EN

İran XİN: Tehran uranı zənginləşdirməyə davam edəcək

Bakı, 23 iyun, AZƏRTAC

İran “Nüvə silahlarının yayılmaması haqqında” müqavilədən irəli gələn öhdəliklərə əməl edərək uranın dinc məqsədlərlə zənginləşdirilməsindən vaz keçməyəcək. Digər dövlətlərin bu məsələdə Tehranı məhdudlaşdırmaq hüququ yoxdur.

AZƏRTAC xəbər verir ki, İranın xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi bunu Almaniyanın ARD telekanalının efirində deyib.

“Biz “Nüvə silahlarının yayılmaması haqqında” müqavilənin iştirakçısıyıq və uranı dinc məqsədlər üçün zənginləşdiririk. Müqavilə üzrə öhdəliklərimizə əməl etdiyimiz müddətdə heç kim bizə bu istiqamətdə göstəriş verə bilməz”, - deyə Məcid Taxt-Rəvançi bildirib.

ABŞ Hərbi Hava Qüvvələrinin endirdiyi zərbələrdən sonra İranın nüvə proqramının vəziyyəti ilə bağlı açıqlama verməyən siyasətçi hücumu “açıq-aşkar təcavüz aktı” adlandırıb. Nazir müavininin sözlərinə görə, İran bu vəziyyətdə “təcavüz qurbanıdır” və BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq cavab hüququna malikdir.

Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri İranın üç nüvə obyektinə aviazərbələr endirib. Hücumlar nəticəsində nüvə obyektlərinin tamamilə məhv edildiyini deyən Birləşmiş Ştatların dövlət başçısı Donald Tramp bunu təsirli hərbi uğur adlandırıb.

Chosen
39
50
azertag.az

10Sources