EN

Azərbaycan iqtisadiyyatını daşıyan relslər

Dəmir yolu nəqliyyatı hər bir ölkənin iqtisadi inkişafında mühüm rol oynayır.

Bu nəqliyyat növü yalnız sərnişin və yük daşımaları üçün deyil, eyni zamanda regionlararası əlaqələrin gücləndirilməsi, ticarətin genişləndirilməsi, sənayenin və kənd təsərrüfatının inkişafı baxımından da strateji əhəmiyyət daşıyır. Yəni, dəmir yolu təkcə nəqliyyat vasitəsi deyil, həm də iqtisadi inkişafın mühərriklərindən biri, ölkəyə valyuta gətirən strateji alətdir. İdxal-ixrac əməliyyatları, tranzit daşımaları və logistik xidmətlərin dəmir yolu ilə həyata keçirilməsi ölkəyə davamlı valyuta axınını təmin edir. Bu isə həm milli valyutanın məzənnəsinin möhkəmlənməsinə, həm də ölkənin iqtisadi təhlükəsizliyinə töhfə verir.

Azərbaycan bu sahədə əlverişli coğrafi mövqeyi ilə seçilir. Ölkəmiz nəqliyyat mərkəzlərinin qovşağında yerləşməklə Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirir. Bu coğrafi üstünlük ölkəmizi qlobal yükdaşımalarında əsas halqalardan birinə çevirir. Regionda sabit siyasi mühitin mövcudluğu, infrastruktur layihələrinə dövlətin davamlı dəstəyi və beynəlxalq əməkdaşlıq platformalarında fəal iştirak Azərbaycanın etibarlı tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirən əsas amillər sırasındadır. Bu gün "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkənin tranzit imkanlarının genişləndirilməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və logistika sahəsində rəqabət qabiliyyətinin artırılması istiqamətində strateji rol oynayır, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər beynəlxalq layihələr çərçivəsində ölkəyə valyuta gətirir.

Orta Dəhliz Çin-Qazaxıstan sərhədindən başlayaraq Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən keçərək Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanır. Onun əsasını 2014-cü ildə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Tükiyə qoyub. Bu dəhliz yaradılarkən ona maraq çox aşağı, yükdaşımaların həcmi az idi. Bununla belə, Azərbaycan öz infrastrukturunu yeniləyir, yeni növ yüklərin cəlb etməyə çalışırdı. Beləliklə, hələ yükdaşımlarda yaşanacaq bum uzaqda göründüyü bir vaxtda Azərbaycanda nəqliyyat, o cümlədən nəqliyyatın onurğa sütunu olan dəmir yolları inkişaf edirdi.

Beləliklə tarixi məqam yetişdi, 2022-ci ildə regionda baş verən geosiyasi dəyişikliklər fonunda Orta Dəhliziə maraq artmaqdadır. Şimal dəhlizinə alternativ olan Orta Dəhliz vasitəsilə Çin ilə Avropa arasında yüklər 12 günə, təqribən 7 min km məsafə qət etməklə daşınır. Halbuki bu müddət və məsafə digər marşrutlarla daha çoxdur. Bir sıra beynəlxalq şirkətlər daha rahat və təhlükəsiz bir dəhliz olaraq Orta Dəhlizə yönəliblər. Bunun nəticəsində 2021-ci ildə Orta Dəhlizlə 586 min ton yük daşınmışdısa, 2024-cü ildə bu rəqəm 7,6 dəfə artaraq 4,5 milyon tona çatıb. Bu il bu rəqəmin 5,2 milyon ton olacağı, 2030-cu ilə qədər isə 10 milyon tona çatacağı gözlənilir. Dünya Bankının qiymətləndirmələrinə görə isə bu rəqəm 11 milyon ton ola bilər.

2024-cü ildə Orta Dəhlizlə 390 blok-qatar hərəkət edib. 2023-cü ildə bu rəqəm cəmi 10-12 blok-qatar idi. Bu isə təxminən 30 dəfədən çox artım deməkdir.

Hazırda Çin və Avropa ölkələri arasında illik ticarət dövriyyəsi 600 milyard ABŞ dollarını keçir və Azərbaycan bu ticarətdən pay almağa başlayıb.

Belə ki, son 5 ildə ADY yükdaşımanın həcmini əhəmiyyətli dərəcədə artırıb. 2020-ci ildə şirkət 14 milyon 631 min ton yük daşıyıbsa, 2024-cü ildə bu rəqəmi 18 milyon 565 min tona çatdırıb. Artan tendensiya beynəlxalq və tranzit yükdaşımalarda daha çox özünü göstərir.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiya ilə Avropanı birləşdirən magistral arteriyadır

Azərbaycanın siyasi iradəsi ilə 2017-ci ildə təntənəli şəkildə açılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti Asiya ilə Avropanı birləşdirən magistral arteriyadır. Uzunluğu təxminən 850 kilometr olan BTQ-nin 500 kilometrdən çoxu Azərbaycan ərazisindən keçir. Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı marşrut olan BTQ-nin fəaliyyəti, Şərq–Qərb Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycanın logistik potensialının əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

