EN

BŞTİ illik hesabat yayıb

2024-2025-ci tədris ilində başlıca hədəf kimi qarşıya qoyulmuş yeni dövrün çağırışlarına uyğun təhsil mühitinin formalaşmasına nail olmaq üçün məqsədyönlü fəaliyyət həyata keçirilib.
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda təhsil sisteminin inkişafını şərtləndirən mühüm istiqamətlər üzrə hədəflərə çatmaq yönündə ciddi addımlar atılıb. Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsilin əhatəliliyi, bərabər imkanlar, rəqəmsal səriştələrin artırılması, məktəb-icma münasibətlərinin genişləndirilməsi və digər istiqamətlər 2024-2025-ci tədris ilinin əsas keyfiyyət göstəriciləridir.


 AzEdu.az BŞTİ-nin yaydığı hesabatı təqdim edir:


Ümumi statistika 
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 696 təhsil müəssisəsi fəaliyyət göstərir.
BŞTİ-nin tabeliyindəki məktəblərdə 513 923 şagirdin təlim-tərbiyəsi ilə 30 169 müəllim məşğul olub.  
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərini 38 206, IX siniflərini 46 406, XI siniflərini 33 517, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 138 nəfər bitirib.
 
Məktəbəqədər təhsilin əhatə dairəsi genişlənir
2024-2025-ci tədris ilində BŞTİ-nin tabeliyindəki 342 məktəbəqədər təhsil müəssisəsinə 36 280 uşaq cəlb olunub.
Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə müvafiq işlər görülüb.
Belə ki, www.bq.edu.az elektron sisteminə daxil olan vətəndaş müraciətləri, həmçinin növbə sayı çox olan məktəbəqədər təhsil müəssisələrində yeni qrupların fəaliyyətə başlaması üçün mövcud şərait təhlil olunub. Nəticədə paytaxtdakı Ümumilikdə 12 məktəbəqədər təhsil müəssisəsində 17 yeni qrup açılıb.
Həmçinin tədris ilində paytaxt üzrə yeni tikilmiş və əsaslı təmir olunmuş 7 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Belə ki, 5 məktəbəqədər təhsil müəssisəsi (99, 116, 257, 286 və Alim Məmmədov adına körpələr evi-uşaq bağçası) əsaslı təmirdən sonra istifadəyə verilib. Həmçinin 2 yeni məktəbəqədər təhsil müəssisəsi (348 və 349) fəaliyyətə başlayıb. Eyni zamanda 1 uşaq bağçasında (101) təmir-bərpa işləri yekunlaşıb.
 
23 000-ə yaxın uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub
BŞTİ-nin tabeliyindəki 287 ümumi təhsil müəssisəsində 1048 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Məktəbəhazırlıq qruplarına 22 781 uşaq cəlb olunub.
 
43 mindən çox şagirdin elektron sistem vasitəsilə yerdəyişməsi aparılıb
Tədris ili ərzində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 43 777 şagirdin elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə yerdəyişməsi aparılıb.
Elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.
 
72 paytaxt məktəblisi olimpiadada qalib olub
Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən 72 paytaxt məktəblisi qalib olub.  
Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 13 nəfər qızıl, 23 nəfər gümüş, 36 nəfər bürünc medal qazanıb. 
 
Məntiq Olimpiadasında 12 paytaxt məktəblisi fərqlənib
Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən keçirilən Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının final mərhələsində 12 paytaxt məktəblisi qalib olub. Onlardan 5 nəfər qızıl, 3 nəfər gümüş, 4 nəfər isə bürünc medalın sahibi olub.
 
18 000 minə yaxın şagird təmayül sinifdə təhsil alıb
BŞTİ-nin tabeliyindəki 197 təhsil müəssisəsində təşkil edilən 848 təmayül sinifdə 17 768 şagird təhsil alıb. 
Ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır.
 
İcma əsaslı məktəbəqədər təhsil qruplarına 839 uşaq cəlb olunub
BŞTİ-nin tabeliyindəki 27 ümumi təhsil məktəbində “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi həyata keçirilir.
Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən layihənin tətbiq olunduğu paytaxt məktəblərindəki icma əsaslı məktəbəqədər təhsil qruplarına 839 uşaq cəlb olunub. Həmçinin icma qruplarının real vəziyyətinin öyrənilməsi və nəticələrin təhlil olunması məqsədilə ümumi təhsil müəssisələrində fəaliyyət göstərən 37 qrupda monitorinq həyata keçirilib.
 
