EN

"İran-İsrail müharibəsi bitdi, barış olacaqmı?" - İsrail mətbuatı

"Nüvə proqramı, qarşılıqlı etimadsızlıq və bölgədəki qeyri-sabitlik real barışın hələ uzaqda olduğunu göstərir..."
 
12 gün davam edən İran-İsrail müharibəsi başa çatdı. ABŞ prezidenti Donald Tramp Amerikanın strateji bombardmançılarının İrandakı nüvə obyektlərinə endirdiyi sarsıdıcı zərbələrdən dərhal sonra hər iki tərəfi "tam və qəti" atəşkəsə razı saldıqlarını elan etdi.
 
Moderator.az xəbər verir ki, bu barədə "detaly.co" nəşrində dərc edilən müəllif məqaləsində deyilir.
 
Müharibə başa çatdı, amma suallar qalır
 
Trampın sözlərinə görə, İsrail və İran "cəsarət, dözüm və zəka" nümayiş etdirərək münaqişəni dayandırmağı bacardılar. Amma reallıq bu qədər sadə deyil. Atəşkəs elan edildikdən sonra İran tərəfindən atılan raket nəticəsində Bəər-Şevada dörd nəfərin həyatını itirməsi və İsrailin bu hücuma cavab verəcəyini bildirməsi, sülhün nə qədər zəif və şərti olduğunu göstərib.
 
Müdafiə naziri İsrael Katc bəyan edib ki, Tel-Əviv lazım gələrsə, döyüşləri davam etdirəcək. Trampın məqsədi aydındır - ABŞ-ı yeni, uzunmüddətli bir Yaxın Şərq bataqlığından uzaq tutmaq. Amma "tam atəşkəs" açıqlamaları davam edən hücumlar fonunda qeyri-real görünür.
 
Nüvə problemi hələ də masa üzərindədir
 
Bu münaqişədə ən həssas məqam İrandakı nüvə proqramıdır. ABŞ hücumları ilə bir neçə obyekt məhv edilsə də, ekspertlər Tehran rejiminin əlində hələ də gizli saxlanılan yüksək zənginləşdirilmiş uran ehtiyatlarının olduğunu düşünür. İran isə öz mövqeyində israrlıdır: uranın zənginləşdirilməsi onun "sülhməramlı hüququdur".
 
Əgər İsrail rejimi nüvə fəaliyyətlərinin bərpasına dair əlamətlər sezərsə, yeni hərbi əməliyyatların başlayacağı ehtimalı yüksəkdir. Bu dəfə ABŞ-ın iştirakı olmadan da. İsrail həm də İranın bölgədəki proksi qüvvələrini və raket potensialını məhdudlaşdırmaq istəyir.
 
Qələbə, yoxsa təbliğat?
 
24 iyun tarixində İranın Ali Milli Təhlükəsizlik Şurası "İsrailə qarşı qələbə" əldə etdiklərini açıqlayıb və atəşkəsi qüvvəyə mindirib. Onların fikrincə, bu nəticə "İsrailin məğlubiyyətini etiraf etməsinə" səbəb olub. Amma eyni bəyanatda düşmənə etibar etmədikləri və "barmağın tətiyə yaxın" saxlanacağı da qeyd olunur.
 
İsrail tərəfi isə tam əks mövqe sərgiləyib: Rəsmi açıqlamada "Xalq şir kimidir" əməliyyatı ilə bütün hədəflərə çatıldıqları və hətta daha çox nailiyyət əldə olunduğu bildirilib. İsrail özünü dünya gücləri sırasına daxil etdiyini vurğulayıb. Hər iki tərəf öz versiyasını "qələbə" kimi təqdim edir. Bu isə daha çox daxili auditoriyaya hesablanmış informasiya müharibəsini xatırladır.
 
Diplomatik səhnədə qaranlıq
 
Bütün bu proseslər fonunda ABŞ-İran arasında diplomatik dialoqun gələcəyi də sual altındadır. Tramp bəyan etsə də ki, nüvə danışıqlarını bərpa etmək mümkündür, Tehran hələ ki sülhə açıq görünmür. Sanksiyaların və hərbi hücumların İranı daha çevik edəcəyi gözlənilsə də, rejim qəti şəkildə geri addım atmır.
 
Əsas məsələ: Tehran rejiminin taleyi
 
İsrail və ABŞ-da bir çoxları bölgədə real sabitliyin yalnız Ayətullah rejiminin devrilməsi ilə mümkün ola biləcəyini düşünür. Baş nazir Netanyahunun iranlılara "rejimə qarşı qalxın" çağırışları səsləndirməsi də bunu təsdiqləyir. Hələlik İran cəmiyyətindən ciddi reaksiya gəlməsə də, hərbi əməliyyatlar dayandıqdan sonra əhalinin rejimə qarşı mövqeyi sərtləşə bilər.
 
Bu, sülh deyil, fasilədir
 
Tramp və administrasiyası bu atəşkəsi diplomatik uğur kimi təqdim etsə də, əslində bölgədə sabitlik hələ təmin olunmayıb. Nüvə proqramı, qarşılıqlı hücumlar və dərin güvənsizlik davam etdiyi müddətdə bu atəşkəs yalnız qısa fasilə kimi qalacaq. İranda rejim dəyişməyincə və ya nüvə proqramı üzərində beynəlxalq nəzarət bərqərar olmayınca, Yaxın Şərqdə "sülh" hələ uzun illər sadəcə bir ideal arzu olaraq qalacaq.
 
Müəllif: Aleksandra Appelberq
Chosen
44
50
moderator.az

10Sources