EN

Milli Məclis büdcə qaydasının dəyişdirilməsini I oxunuşda qəbul edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Büdcə sistemi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi I oxunuşda təsdiq edilib.

Sənəd Azərbaycanda büdcə qaydasının dəyişdirilməsini nəzərdə tutur.

Qanun layihəsi sözügedən qanunun tətbiqi təcrübəsi, həmçinin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihələrinə dair Hesablama Palatasının rəyləri nəzərə alınmaqla, büdcə qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Belə ki, dövlət büdcəsinin icrası haqqında qanun layihələrinə dair Hesablama Palatasının rəylərində ölkə Prezidentinin 3 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası"na əsasən, il ərzində qalıq vəsaitdən birbaşa büdcədənkənar gəlirlərə istifadə olunmasının büdcə qanunvericiliyində təsbit olunan vahid xəzinə hesabının sərbəst qalığının istifadə istiqamətlərinə uyğun gəlmədiyi və icra prosesində, xüsusilə uçotun aparılmasında və hesabatlılıqda bəzi qeyri-müəyyənliklərə səbəb olduğu qeyd olunub.

Eyni zamanda "Büdcə sistemi haqqında" Qanunun (bundan sonra - Qanun) 5-ci maddəsinin tələblərinə əsasən məqsədli büdcə fondlarının ilin sonuna istifadə edilməmiş vəsaitlərinin onların növbəti ilin gəlirlərinə aid edilməsi eyni gəlirin iki dəfə uçota alınmasına gətirib çıxarır. Qanunun 10.1.3-cü maddəsində dövlət büdcəsinin dövlət borcuna xidmətlə bağlı xərclərin tərkibinə layihələrdə pay iştirakı ilə bağlı xərclər daxil edilib. Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə hər il üzrə təsdiq olunan dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsündə bir sıra layihələrdə Azərbaycan Respublikasının pay iştirakı ilə bağlı xərclər nəzərdə tutulur. Bu xərclər dövlət əsaslı vəsait qoyuluşu xərclərinin tərkib hissəsi kimi dövlət büdcəsinin əsaslı xərclərində nəzərdə tutulur ki, bu da Qanunun 10.1.3-cü maddəsi ilə ziddiyyət təşkil edir.

Bununla yanaşı, dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli büdcə və ehtiyat fondlarından, habelə dövlət büdcəsinin digər ehtiyatlarından büdcə ili ərzində funksional, iqtisadi və inzibati təsnifata uyğun olaraq yönəldilən vəsaitlərin uçotu həmin fondların və ehtiyatların nəzərdə tutulduğu funksional, iqtisadi və inzibati təsnifata uyğun olaraq aparılır, yəni həmin vəsaitlər ayrıldığı təşkilatların büdcəsində göstərilmir. Bu da nəticədə dövlət büdcəsinin müxtəlif mənbələrindən həmin təşkilatlara cəmi ayrılmış vəsaitlər barədə məlumatı əldə etməkdə çətinlik yaradır.

Qanunun 20.6-cı maddəsinə müvafiq olaraq dövlət büdcəsinin icrası barədə qanunda funksional və inzibati təsnifata uyğun olaraq bölmə və köməkçi bölmə səviyyəsində xərclərin icrasının məbləği öz əksini tapmalıdır. Lakin ölkə Konstitusiyasının 93-cü maddəsinin 4-cü hissəsinə əsasən qanunlarda və Milli Məclisin qərarlarında icra hakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz. Ona görə də dövlət büdcəsinin icrası barədə qanunda inzibati təsnifat üzrə dövlət büdcəsinin xərcləri çıxarılmalıdır. Bir qayda olaraq dövlət büdcəsi xərclərinin inzibati təsnifata uyğun olaraq (yəni konkret təşkilat və tədbirlər üzrə) icra göstəriciləri qanun imzalandıqdan sonra ölkə Prezidentinin həmin qanunun tətbiqi ilə bağlı müvafiq Fərmanı ilə təsdiq olunur.

Sənəddə diqqətə çatdırılıb ki, mövcud qaydaya əsasən, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisi üzrə yuxarı hədd həm növbəti il və sonrakı üç il üçün ölkə Prezidentinin Fərmanı ilə müəyyən edilir. Lakin ötən dövr ərzində ölkə rəhbərliyi tərəfindən müəyyən edilən bir sıra prioritet vəzifələrin icrası (ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi, Böyük Qayıdışa dair I Dövlət Proqramı və sosial-iqtisadi inkişaf Strategiyası üzrə tədbirlər) büdcə xərclərinin artırılmasını şərtləndirib, cari və növbəti illər üzrə təsdiq olunmuş yuxarı hədlərin aşılması təhlükəsi yaranıb. Qeyd olunan məqamlar büdcə qaydasının təkmilləşdirilməsini zəruri edir.

Qüvvədə olan qanunvericilikdə yalnız vahid xəzinə hesabının sərbəst qalığının idarə edilməsi imkanı mövcuddur və vahid xəzinə hesabının qalığında mövcud olan vəsaitin idarə edilməsi məhdudlaşdırılır. Məlum olduğu kimi, dövlət büdcəsinin xərclərinin icrasının faktiki göstəriciləri onu deməyə əsas verir ki, dövlət büdcəsinin aylar üzrə xərcləri hər zaman bərabər olmur və bunun nəticəsində bəzi aylar ərzində vahid xəzinə hesabında kifayət qədər vəsait artıqlığı yaranır ki, hansı ki qısa müddət ərzində həmin vəsaitin idarə olunması nəticəsində dövlət büdcəsinə əlavə gəliri qazandırmaq mümkündür.

Chosen
50
50
aznews.az

10Sources