30 təhsil müəssisəsində inklüziv sinif fəaliyyət göstərib
Bakı şəhəri üzrə ümumilikdə 220 şagird inklüziv təhsilə cəlb edilib. 
Həmçinin "2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı"na əsasən 2024-2025-ci tədris ilindən etibarən inklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinə 12 məktəb (10, 127, 185, 194, 204, 231, 262, 283, 307, 308, 309 və 315) əlavə olunub.
Ümumilikdə BŞTİ-nin tabeyindəki inkluziv sinif təşkil edilən məktəblərin sayı 30-a çatdırılıb. 2024-2025-ci tədris ilində inklüziv siniflərə 57 sağlamlıq imkanları məhdud şagird cəlb olunub.
Qeyd edək ki, inklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.
 
603 şagird fərdi təhsil alıb
BŞTİ-nin tabeliyindəki 184 təhsil müəssisəsində 603 şagird fərdi təhsilə cəlb olunub.
Fərdi təhsil müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi qaydada təhsil almalarına şərait yaradır. 
 
İşə qəbul üzrə 2 609 vakansiya təqdim olunub
2024-2025-ci tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2 609 vakansiya təqdim olunub. Müsabiqələr nəticəsində tədris ili ərzində 1925 nəfər işə qəbul edilib.
Bunlardan:
 1046 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə nəticəsində;
 879 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə nəticəsində.
 
Həmçinin tədris ili ərzində ümumi təhsil müəssisələrinə işə qəbul müsabiqəsi nəticəsində tutulmayan yerlər üzrə dərs saatlarının tədris edilməsi üçün digər məktəblərdən əvəzçilik qaydasında 617 ixtisaslı kadr dəvət edilib. 156 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerini dəyişməsi nəticəsində işə qəbul olunub.
 
126 nəfər müxtəlif vəzifələrə işə təyin edilib
BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə işə qəbul üzrə əvvəlki illərdə keçirilmiş müvafiq imtahan və müsahibələrdə uğur qazanan 34 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 10 nəfər uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, 4 nəfər psixoloq, 45 nəfər laborant, 11 nəfər kitabxana müdiri/kitabxanaçı, 7 nəfər uşaq birliyi təşkilatı rəhbəri, 7 nəfər çağırışaqədərki hazırlıq rəhbəri və 15 nəfər təsərrüfat işləri üzrə direktor müavini 2024-2025-ci il ərzində işə təyin edilib.
 
143 nəfər işə qəbul hüququ qazanıb
Məktəbəqədər təhsil müəssisələrinə müdir və tərbiyəçi müəllim, ümumi təhsil müəssisələrinə psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqələr keçirilib.
Müsabiqələrin müsahibə mərhələlərində uğur qazanmış 18 nəfər müdir, 61 nəfər tərbiyəçi müəllim, həmçinin 64 nəfər psixoloq vəzifəsinə işə qəbul hüququ qazanıb.
 
388 nəfər müsahibə mərhələsinə vəsiqə qazanıb
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxana müdiri/kitabxanaçı, çağırışaqədərki hazırlıq rəhbəri, həmçinin məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanında iştirak edən namizədlərdən 388 nəfəri müsahibə mərhələsinə vəsiqə qazanıb.
 
Təhsilverənlərin orta aylıq əmək haqqı
2024-2025-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 1065  manat, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq əmək haqqı 648 manat təşkil edib.
  
 
Təhsilverənlərin sertifikatlaşdırma prosesi keçirilir
Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin biologiya, kimya, fizika, coğrafiya, informatika fənləri üzrə (həmçinin ötən illərdən qalan ibtidai sinif üzrə peqaqoji fəaliyyətinin 3 ili tamam olmuş və ya sosial məzuniyyətdən qayıtmasının 1 ili tamam olmuş ilk dəfə iştirak edənlər) sertifikatlaşdırılması həyata keçirilir.
2025-ci ildə paytaxtda qeyd olunan fənnlər üzrə 4 500-dən çox müəllim sertifikasiyaya cəlb olunub.
Qeyd edək ki, Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq vəzifə maaşlarına əlavələr ediləcək.
Onu da qeyd edək ki, ötən tədris ili ərzində də BŞTİ tərəfindən müəllimlərə dəstək məqsədilə sertifikatlaşdırma prosesinə həsr olunmuş görüşlər keçirilib.
 
