AZ

THK-13: ABŞ-ın B-2 “xəyalət” təyyarəsindən əvvəl – Türk mühəndisliyinin unudulmuş möcüzəsi - VİDEO

ABŞ-ın B-2 “Spirit” strateji bombardmançı təyyarələrinin İran ərazisinə hücum etdiyi anlarda sosial şəbəkələrdə diqqətçəkən bir iddia gündəmə gəlib.

Musavat.com xəbər verir ki, türkiyəli jurnalist Volkan Giritli “Twitter” hesabında paylaşdığı videoda qeyd edir ki, hazırda bütün dünyanın heyrətlə izlədiyi B-2 təyyarələrinin dizayn qaynaqlarından biri, əslində 1948-ci ildə Türkiyədə istehsal edilmiş THK-13 “uçan qanad” planörüdür.

VOLKAN

Bu məlumat bir çoxları üçün təəccüblü səslənsə də, araşdırmalar göstərir ki, 20-ci əsrin ortalarında Türkiyə aviasiya sənayesində texnoloji baxımdan dövrünü qabaqlayan layihələrə imza atıb. THK-13 layihəsi də onlardan biridir.

Yarandığı dövr və dizayn ideyası

Türk Hava Qurumunun (THK) Etimesgut Uçak Fabrikasında hazırlanmış THK-13, 1947–48-ci illərdə mühəndis Yavuz Kansu başda olmaqla türk texniki heyətinin orijinal layihəsi əsasında hazırlanıb. Layihənin məqsədi, aerodinamik baxımdan daha dayanıqlı, sabit və istiqamətliliyi yüksək olan kuyruksuz “uçan qanad” tipli planör hazırlamaq idi.

Təyyarənin əsas texniki xüsusiyyətləri:

• Qanad açıqlığı: təqribən 20 metr
• Bədən uzunluğu: 5 metr ətrafında
• Struktur: ağac və parça örtüklü
• Pilot bölməsi: tək nəfərlik, açıq kokpit

Bu tip dizayn o dövr üçün olduqca yenilikçi idi və dünya miqyasında yalnız Almaniyada Horten qardaşlarının və ABŞ-da Northrop firmasının oxşar layihələri mövcud idi.

Sınaqlar və qəza anları

İlk təcrübə uçuşu 1948-ci ilin 20 avqustunda avtomobil ilə çəkilərək həyata keçirilib. Daha sonra 26 avqustda Fw-44 “Stieglitz” tipli təyyarə ilə havaya qalxan THK-13, 150–200 metr yüksəklikdə idarəetmə problemi səbəbilə zəruri eniş edib və zədələnib.

İkinci və daha dramatik qəza 29 sentyabr 1948-ci ildə baş verib. Pilot Cemal Uygun təyyarəni havaya qaldırarkən gövdənin bir hissəsində yerləşən sabitləyici “mengene” alətinin çıxarılmadığı məlum olub. Bu səbəblə sağ qanadın sabitliyi pozulmuş və təyyarə havada parçalanaraq yerə düşüb. Pilot isə möcüzəvi şəkildə sağ qalıb.

VOLKA.jpeg

Niyə “xəyalət təyyarə” deyildi?

THK-13 son dövrlərdə bəzi platformalarda “ilk xəyalət təyyarə” kimi təqdim edilsə də, reallıqda onun əsas məqsədi radar görünməzliyi yox, aerodinamik sabitlik və yeni uçuş texnologiyalarının sınağı olub. Təyyarənin aerodinamik quruluşu “uçan qanad” konsepti baxımından çox irəli bir ideya olsa da, onun hərbi və ya gizli təyyarə kimi istifadəsi nəzərdə tutulmayıb.

ABŞ-ın marağı və layihənin sonu

Türkiyə bu layihəni tamamladıqdan sonra ABŞ-da fəaliyyət göstərən Northrop şirkətinə texniki sənədlər və məlumatlar göndərib. Lakin qarşı tərəfdən gələn tək reaksiya təşəkkür və broşür göndərilməsi ilə məhdudlaşıb. Rəsmi texniki əməkdaşlıq baş verməyib. Bununla belə, bu gün ABŞ-ın radar görünməzlik texnologiyasına malik B-2 “xəyalət” təyyarələrinin “uçan qanad” dizaynına malik olması, bu əlaqənin yenidən müzakirəyə çıxmasına səbəb olub.

1949-cu ildə THK-13-ün ikinci prototipi hazırlanıb, lakin artıq siyasi və iqtisadi baxımdan dəstək azaldığı üçün layihə dayandırılıb. THK-13 Parisdə təşkil olunan aviasiya sərgisində nümayiş etdirilsə də, layihənin davamı gəlməyib və Türk Hava Qurumunun Etimesgut Uçak Fabrikası da daha sonra başqa məqsədlərlə fəaliyyətini dayandırıb.

Bugünkü mənası: Tarixin unudulmuş səhifəsi

THK-13 layihəsi, texniki baxımdan o dövr üçün çox cəsarətli və qabaqcıl bir təşəbbüs idi. Bu gün Türkiyənin və Azərbaycanın pilotsuz uçuş aparatları sahəsində əldə etdiyi nailiyyətlərə baxıldıqda, THK-13 kimi layihələrin tarixi miras olaraq bu inkişaflara ruh verdiyi aydın görünür.

Azərbaycan və Türkiyənin hərbi-strateji müttəfiqliyinin dərinləşdiyi bir dövrdə, bu cür mühəndislik tarixinin birgə xatırlanması və qiymətləndirilməsi gələcək nəsillərə motivasiya ola bilər.

Musavat.com

Seçilən
30
38
musavat.com

10Mənbələr