EN

Vladimir Putin çoxfunksiyalı məlumat mübadiləsi xidmətinin yaradılması haqqında qanun imzalayıb

Bakı, 24 iyun, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin milli messencer funksiyaları da daxil olmaqla, çoxfunksiyalı məlumat mübadiləsi xidmətinin yaradılması haqqında qanun imzalayıb.

AZƏRTAC Rusiya mətbuatına istinadla xəbər verir ki, sənəddə mesencerin imkanlarını dövlət xidmətlərinin funksiyaları ilə birləşdirəcək yeni xidmətin istifadəyə verilməsi haqqında deyilir. Platforma “Dövlət xidmətlərii” və Vahid Eyniləşdirmə və Autentifikasiya Sistemi ilə inteqrasiya olunacaq ki, bu da vətəndaşlara pasport, tələbə vəsiqəsi və digər sənədləri rahat formatda əldə etmək imkanı verəcək.

Platformada şəxsiyyəti təsdiq etmək imkanı verən sənədlər əlçatan olacaq. Qanunda, həmçinin göstərilir ki, bu halda vətəndaşdan şəxsiyyəti təsdiqləmək üçün əlavə kağız sənədlərin təqdim edilməsinin tələb edilməsi qadağan ediləcək. Bundan əlavə, qanun gücləndirilmiş elektron imzadan istifadə etməklə sənədləri imzalamaq üçün mesencerdən istifadə imkanını nəzərdə tutur.

2025-ci il sentyabrın 1-dən tətbiq olunacaq bəzi maddələr istisna olmaqla, qanunun rəsmi qüvvəyə mindiyi an onun dərc edildiyi gündür.

Qeyd edək ki, yeni rusiyalı MAX mesenceri VK şirkəti tərəfindən yaradılmış ən son rəqəmsal platformadır. Ənənəvi mesencerdən fərqli olaraq, bu proqram Çinin “WeChat”ın rusiyalı analoquna çevrilmək məqsədi ilə mesajlaşma funksiyalarını gündəlik vəzifələrin həlli üçün müxtəlif xidmətlərlə inteqrasiyaya yönəlib.

Chosen
10
azertag.az

1Sources