EN

İranı vuran gizli silah budur - 2 MİLYARD QİYMƏTİ VAR

Ötən gecə ABŞ-ın dünyaca məşhur B-2 Spirit strateji bombardmançısı İran üzərində göründü.

Daha doğrusu, heç kim onu görmədi, amma o, orada idi - yüksək dəqiqliklə hədəfləri vurdu, radar sistemlərini yan keçdi və özündən sonra yalnız dağıntı və mesaj buraxdı. Bu hadisə təkcə bir hərbi əməliyyat deyil, siyasi və texnoloji güc nümayişi idi.

Çoxları üçün bu ad yenidir və heç bir məlumat vermir.

Musavat.com xəbər verir ki, B-2 Spirit – “görünməz bombardmançı” adı ilə tanınır.

ABŞ-ın Northrop Grumman şirkəti tərəfindən istehsal edilən bu təyyarə ilk dəfə 1989-cu ildə sınaq uçuşu keçib və 1997-ci ildən etibarən ABŞ Hərbi Hava Qüvvələrinin arsenalına daxil olub. Onun əsas vəzifəsi - uzaq məsafələrdə yerləşən yüksək əhəmiyyətli hədəflərə sürətli, səssiz və dəqiq zərbələr endirməkdir. Yalnız xüsusi hallarda istifadə edilən bu təyyarə, radarlar üçün demək olar ki, görünməzdir. Onun hazırlanma məqsədi düşmənin hava məkanına daxil olmaq, strateji nöqtələri vurmaq və heç bir iz buraxmadan geri dönməkdir. ABŞ bu gecə həmin "sirrli gücünü" bir də göstərdi.

Bu əməliyyatın ən kritik cəhəti ondan ibarətdir ki, ABŞ-ın bu qədər bahalı və məxfi texnologiyaya sahib olan bir təyyarəni real döyüşdə işə salması, bu müharibədə artıq sözlərlə deyil, hərəkətlərlə danışdığını göstərdi. Türkiyə türklərinin işlətdiyi “gövdə gösterisi” tam olaraq budur.

Vaşinqton açıq şəkildə bəyan edir: “Əgər lazım olsa, ən güclü silahlarımı da istifadəyə verərəm və verirəm”.

B-2 Spirit-in uçuşu eyni zamanda İranın hava hücumundan müdafiə sistemlərinin tamamilə təsirsiz olduğunu nümayiş etdirdi. Bu bombardmançılar səssiz, radar əleyhinə örtüklə bəzədilmiş, ən müasir naviqasiya və peyk koordinasiya sistemləri ilə təchiz olunub. Hücum zamanı İranın heç bir hava xəbərdarlıq sistemi reaksiya verə bilməyib. Bu, hərbi dildə desək, “fərqində olmadan məhv edilmək”dir.

ABŞ uzun illərdir ki, bu təyyarəni yalnız çox məxfi və kritik əməliyyatlar üçün saxlayır. Onu İraq müharibəsində, Əfqanıstanda “Taliban” liderlərinə qarşı, eləcə də Yuqoslaviyada strateji obyektlərin vurulmasında görmüşdük. İndi isə səhnəyə İranda çıxarılıb. Bu, sadəcə bir bombardman deyil - ABŞ-ın dünyaya və xüsusən də İrana verdiyi xəbərdarlıqdır: “Sizi istədiyim vaxt, istədiyim yerdə vura bilərəm və heç bir şey edə bilməzsiniz.” Bu, həm də Rusiyaya mesajdır.

Hərbi təhlilçilər qeyd edirlər ki, bu təyyarənin istifadəsi yalnız texniki deyil, həm də psixoloji müharibə alətidir. Çünki o, həm görünməzdir, həm də ölümcül. İranın bu zərbəyə hansı cavabı verəcəyi bilinmir, lakin aydındır ki, düşmənin öz səmasına belə nəzarət edə bilməməsi daxildə və xaricdə ciddi suallar doğuracaq.