Bu gün BTQ dəmir yolu artıq Avrasiyanın nəqliyyat xəritəsinin ayrılmaz tərkib hissəsinə çevrilib. BTQ regionda iqtisadi əməkdaşlığı gücləndirməklə yanaşı, həm də sabitliyin və təhlükəsizliyin qorunmasına xidmət edən strateji infrastruktur layihəsidir. 2024-cü ildə BTQ-nin Gürcüstan hissəsində modernləşdirmə tamamlanıb və illik yükaşırma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılıb. Hazırda isə bir sıra beynəlxalq şirkətlər BTQ-ni seçir və bu dəhlizdə yükdaşıma ilbəil artır.

Orta Dəhlizin gələcəyi

Çin–Qırğızıstan–Özbəkistan (ÇQÖ) dəmir yolu Orta Asiyanı Çinə birləşdirən və gələcəkdə bu regionu daha geniş beynəlxalq nəqliyyat şəbəkələrinə çıxaran mühüm layihədir. Bu dəmir yolu xətti üç ölkə-Çin, Qırğızıstan və Özbəkistan arasında yeni nəqliyyat bağlantısı yaradır və regionun iqtisadi inkişafına böyük töhfə verməyi hədəfləyir. Çin üçün bu layihə Orta Asiya ölkələrinə daha qısa və səmərəli yol yaratmaq baxımından əhəmiyyətlidir. Eyni zamanda, Çin bu dəmir yolunu “Bir kəmər, bir yol” təşəbbüsünün mühüm hissəsi kimi görür. Bu layihə sayəsində Çin öz məhsullarını daha tez və ucuz şəkildə Orta Asiya, daha sonra Avropa bazarlarına çatdıra biləcək.

Azərbaycan Hindistanla Rusiyanı birləşdirir

ADY Şimal-Cənub dəhlizi çərçivəsində Hindistan, İran və Rusiya arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə, Avrasiya məkanında yeni bir logistika körpüsünün formalaşmasına şərait yaradır. Bu multimodal dəhliz nəqliyyat xərclərini və çatdırılma vaxtını azaldaraq ənənəvi marşrutlara alternativ yaradır. Azərbaycan bu dəhlizdə əsas tranzit ölkə kimi çıxış edir. Ölkə ərazisindən keçən müasir dəmir yolu infrastrukturu yüklərin fasiləsiz və təhlükəsiz daşınmasını təmin edir. Bu dəhlizin Azərbaycan seqmentində Astara sərhədindəki dəmiryol körpüsü və terminal infrastrukturu tamamlanıb.

Dəhlizin mühüm hissəsi olan Astara Terminalında tikinti işləri sürətlə davam edir və 2025-ci ildə tamamlanması planlaşdırılır. Layihə başa çatdıqdan sonra terminalın illik yükaşırma gücü 4 milyon tona çatacaq.

Astara Terminalı, İranla dəmir yolu əlaqələrinin güclənməsi və Azərbaycan üzərindən keçən yük axınının artması baxımından strateji əhəmiyyət daşıyır və regionun nəqliyyat infrastrukturuna mühüm töhfə verəcək.

Konteyner daşımalarında səmərəlilik artır

Bir neçə il öncə logistika sahəsində müəyyən çətinliklər mövcud idi. Azərbaycandan ixrac olunan konteynerlər yüklə dolu şəkildə yola düşsə də, geri dönüşdə-ölkəyə qayıdarkən – çox vaxt boş gəlirdi. Bu isə həm iqtisadi baxımdan səmərəsizlik yaradır, həm də daşınma xərclərinin artmasına səbəb olurdu. Lakin son illərdə bu sahədə ciddi irəliləyişlər müşahidə olunur. Ticarət əlaqələrinin genişlənməsi, Çin və Orta Asiya ölkələri ilə əməkdaşlığın dərinləşməsi, eləcə də Avropa ilə yeni yük marşrutlarının açılması konteynerlərin geri dönüşünü daha səmərəli hala gətirir. Hazırda Şərqdən Qərbə doğru yüklərin hərəkəti davamlıdır. Qərbdən Şərqə yüklərin artırılması üçün isə məqsədyönlü işlər görülür. Bu balansın təmin olunması, Azərbaycanın tranzit potensialının daha da gücləndirilməsinə mühüm töhfə verir.

Bir sözlə, Azərbaycanın dəmir yolları yalnız onunla hərəkət edən qatarları deyil, ölkənin iqtisadi müstəqilliyini, regional gücünü, strateji tərəfdaşlıqlarını daşıyır. Davamlı modernləşmə, beynəlxalq əməkdaşlıqlar və logistika siyasətindəki uzaqgörənlik Azərbaycanın yaxın illərdə Avrasiya ticarətinin əsas tranzit və logistik qovşaqlarından biri olacağına dair güclü siqnallar verir.

Chosen
9
report.az

1Sources