradır.

Rusiya Federasiyasının idman ustalığına namizəd, 10 ildən artıq məşqçilik təcrübəsinə malik şahmat müəllimiyəm. Rus, türk, azərbaycan və ingilis dillərində dərs deyirəm.  Rusiya, Azərbaycan və hazırda Türkiyədə yerləşən beynəlxalq məktəblərdə şahmatın tədrisi ilə məşğulam.

Məqsədim şagirdlərə şahmatın dərinliklərini aşılamaq, onların səhvləri üzərində sistemli şəkildə işləyərək mərhələli inkişafına nail olmaqdır.  Tələbələrim Respublika və Beynəlxalq yarışlarda mükafatlar qazanmış, mən isə Avropa və Dünya çempionatlarına hazırlıq toplanışlarına rəhbərlik etmişəm. Nəzəriyyə ilə yanaşı, ədəbiyyat, jurnalistika və şahmat tarixini də tədris edirəm.Şahmata olan sevgim tamam fərqlidir — bu oyun ruhumu tamamlayır, mənim üçün  başqa bir aləmdir.

Tələbəlik illərində dərs demək qabiliyyətim olduğunu hiss etdim.Universitetdə yerli komandalara tövsiyələr verir, debütlərin qurulmasında iştirak edirdim. Yüksək ixtisaslı alimlər və təcrübəli müəllimlərdən ibarət çevrəmdən çox şey öyrəndim. Sonradan əlavə ədəbiyyatlarla nəzəri biliklərimi dərinləşdirərək pedaqoji incəliklərə yiyələndim.

 Əgər şahmat müəllimi olmasaydım belə, ixtisasımdan asılı olmayaraq bu oyunu ya oynayardım, ya da izləməyə davam edərdim.

-Türkiyədə şahmat müəllimi kimi fəaliyyət göstərmək necə bir təcrübədir?

-Azərbaycan şahmatında qazandığım uğurlardan sonra iki şagirdim təhsil xətti ilə ölkə ikincisi olaraq 2015-ci ildə Konyada keçirilən Avropa çempionatına vəsiqə qazandılar. Mən də həmin yarışda məşqçi-müəllim kimi iştirak etdim və elə o vaxtdan Türkiyənin müxtəlif şəhərlərindən iş təklifləri almağa başladım. Nəticədə ailəmlə birlikdə İstanbula köçdüm.Hazırda Türkiyədə 10-dan artıq millətin təhsil aldığı beynəlxalq məktəblərdə şahmat dərsləri deyirəm. Müəllimlik təcrübəm 10 ildən çoxdur. Dərslər zamanı həm ölkəmizi təmsil edirəm, həm də Azərbaycan şahmat tarixi və tanınmış şahmatçılarımız haqqında ətraflı məlumat verirəm. Dərslərimiz bir neçə dildə həyata keçirilir.

-Onlayn kursunuzun fəaliyyəti barədə məlumat verə bilərsinizmi? Tələbələriniz hansı nailiyyətləri əldə ediblər?

Onlayn dərslər uzun zamandır mövcuddur, lakin xüsusilə 2020-ci ildən sonra geniş yayılıb. Şagirdlər üçün onlayn platformalarda şahmat oynamaq faydalıdır, amma canlı yarışlardan fərqlənir. Rəqibi fiziki hiss etmək, mimikaları izləmək, gedişi əllə etmək kimi amillər uşağın uyğunlaşması üçün vacibdir.

Peşəkar müəllim üçün dərsin canlı və ya onlayn olması fərq etmir, əsas odur ki, şagird özünə uyğun üsulu seçsin. Amma şagirdlərin canlı turnirlərdə iştirak etməsi psixoloji və praktiki baxımdan vacibdir. Ciddi və motivasiyalı uşaq üçün məsafə və format əhəmiyyət daşımır.

Onlayn dərslərimiz olduqca keyfiyyətli və məsuliyyətli şəkildə keçirilir. Canlı dərslərlə eyni səviyyədədir. Müxtəlif həmkarlarla əməkdaşlıq edirik. Müxtəlif ölkə və bölgələrdən olan şagirdlərlə internet vasitəsilə dərslər aparırıq. Son 10 ildə şagirdlərim müxtəlif səviyyəli yarışlarda — sıravi turnirlərdən beynəlxalq yarışlara qədər — yüksək nəticələr göstəriblər.