ABŞ bu addımı ilə həm də öz müttəfiqi İsrailə mesaj verir: “Sən tək deyilsən.” Eyni zamanda Rusiyaya, Çinə və bütün region ölkələrinə açıq bir siqnaldır: “Amerikanın hələ də əlində ən dağıdıcı, amma görünməyən silahlar var.”

B-2 Spirit-in dizaynı onu radarlardan gizlənən - yəni "stealth" texnologiyasına malik unikal bir platformaya çevirir. Təyyarənin qanad açıqlığı 52,4 metr, uzunluğu 21 metr, hündürlüyü isə 5,1 metrdir. Bu nəhəng ölçülərə baxmayaraq, o, düşmən radar sistemləri üçün demək olar ki, görünməzdir. Bu xüsusiyyət onun döyüşdə ən təhlükəli silahlardan biri olmasını təmin edir.

Təyyarənin maksimum uçuş sürəti saatda 1,010 kilometrdir və bu, onu səsdən yavaş (subsonik) sinifə daxil edir. Lakin B-2 Spirit-in əsas üstünlüyü sürətində deyil, məsafəsində və gizlilik imkanlarındadır. Yanacaq doldurmadan 11,000 kilometrlik məsafəni qət edə bilən bu bombardmançı, hava tankerləri vasitəsilə yanacaqla təmin olunarsa, 19,000 kilometrdən çox məsafəni fasiləsiz uça bilir. Bu isə o deməkdir ki, ABŞ istənilən regionda – o cümlədən Yaxın Şərqdə və Asiyada - heç bir hərbi baza istifadə etmədən hədəfləri vura bilər.

Təyyarənin heyəti sadəcə iki nəfərdən ibarətdir: pilot və ikinci pilot/operator. Onlar ən yüksək səviyyədə qorunan, radar əleyhinə örtüklə bəzədilmiş kabinədə xidmət edirlər. Təyyarənin gövdəsində radio siqnallarını udan materiallardan istifadə edildiyindən, o, hava məkanına daxil olarkən düşmənin müdafiə sistemləri onu hiss etmir.

B-2 Spirit-in silah sistemi də təsirli və qorxuludur. O, gövdəsinin içində yerləşən iki silah bölməsində müxtəlif tipli sursatlar daşıya bilir. Buraya 16 ədəd B61 və ya B83 tipli nüvə bombası, 80 ədəd JDAM tipli ağıllı bomba, AGM-129 və AGM-158 tipli qanadlı raketlər, həmçinin bunker deşici bombalar daxildir. Bu silahlar həm strateji, həm də taktik hədəfləri dəqiq şəkildə məhv etmək üçün nəzərdə tutulub.

Ən mühüm fərqləndirici cəhətlərindən biri də budur ki, B-2 Spirit səssiz uçur, iz buraxmır və hədəfi vurduqdan sonra belə onun haradan gəldiyini təyin etmək çox çətindir. Məhz bu xüsusiyyətlərə görə bu təyyarə düşmən üzərində psixoloji təsir yaratmaq üçün də istifadə olunur.

B-2 Spirit hazırda dünyada aktiv xidmətdə olan ən bahalı təyyarələrdən biridir. Bir ədədinin istehsal dəyəri 2 milyard dollara yaxın olsa da, ABŞ bu texnologiyanı strateji üstünlüyünü qorumaq üçün uzun illərdir ki, istifadə edir. Bu günə qədər yalnız 21 ədəd B-2 Spirit istehsal olunub və onların hamısı ciddi nəzarət altında saxlanılır.

İran üzərinə endirilən son zərbə bu təyyarənin real döyüş şəraitində necə effektiv və qəfil zərbə endirdiyini bir daha sübut etdi. Görünməz, səssiz və ölümcül. B-2 Spirit bu üç xüsusiyyəti ilə müasir dövrün ən güclü hava hücumu silahıdır.

Məhəmməd Türkmən
Musavat.com

Chosen
21
2
musavat.com

10Sources