EN

Türkiyə ilə əmək və məşğulluq sahəsində təcrübə mübadiləsi aparılır

Bakı, 24 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN), nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin nümayəndələrindən ibarət heyət Türkiyənin Ankara şəhərində rəsmi səfərdədir.

Səfər ƏƏSMN ilə Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi arasında imzalanmış 2024-2025-ci illər üzrə Tədbirlər Planının icrası çərçivəsində təşkil edilib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Lutfihak Alpkan ilə görüşü olub. Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi, əmək, məşğulluq və sosial müdafiə sahələrində də geniş əməkdaşlıq gündəliyinin mövcudluğu vurğulanıb.

DMA-nın İdarə Heyətinin sədri Sadiq Əliyev ölkəmizdə icra edilən məşğulluq proqramları, əmək və məşğulluq sahəsində son illər yaradılan rəqəmsal xidmətlər barədə məlumat verib. Görüşdə həmin sahədə ardıcıl təcrübə mübadilələrinin əhəmiyyəti diqqətə çatdırılıb.

Nazirliyin nümayəndələrinin Türkiyə İş Qurumu Baş İdarəsinin (İŞKUR) sədri Samet Güneş və qurumun adiyyəti strukur bölmə rəhbərləri ilə də görüşləri keçirilib. Peşə hazırlığı prosesinin effektiv təşkil olunması, məşğulluq xidmətlərinin icrasında rəqəmsal həllərin tətbiqi istiqamətində müzakirələr aparılıb.

İŞKUR-un Sincan Xidmət Mərkəzinə səfər edən nümayəndə heyəti mərkəzin fəaliyyəti ilə tanış olub.

İyunun 27-dək davam edəcək səfər çərçivəsində nazirliyin nümayəndələri Türkiyənin Peşə Kvalifikasiyaları Qurumu və MYK Səlahiyyətli Sertifikatlaşdırma Qurumunda da olacaq, təcrübə mübadiləsi aparacaqlar.

 

Chosen
12
3
azertag.az

4Sources