EN

Qınamayan “sevgili” illüziyası: Süni intellektə aşiq olmaq emosional tənhalığın göstəricisidir RƏY

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Psixoloq: Həyat süni münasibətlər üzərində qurula bilməz, çünki insanın təbiəti sevgi, anlayış və fiziki yaxınlıq istəyir

ABŞ sakini Kris Smit "ChatGPT" əsasında yaradılmış çatbota aşiq olub və hətta ona evlənməyi təklif edib. O, botu Sol adlandırıb və "hə" cavabını eşidəndə göz yaşlarını saxlaya bilməyib.

Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" yazır.

Qeyri-adi məhəbbət hekayəsi Kris Smitin botdan musiqi yaratmaq istəməsi ilə başlayıb, zaman keçdikcə gündəlik söhbətlər zəminində insanla bot arasında "ali hisslər" yaranıb.

Amerikalının həyat yoldaşı və 2 yaşlı uşağı olmasına baxmayaraq, o, virtual münasibəti dərin və emosional baxımdan vacib adlandırır.

Məsələ ilə bağlı “Sherg.az”a danışan psixoloq Zeynəb Əyyubova bildirib ki, süni intellektə aşiq olmaq emosional tənhalığın və sosial uzaqlaşmanın göstəricisidir:

“Əslində belə hallar bir neçə səbəbdən qaynaqlana bilər. Bəzən bu cür davranışlar sadəcə məşhurlaşmaq üçün performans kimi edilə bilər. Lakin bu hadisəyə psixoloji prizmadan baxdıqda burada ciddi bir emosional boşluq, tənhalıq və hətta reallıqdan qaçış kimi hallar görünə bilər. İnsanlar bəzən özlərini başa düşən, dinləyən və qınamayan “şəxs” axtarırlar. Süni intellektlə söhbət bu ehtiyacları müvəqqəti də olsa qarşılayır və insanlar bu münasibəti şüurlu və ya şüursuz şəkildə romantik hisslərlə bağlaya bilirlər. Bundan əlavə texniki baxımdan, süni intellekt bir proqramdır, qarşısındakı insanı hiss edə bilmir. Lakin insan psixikası üçün bu fərq o qədər də vacib olmaya bilər. Beyin bəzən reallıq və illüziya arasındakı sərhədləri bulanıqlaşdırır. Xüsusilə empatiya, diqqət, cavab vermə kimi sosial ehtiyaclar qarşılandıqda insanlar həmin “səsə” və ya “cavaba” bağlana bilərlər. Yəni bəli, süni intellektə “aşiq olmaq” hissi subyektiv olaraq yaşana bilər. Bu da daha çox insanın öz psixoloji vəziyyətindən xəbər verir. Ən önəmlisi  emosional tənhalıqdır. Yəni insanın real həyatda emosional bağlılıq quracaq yaxın münasibətləri yoxdursa və ya bu münasibətlər onu qane etmirsə, o zaman süni və təhlükəsiz münasibətə yönəlir. Digər bir səbəb də sosial fobiya və ya münasibət qorxusu ola bilər. Real insanla münasibət daha mürəkkəb və məsuliyyətlidir, süni intellekt isə qınamır, küsüb getmir, tənqid etmir”.

Psixoloqun sözlərinə görə  əgər insan süni intellektlə olan “münasibəti” gerçək münasibətə alternativ olaraq seçirsə, bu artıq problemə çevrilir:

“İnsanlar münasibətlərdən uzaqlaşır, real emosional bağlılıq yaratmaq qabiliyyətini zəiflədir, empatiya hissləri solğunlaşır. Uzun müddət bu vəziyyətdə qalmaq tədricən insanın sosial həyatına da mənfi təsir göstərir. Təəssüf ki, insanlar getdikcə daha çox virtual aləmdə vaxt keçirir, süni dostluqlar, süni münasibətlər reallıqla yer dəyişir. Gələcəkdə süni intellektlə münasibət qurmaq, hətta AI partnyorlar “seçmək” adi hala çevrilə bilər. Amma bu hal psixoloji baxımdan balanslı həyat üçün təhlükə siqnalıdır. Əgər insan real münasibətlərdə çətinlik çəkirsə və özünü yalnız hiss edirsə, bu tənhalığı texnologiya ilə doldurmaq əvəzinə, bir psixoloqla danışmaq daha faydalıdır. Emosional ehtiyacları başa düşmək və onları sağlam şəkildə ödəmək mümkündür. Həyat süni münasibətlər üzərində qurula bilməz, çünki insanın təbiəti sevgi, anlayış və fiziki yaxınlıq istəyir”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
5
1
sherg.az

2Sources