 4000-ə yaxın tərbiyəçi-müəllim və metodist diaqnostik qiymətləndirmədə iştirak edib
Paytaxtın məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlər üçün diaqnostik qiymətləndirmə keçirilib. Qiymətləndirmədə 3 944 tərbiyəçi-müəllim və metodist iştirak edib
Qeyd edək ki, ilk dəfə keçirilən diaqnostik qiymətləndirmənin əsas məqsədi məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərən heyətin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılmasından ibarətdir.
 
 Ümumi təhsil məktəblərində çevik inspeksiyalar həyata keçirilib
BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində çevik inspeksiyalar keçirilib.
İnspeksiyaların məqsədi ümumi təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkilinin, tədris-pedaqoji və metodiki sənədlərlə işin, əmək və təhsil qanunvericiliyinin tələblərinin, əmək və icra intizamının, sənədləşmə işlərinin, təchizatın və təsərrüfat fəaliyyətinin real   vəziyyətinin öyrənilməsi, məlumatların toplanması, təhlil edilməsi, ümumiləşdirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri tədbirlərin görülməsindən ibarətdir.
 
PİSA qiymətləndirməsinə hazırlıq və iştirakla bağlı fəaliyyətlər
PISA 2025 qiymətləndirməsində iştirak edən BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində müvafiq hazırlıq və nəzarət tədbirləri həyata keçirilib.
Fəaliyyətlər şagirdlərin qiymətləndirmə prosesinə hazır olma səviyyəsinin, təlim mühitinin və texniki infrastrukturun vəziyyətinin, tədris proqramlarının tətbiqində beynəlxalq qiymətləndirmə tələblərinə uyğunluğun, məktəb rəhbərliyi və pedaqoji heyətin məlumatlılıq səviyyəsinin öyrənilməsi, məlumatların toplanması, təhlil edilməsi, ümumiləşdirilməsi və müvafiq istiqamətlər üzrə zəruri dəstək tədbirlərinin görülməsi məqsədinə xidmət edib.
 
Məktəbdaxili araşdırmalar aparılıb
Tədris ili ərzində vətəndaşlardan daxil olan müraciətlər əsasında BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində məktəbdaxili araşdırmalar aparılıb.
Araşdırmalar müəllim və valideyn şikayətlərinin, təlim-tərbiyə prosesində müşahidə olunan nöqsanların, əmək münasibətləri və iş rejimi ilə bağlı uyğunsuzluqların, pedaqoji heyət arasında yaranan münaqişələrin araşdırılması, faktların yerində yoxlanılması, aidiyyəti sənədlərin təhlil olunması və nəticələr üzrə qanunvericiliyə uyğun tədbirlərin görülməsi məqsədlərinə xidmət edib.
 
13 paytaxt məktəblisi buraxılış imtahanlarında maksimum nəticə göstərib
BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin 13 şagirdi buraxılış imtahanlarında (XI sinif üzrə) maksimum nəticə göstərib.
Belə ki, BŞTİ-nin tabeliyindəki 91 nömrəli tam orta məktəbin şagirdi Şəhanə Abbasova, “Zəngi” liseyinin şagirdi Nuray Bayramova, 192 nömrəli tam orta məktəbin şagirdi Ülkər Ələkbərova, 68 nömrəli tam orta məktəbin şagirdi Rəhim Fərəczadə, 37 nömrəli tam orta məktəbin şagirdi Mədinə İsmayılzadə, 54 nömrəli tam orta məktəbin şagirdi Gülay Mürvətova, 272 nömrəli tam orta məktəbin şagirdi Sona Nurməmmədli, 295 nömrəli tam orta məktəbin şagirdi Tovuz Seyidova, 313 nömrəli tam orta məktəbin şagirdi Fərid Mehdiyev, 263 nömrəli tam orta məktəbin şagirdi Fatimə Abbaslı, 138 nömrəli tam orta məktəbin şagirdi Nuray Sadıqzadə, 204 nömrəli tam orta məktəbin şagirdi Müzəffər Qoşqarov, 89 nömrəli tam orta məktəbin şagirdi Aişə Bağırova 300 bal toplayıblar.
   
Sağlamlıq və təhlükəsizlik: 55 məktəbdə monitorinq aparılıb
Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilatçılığı ilə BŞTİ-nin tabeliyindəki 55 ümumi təhsil müəssisəsində monitorinqlər aparılıb.  
“Təhsil müəssisələrində sağlamlıq və təhlükəsizlik” istiqamətində aparılan monitorinqlər zamanı şagirdlərin nizam-intizamı, davamiyyət və punktuallığı, məktəb binasının təhlükəsizliyi, sanitar-gigiyenik vəziyyət və məktəblərdə həyata keçirilən təhlükəsizlik tədbirləri yoxlanılıb.
 