Tələbələrim müxtəlif yaş qruplarında uğurlu nəticələr əldə ediblər, beynəlxalq turnirlərdə ilk 10-luqda yer alıblar. Türkiyədə isə tələbələrimdən Uzunay Ömər Ata (Antalya), Köküm Bora Güney (İstanbul), Kozat Özgür Can (Mersin), Yaman Kuzey Soner (Muğla) və Canözü Eymen Asaf (Gümüşhane, Trabzon) yerli və beynəlxalq yarışlarda fərqləniblər. Qalibiyyətlər və nailiyyətlər çoxdur. Şəkil və əlavə məlumat da təqdim edə bilərəm.

-Azərbaycanda və Türkiyədə şahmat mühiti arasında hansı fərqləri müşahidə etmisiniz?

-Mənim fikrimcə, Azərbaycan və Türkiyə şahmatı arasında müəyyən fərqlər var. Azərbaycan şahmatı daha aqressiv, kreativ və kombinasiyalarla zəngindir. Türkiyə şahmatı isə son 10 ildə böyük inkişaf göstərsə də, daha çox mövqeli, ehtiyatlı və risksiz oyun tərzinə üstünlük verir. Hər iki ölkədə istisnalar mövcuddur. Təəssüf ki, nəticə baxımından son illər Azərbaycan şahmatı bir qədər geriləyib və bunu asanlıqla müşahidə etmək mümkündür.

Azərbaycanda da şahmat klubları və liqaların yaradılması, bu klublar arasında mütəmadi yarışların təşkili və uşaq liqasının formalaşdırılması şahmatın inkişafına böyük töhfə verə bilər. Eyni zamanda görmə, eşitmə məhdudiyyətli və autizm sindromlu uşaqlar üçün də Türkiyədəki kimi xüsusi proqramlar və dəstək mexanizmlərinin tətbiqi vacibdir.

-Gələcəkdə yenidən Azərbaycana qayıtmaq barədə düşünürsünüzmü?

-Azərbaycana qayıtmaq hər zaman mümkündür. Lakin müxtəlif vaxtlarda aldığım məlumata əsasən, bəzi bölgələrdə, (məsələn Mingəçevirdə dövlət məktəblərində) vakansiya yoxdur. Rəhbərlik dəyişdikcə, bəzən ixtisaslı mütəxəssislər deyil, başqa sahədən olan və pedaqoji təhsili olmayan şəxslərə — xüsusilə qadınlara — üstünlük verilir. Qərəzli yanaşmalar da ola bilər. Xaricdə yaşayan biri üçün bu, ciddi çətinlik yaradır.

-Son olaraq gənc şahmatçılara tövsiyələriniz nələr olardı?

-Gənc şahmatçılara tövsiyəm budur: tənbəllik etməsinlər, ixtisaslı məşqçi-müəllimlərlə həftəlik cədvəl quraraq mütəmadi məşq etsinlər. Həm canlı, həm də onlayn oyunlar oynayıb, partiyalarını təhlil etsinlər. Səhvləri üzərində işləsinlər. 

Şahmat ciddi zəhmət tələb edən oyundur, uğur üçün davamlı məşq vacibdir.

Etüdlərlə işləmək, klassik və müasir partiyaları analiz etmək, debütləri öyrənmək və yarış təcrübəsindən nəticə çıxarmaq gənc şahmatçının inkişafı üçün əsasdır. Kompüterlə təhlil və təcrübəli məşqçilərlə canlı məşğələlər bu prosesi daha da sürətləndirir.

Valideynlərə isə səbirli olmağı, müəllimləri tez-tez dəyişməməyi, uşağın yuxu, qidalanma və tapşırıqlarına diqqət göstərməyi tövsiyə edirəm. Uğur komanda işidir.

Fəxriyyə Adil

Chosen
11
90deqiqe.az

1Sources