EN

“8 Noyabr” Elektrik Stansiyası ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayacaq -RƏY

Bu stansiya (“8 Noyabr” elektrik stansiyası – red.) bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi statusunu daha da gücləndirəcək.
Bu sözləri Prezident İlham Əliyev Mingəçevirdəki “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında deyib.
Hazırda Mingəçevirdə elektrik enerjimizin 40 faizdən çoxunun istehsal olunduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib ki, görülmüş bütün bu işlər bir daha Azərbaycanın doğru yolda olduğunu göstərir.

Neft sahəsi üzrə tanınmış ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “Sherg.az”a bildirib ki, bu elektrik stansiyası müstəqillik dövründə Azərbaycanda inşa edilmiş ən yüksək gücə malik enerji obyektidir:

“O, həm alternativ enerji mənbələri, həm hidroenerji potensialı, həm də istilik elektrik stansiyaları arasında güc baxımından ölkədə birinci yerdədir. Texnoloji baxımdan bu stansiya Azərbaycanda indiyədək mövcud olmayan innovativ texnologiyalar əsasında qurulub və bir kilovat-saat elektrik enerjisinin istehsalı üçün daha az şərti yanacaq sərf edir. Bu amil isə təqribən 1 milyard kubmetr qazın qənaətinə şərait yaradır ki, həmin resurs daxili tələbatın ödənilməsində və ya ixrac vasitəsilə stansiyanın maya dəyərinin daha qısa müddətdə kompensasiya olunmasında istifadə edilə bilər. Qeyd olunan stansiya İtaliyanın “Ansaldo Energia” şirkəti tərəfindən inşa edilmiş və 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın enerji sektorunda reallaşdırılan ən irimiqyaslı layihə olub. Həmin dövrdə Azərbaycan və İtaliya arasında işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi infrastrukturunun yenidən qurulmasına dair saziş imzalanmış və bu razılaşma çərçivəsində Mingəçevirdə yeni elektrik stansiyasının təməli qoyulmasına qərar verilib. “8 Noyabr” Elektrik Stansiyası ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında və artmaqda olan elektrik enerjisi ixrac potensialının genişləndirilməsində mühüm rol oynayacaq”.
Chosen
20
50
sherg.az

10Sources