Paytaxtda 100 minə yaxın şagird monitorinqlərdə iştirak edib
Paytaxtdakı ümumi təhsil müəssisələrinin IV və VI sinifləri üzrə keçirilən monitorinqlərdə 100 minə yaxın şagird iştirak edib.
Monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılmasına nail olmaq, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdən ibarətdir.
 
562 uşaq beynəlxalq qiymətləndirmə tədqiqatına (IELS) cəlb olunub
Bakıdakı 43 məktəbəqədər təhsil müəssisəsi üzrə 562 nəfər 5 yaşlı uşaq beynəlxalq qiymətləndirmə tədqiqatının (IELS) sınaq mərhələsində iştirak edib.
Qeyd edək ki, IELS 5 yaşlı uşaqların ilkin savadlılıq, özünütənzimləmə, özünüidarə, sosial emosional və ilkin riyazi bacarıqlarını ölçən oyun əsaslı qiymətləndirmədir. Bundan əlavə, tədqiqat zamanı uşaqların ev və erkən təhsil mühitinin xüsusiyyətlərini araşdırmaq məqsədilə müəllimlər və valideynlər də sorğuya cəlb edilir.       
 
Bakıdakı 191 təhsil müəssisəsində Uşaqların Müdafiəsi İdarəsinin mütəxəssisləri fəaliyyət göstərir
Uşaqların Müdafiəsi İdarəsinin mütəxəssisləri BŞTİ-nin tabeliyindəki 191 təhsil müəssisəsini və 380 000 şagirdi əhatə edir. Hazırda həmin müəssisələrdə İdarənin 152  əməkdaşı çalışır.
2024-2025-ci tədris ili ərzində uşaqların müdafiəsi və təhlükəsizliyinin təmini fəaliyyəti  çərçivəsində şagirdlərin sosial-emosional vəziyyətinin yaxşılaşdırılması, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, sağlamlıq mövzularına dair tədbirlər və xüsusi günlərə həsr olunmuş təlimlər keçirilib.
Fəaliyyətin məqsədi müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdən ibarətdir.
 
45 məktəbdə peşə təmayüllü siniflər fəaliyyət göstərib
Paytaxtdakı 45 təhsil müəssisəsində “Peşə təmayüllü siniflərin təşkili” layihəsi tətbiq olunur. BŞTİ-nin tabeliyindəki 10, 19, 24, 44, 64, 87, 88, 97, 116, 117, 119, 120, 123, 138, 142, 143, 146, 166, 171, 172, 179, 181, 185, 194, 201, 208, 209, 213, 228, 234, 242, 259, 262, 265, 266, 274, 293, 297, 301, 302, 306, 318, 321, 327, 329 nömrəli təhsil müəssisələrində fəaliyyət göstərən peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsindən, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir.   
 
BŞTİ tərəfindən 17 layihə həyata keçirilib
BŞTİ tərəfindən tədris ili ərzində təhsil müəssisələrində 17 layihə həyata keçirilib.
“Ailəm və məktəbim”, Yaşıl layihə: “Suveren dövlətin ekoloji dəyərləri”  “Məktəbdə...”, “Yaşıl layihə: Təbiəti qoruyanlar”, “7-dən 17-yə vətənpərvər!”, “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi”, “Dəyərlərimizi qoruyaq!”, “Onlayn kitab klubu”, “Zərərli vərdişlərə birlikdə yox deyək”, “İdmansevərlər”, “Ədibin Evi”ndə", “Sağlam nəsil – parlaq gələcək”,  "Məktəblərdə Naxçıvan ayı”, “Valideyn-müəllim-şagird üçbucağı”, “Məktəblərin əməkdaşlığı ilə 45 dəqiqəlik dərs nümayişi”, “Məktəblinin yay mütaliəsi” və “Məktəblinin yay istirahəti” adlı layihələrin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, istedadlı şagirdləri aşkara çıxarmaq, mütaliəyə marağı artırmaq, həmçinin paytaxt məktəblərinin fəaliyyətini daha geniş auditoriyaya təqdim etməkdən ibarətdir.
Eyni zamanda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin müəllim və şagird heyəti Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Azərbaycan Respublikasının Təhsil İnstitutu  (ARTİ) tərəfindən həyata keçirilən “Rəqəmsal bacarıqlar”, “eTwinning Plus”, STEAM və “CEREBRY” layihələrində də fəal iştirak edib.
Həmçinin paytaxt məktəblərində Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə tərəfdaşlığı ilə OCEP layihəsi (Olimpiya Mədəniyyəti və Təhsili Proqramı) həyata keçirilib. Həmçinin layihə çərçivəsində fiziki tərbiyə müəllimləri OVEP (Olimpiya Dəyərlərinin Tədrisi Proqramı) təlimlərinə cəlb olunub. Layihəyə BŞTİ-nin tabeliyindəki 43 məktəb cəlb olunub.
Bakı məktəbliləri “Əlaçı”, “Yeddi şüşə” və “Qızıl açar” televiziya layihələrində mütəmadi olaraq iştirak edirlər.
 
