EN

Yunanıstanda və Kiprdə iki Azərbaycan əsilli şəxs saxlanılıb - "casusluğa" görə

Yunanıstan hüquq-mühafizə orqanları iyunun 22-də Azərbaycandan olan bir kişini casusluq ittihamı ilə saxlayıb, Yunanıstan mediası yazır.

Onun Krit adasında, Souda limanındakı hərbi bazanın, limana girib-çıxan hərbi gəmilərin şəkillərini çəkdiyi bildirilir.

Kişinin adaya iyunun 18-də gəldiyi və öz otağından Souda limanının 5000-dən çox fotosunu çəkdiyi iddia olunur.

Həbs edildikdən sonra şəxsin otağına baxış keçirilərkən yaddaş kartı, mobil telefon və fotoaparat aşkar edilib, Protothema nəşri yazır.

Saxlanılmış 26 yaşlı kişinin şəxsin iyunun 23-də casusluq ittihamı ilə məhkəmə qarşısına çıxacağı bildirilib.

Onun türk və rus dillərini bildiyi, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etmədiyi və vəkil istədiyi açıqlanıb,

Azərbaycan Xarici İşlər Nazirliyi saxlanılan şəxslərlə bağlı BBC-yə şərh verməyib.

Bu, son günlərdə casusluq ittihamıyla saxlandığı xəbəri yayılan ikinci Azərbaycan əsilli şəxsdir.

Kipr mediası iyunun 21-də xəbər yayıb ki, Kiprdə, Britaniya (RAF) bazasının yaxınlığında şübhəli iranlı casus saxlanılıb. Xəbərdə bu şəxsin Azərbaycan əsilli və İranın İnqilab Keşikçiləri Qüvvələri (SEPAH) ilə əlaqədə olması bildirilib.

Kipr mediasında onun aprel ayında Britaniyalı turist kimi adaya gəldiyi yazılıb.

Xarici kəşfiyyat məlumatlarında şəxsin "terror aktı planlaşdırdığı" iddia olunub, Yunanıstan mediası yazıb.

Britaniya hökuməti iyunun 21-də saxlanılan şəxsin Britaniya vətəndaşı olduğunu açıqlayıb. Həmin gün Britaniyanın xarici işlər nazirliyi BBC-yə bildirib ki, "Bir britaniyalı kişinin həbsiylə əlaqədar Kipr rəsmiləri ilə əlaqədəyik".

Şəxs şənbə günü səhər məhkəməyə çıxarılıb və barəsində başladılan təhqiqatların gedişatı ilə əlaqədar 8 günlük həbs edilib.

İsrailin xarici işlər naziri Gideon Saar-ın şənbə günü gecəsi bildirib ki, SEPAH Kiprdə İsrail vətəndaşlarına qarşı "terror aktı törətməyə" çalışıb.

Hücumun qarşısının İsrailin və Kiprin təhlükəsizlik orqanları ilə birgə fəaliyyətiylə alındığı bildirilir.

Kiprdəki RAF - Kral Hava Qüvvələri Akrotiri Britaniyanın regionda ən əhəmiyyətli bazalarından biridir. Burada sürətli reaktiv təyyarələr, kəşfiyyat, nəqliyyat və yanacaq dolduran təyyarələr yerləşdirilib. Əvvəllər bu bazadan İsrail səmasını İranın hücumundan qorumaq üçün istifadə edilib.

Saxlanılmış şəxslərin bir-birinə bağlı olub-olmadığı araşdırılır.

Chosen
10
bbc.com

1Sources