BŞTİ tərəfindən 9 müsabiqə və olimpiada keçirilib
BŞTİ tərəfindən paytaxtın təhsil müəssisələri arasında 9 müsabiqə və olimpiada təşkil edilib.
Paytaxt məktəbləri arasında keçirilən, III Bakı Elm Olimpiadası,  “Ən yaxşı təqdimat”, “Yaradıcı müəllim: yaradıcı tətbiqetmə” mövzusunda təqdimat müsabiqələri, “Şahin” hərbi-idman oyunu, “Böyük qayıdışın başlanğıcı” adlı hərbi bilik yarışı, “Sərhəd” hərbi-idman oyunları,  "Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika yarışı, “Fövqəladə hallar uşaqların gözü ilə” respublika uşaq yaradıcılıq və “Gənc hüquq müdafiəçiləri” müsabiqələrinin əsas məqsədi şagirdlərin bilik səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün inkişaf etdirilməsi, həmçinin onlarda sağlam rəqabət hissinin formalaşdırılmasından ibarətdir.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri, eyni zamanda Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Zəkaların mübarizəsi” olimpiadası, “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş məktəb çempionatı, İqtisadiyyat müsabiqəsi, “Sabahın alimləri”,  Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı, “Qərbi Azərbaycana qayıdış”, Lütfi Zadə adına Məntiq Olimpiadası,  “Bilbacar” müsabiqəsi fənn müsabiqələri və fənn olimpiadalarında iştirak edərək qaliblər sırasında yer alıblar.  
 
Paytaxt üzrə 51 qrant layihə
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində 51 layihə qalib olub. Qalib olan layihələrin icrasına başlanılıb.
Layihənin təşkilində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasından ibarətdir.
 
Şagirdlər Heydər Əliyev irsini öyrənib
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə “Heydər Əliyev irsinin öyrədilməsi” ilə bağlı dərslər keçirilib.
Ümumi təhsil məktəbləri ilə yanaşı, Yeni Azərbaycan Partiyası rayon təşkilatları ilə əməkdaşlıq çərçivəsində Bakı şəhərinin inzibati rayonları üzrə Heydər Əliyev Mərkəzlərində və Yeni Azərbaycan Partiyası rayon təşkilatlarında keçirilən dərslərdə Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər və görkəmli ziyalılar iştirak edib.
 
215 məktəbdə STEAM layihəsi tətbiq edilib
BŞTİ-nin tabeliyindəki 215 ümumi təhsil məktəbində STEAM layihəsi tətbiq edilib.
Layihə BŞTİ-nin tabeliyindəki məktəblərdə 6 043 sinif üzrə 170 minə yaxın şagirdi əhatə edib.
Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi inkişaf etmiş ölkələrdə müasir çağırışlar əsasında həyata keçirilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir. 
 
Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalında 64 şagird fərqlənib
Elm və Təhsil Nazirliyinin və COP29 Sədrliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalında BŞTİ-nin tabeliyindəki məktəblər üzrə 64 şagird fərqlənib. Onlardan 7 nəfər I, 23 nəfər II, 18 nəfər III yerə layiq görülüb. 16 şagird isə xüsusi nominasiyalar üzrə medal və hədiyyələr qazanıb.
 
270 təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunub
Paytaxtın 270 təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunub.
Layihə BŞTİ-nin tabeliyindəki məktəblərdə 9 323 sinif üzrə 256 996 şagirdi əhatə edib.
Layihə çərçivəsində 6 030 müəllim müvafiq təlimlərdən keçib.
Həmçinin şagirdlər arasında “Kod Saatı: Rəqəmsal gələcəyə addım” müsabiqəsi təşkil olunub.
 
“Kiçik Akademiya”lara 20 000-dən artıq şagird cəlb olunub
İstedadlı şagirdlərlə aparılan işlərin sistemləşdirilməsi məqsədilə BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrində “Kiçik Akademiya”lar fəaliyyət göstərib.
Tədris ili ərzində Akademiya daxilində fəaliyyətlərin gücləndirilməsi və genişləndirilməsi işləri davam etdirilib. Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində fəaliyyət göstərən “Kiçik Akademiya”lara 20 000-dən artıq şagird cəlb olunub, 2 000-dən artıq tədbir keçirilib. Həmçinin paytaxtın inzibati rayonları üzrə bütün məktəblərin iştirakı ilə “Kiçik Akademiya”ların hesabat konfransları baş tutub.
Qeyd edək ki, “Kiçik Akademiya”ların təşkil olunmasında məqsəd yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına köməklik göstərilməsi və şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşdırılması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsindən ibarətdir.
 
Beynəlxalq olimpiadalarda 5 medal
Bakı şəhəri 287 nömrəli “Zəkalar” liseyinin şagirdi Fərhad İsgəndər Daşkənd şəhərində keçirilən 3-cü Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat və İnformatika Olimpiadasında qızıl, Bosniya və Herseqovinanın Sarayevo şəhərində 42-ci Balkan Riyaziyyat Olimpiadasında gümüş medala layiq görülüb.
Paytaxtın 157 nömrəli tam orta məktəbinin şagirdi Həsən Vəliyev Moldovanın paytaxtı Kişinyov şəhərində Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında (EJOI 2024) gümüş medala layiq görülüb.
“Ankara məktəbi” məktəb-liseyinin şagirdi Əli Əliyev Rumıniyada məktəblilərin onlayn formatda VII “InfO(1) Cup” proqramlaşdırma müsabiqəsindən gümüş, Qazaxıstanın Astana şəhərində təşkil olunan XXI Beynəlxalq Jautikov Olimpiadasından bürünc medal əldə edib.  
 
Paytaxt məktəbliləri idman yarışlarında 4 078 medal qazanıb
Tədris ili ərzində paytaxt məktəbliləri idmanın müxtəlif növləri üzrə beynəlxalq və respublika yarışlarında 1594 qızıl, 1015 gümüş, 906 bürünc olmaqla, 3515 medal əldə ediblər. 
Bundan əlavə, İdarənin tabeliyində fəaliyyət göstərən 13 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin üzvləri 2024-2025-ci tədris ili ərzində 50 yerli yarışda iştirak edərək 481 medal, (155 qızıl, 130 gümüş, 196 bürünc), 30 beynəlxalq yarışda iştirak edərək 82 medal (31 qızıl, 18 gümüş, 33 bürünc) qazanıb.
 
Paytaxt məktəbləri “Konstitusiya və Suverenlik İli”ndə
BŞTİ və onun tabeliyindəki təhsil müəssisələri tərəfindən “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş silsilə tədbirlər təşkil olunub.
Belə ki, paytaxt məktəbliləri arasında festival, konfrans, simpozium, akademik seminar, olimpiada, bilik yarışları, müsabiqə və ağacəkmə aksiyaları keçirilib.
 
Təhsil müəssisələrində COP29-la bağlı tədbirlər
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə əlaqədar (COP29) BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində iqlim həlləri və innovasiyalara yönəlmiş praktik seminarlar və hakatonlar, iqlim dəyişikliyi və COP29 ilə bağlı maarifləndirmə kampaniyaları, sərgilər, mühazirələr, sənədli filmlərə baxış, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə maarifləndirmə görüşləri, “Açıq dərs”, “Dəyirmi masa”, intellektual müsabiqə, debat, yarış və sosial aksiyalar keçirilib.
Bundan əlavə, ümumi təhsil müəssisələrinin şagird və müəllim kollektivinin birgə əməkdaşlığı ilə ekoloji guşələr, “Yaşıl sinif”lər yaradılıb.
 
12 000-dən çox müəllimi əhatə edən təlimlər keçirilib
BŞTİ tərəfindən 12 680 müəllimi əhatə edən təlimlər keçirilib. 
Təlimlər məktəb-valideyn əməkdaşlığı, məktəb idarəçiləri üçün effektiv ünsiyyət strategiyaları, məktəb idarəetməsində İKT və süni intellektin tətbiqi, məktəb idarəetməsində data əsaslı yanaşma, tədrisdə differensial yanaşma və digər mövzulara həsr olunub, həmçinin fənn müəllimlərini əhatə edən ixtisasartırma və metodiki seminarlar baş tutub.
 
Tarixi şəxsiyyətlərin yubileyləri qeyd olunub
Paytaxtın ümumi təhsil müəssisələri tərəfindən ölkə Prezidentinin sərəncamlarına əsasən, yubileyləri qeyd edilən ziyalıların və tarixi şəxsiyyətlərin həyat və fəaliyyətinə həsr olunmuş tədbirlər keçirilib.
 
Paytaxt məktəbliləri üçün maarifləndirici təlimlər və ekskursiyalar
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri tərəfindən şagirdlərin zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılması, sağlam həyat tərzinin formalaşdırılması, QİÇS, talassemiya ilə mübarizə, yol hərəkəti qaydaları, fövqəladə hallarda davranış, peşə seçimi, İKT sahəsində savadlılığın artırılması, reproduktiv sağlamlıq və digər mövzularda maarifləndirici tədbirlər keçirilib.
Eyni zamanda, tədris ili ərzində 10 000-dən çox şagirdin Heydər Əliyev Mərkəzinə, 15 840 şagirdin Bilim Bakı Mərkəzinə, həmçinin STEAM İnnovasiyalar Mərkəzinə, YARAT Müasir İncəsənət Məkanına, Dövlət Bayrağı Muzeyinə və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyaları təşkil olunub.
 
Reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işləri

Reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işləri çərçivəsində BŞTİ-nin tabeliyində olan 184 ümumi təhsil müəssisəsində məşğələ və görüşlər keçirilib.

Mövzu ilə bağlı görüşlərdə 13 741 valideyn iştirak edib, məşğələlərə 17 067 nəfər VIII sinif şagirdi, 18 139 nəfər IX sinif şagirdi cəlb olunub.
 
Məktəbdənkənar müəssisələr tərəfindən 600-dən çox tədbir keçirilib
Tədris ili ərzində BŞTİ-nin tabeliyindəki məktəbdənkənar təhsil müəssisələri tərəfindən 600-dən artıq konsert, sərgi və festival keçirilib.
Həmçinin uşaq-gənclər inkişaf mərkəzlərinin 717 üzvü 250-dən çox yaradıcılıq istiqamətli yerli və beynəlxalq yarışlarda iştirak edib. Onlardan 225 nəfəri I, II, III yerlərin qalibi olub, mükafatlara layiq görülüblər.
 
Məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər

Məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər keçirilib.

Belə ki, 1, 2, 3, 4, 5, 6, 7, 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzləri və 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin bazalarında və ümumi təhsil müəssisələrində fəaliyyət göstərən dərnəklərdə məşğələ prosesi izlənilib, həmçinin adları qeyd edilən müəssisələrdə kompleks monitorinqlər aparılıb.

 

Paytaxt üzrə 172 məktəb Milli Qəhrəman və şəhid adını daşıyır
BŞTİ-nin tabeliyindəki 172 təhsil müəssisəsi Milli Qəhrəman və şəhid adını daşıyır.
Məktəblərə Milli Qəhrəmanların və şəhidlərin adının verilməsi şagirdlərin vətənpərvərlik tərbiyəsi işinin səmərəli təşkili baxımından rəmzi məna daşıyır və gələcəyimiz olan gənclərə milli ruhun aşılanmasında mühüm əhəmiyyət kəsb edir.
 
Təmir, tikinti, təchizat
2024-2025-ci tədris ilində BŞTİ-nin tabeliyindəki 51 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri həyata keçirilib.
BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 4 məktəbin (57, 68, 141, 151) sökülərək yenidən tikintisi, 1 məktəbdə (313) əsaslı təmir və əlavə korusun tikintisi, 4 təhsil müəssisəsində (59 və 324 nömrəli məktəblər, 328 nömrəli uşaq bağçası və Eşitmə qabiliyyəti pozulmuş uşaqların Respublika ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçası) əsaslı təmir işləri davam edir.
Bundan əlavə, zəruri olan ərazilərdə 4 yeni məktəb (Kürdəxanı qəsəbəsi 304 nömrəli məktəb-lisey, Xocasən qəsəbəsi 333 nömrəli tam orta məktəb, Ramana qəsəbəsi 337 və 338 nömrəli tam orta məktəblər) və 2 yeni məktəbəqədər təhsil müəssisəsi (Xocəsən qəsəbəsi 348 saylı uşaq bağçası və Maştağa qəsəbəsi 349 saylı körpələr evi-uşaq bağçası) istifadəyə verilib. 
Həmçinin 5 məktəbəqədər təhsil müəssisəsi (99, 116, 257, 286, A. Məmmədov adına) əsaslı təmirdən sonra fəaliyyətə başlayıb. Eyni zamanda 1 uşaq bağçasında (101) təmir-bərpa işləri yekunlaşıb.
 
Birgə fəaliyyət – 204 müqavilə imzalanıb
Təhsil müəssisələrinin maddi-texniki bazasından dərsdənkənar və təhsilalanların istifadəsində olmadığı vaxtlardan istifadə edilməklə, BŞTİ-nin tabeliyindəki məktəblərdə müxtəlif idman növləri, xarici dil, şahmat, musiqi, rəqs və digər dərnəklərin təşkili üçün 204 üçtərəfli birgə fəaliyyət müqaviləsi imzalanıb.
Həmçinin ali təhsil və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrinin pedaqoji təcrübə keçmələri ilə bağlı 230 ümumi və məktəbəqədər təhsil müəssisəsini əhatə edən 14 ikitərəfli müqavilə imzalanıb. 
 
161 nəfər təhsil işçisi təltif edilib
BŞTİ-nin tabeliyindəki məktəblərdə çalışan təhsil işçiləri təltif edilib.
Belə ki, BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən pedaqoji fəaliyyətlərində səmərəli xidmətlərinə, həmçinin yubileyləri münasibətilə 161 nəfər məktəb rəhbəri (56 direktor, 105 direktor müavini) Fəxri Fərmanla təltif olunub. Həmçinin təhsil sahəsində çalışan 38 nəfər Vətən Müharibəsi iştirakçısı mükafatlandırılıb.
 
110 mindən çox müraciət daxil olub
2024-2025-ci tədris ili ərzində BŞTİ-yə 110 839 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ həll olunub, digərləri isə araşdırmaya yönləndirilib.
Statistikaya əsasən, BŞTİ-nin 146-1 nömrəli Çağrı Mərkəzinə 69 346 zəng daxil olub.
BŞTİ-nin rəhbərliyi və struktur bölmə rəhbərləri tərəfindən 2 247 vətəndaşın müraciəti dinlənilib, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görülüb.
Həmçinin Vətəndaşların Qəbulu Mərkəzinə 16 947 müraciət daxil olub.
22 299 sənəd (vətəndaşlar tərəfindən 6 195 ərizə, 3 059 elektron müraciət, Elm və Təhsil Nazirliyindən 3 044, digər qurumlardan 2 157, tabelikdə olan təhsil müəssisələrindən 5 128 məktub və 2 716 kadr ərizəsi) daxil olub.
 
İctimaiyyətlə əlaqələr genişləndirilir
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində baş ve­rən yeniliklər və İdarənin fəaliyyəti haqqında məlumatların operativ şəkildə icti­maiyyətə çatdırılması istiqamətindəki işlər 2024-2025-ci tədris ilində də müvafiq qaydada yerinə yetirilib.
BŞTİ-nin və təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı dolğun məlumatlar ictimaiyyətə təqdim olunub, media ilə səmərəli əməkdaşlığın genişləndirilməsi məqsədilə KİV-dən daxil olan 600-ə yaxın sorğu cavablandırılıb.
Televiziya kanallarına və digər KİV-lərə reportajların hazırlanması üçün əlverişli şərait yaradılıb. Müvafiq islahatlar və yeniliklər ictimaiyyət üçün şərh edilib, İdarə rəhbərliyinin və əməkdaşlarının çıxışları və müsahibələri təşkil olunub.
Kütləvi informasiya vasitələri üçün BŞTİ-nin tədris və təqvim ili üzrə ümumi fəaliyyətini əks etdirən məlumatlar hazırlanıb.
Həmçinin ictimai maraq doğuran şəxslərlə şagirdlərin görüşləri təşkil olunub, paytaxt məktəblərinin uğurlarının geniş auditoriyada yayımlanması ilə bağlı layihə və müsabiqələr həyata keçirilib.

Chosen
15
azedu.az

1Sources