EN

ABŞ İrana etdiyi hücumda mülki əhalini hədəf almayıb - Heqset

BAKI, TurkicWorld

ABŞ-ın həyata ekçirdiyi əməliyyatın məqsədi İranın nüvə proqramını məhv etmək olub, lakin bu zərbələr nə İran xalqını, nə də hərbi heyəti hədəf alıb.

TurkicWorld xəbər verir ki, bu sözləri ABŞ Müdafiə naziri Pit Heqset keçirdiyi təcili mətbuat konfransında deyib.

“Prezident [Donald] Tramp sülh istəyir. İran da bu yolu seçməlidir. Bizim əməliyyatımız yalnız nüvə obyektlərinə yönəlmişdi. İran xalqı və ordusu bu əməliyyatın hədəfi deyildi” - deyə, o qeyd edib.

Nazir bildirib ki, bu zərbə ilə Trampın uzun müddətdir davam edən "İran heç vaxt nüvə silahına sahib ola bilməz" siyasəti reallığa çevrilib.

Heqset əlavə edib ki, əməliyyat zamanı ilk dəfə ABŞ-ın ən güclü silahlarından biri olan MOP (Massive Ordnance Penetrator) – sığınacaq əleyhinə bomba istifadə edilib.

“Bu, əməliyyatın strateji və texnoloji uğuru ilə yadda qaldı. Dünyanın heç bir ölkəsi bu səviyyədə bir zərbə endirə bilməzdi. Aylarla planlaşdırıldı, yüksək səviyyəli gizliliklə icra edildi və dünya yalnız nəticəni gördü” - deyə, o bildirib.

Əməliyyatın adı isə “Midnight Hammer” – “Gecə yarısı çəkici” olaraq açıqlanıb. Heqset ABŞ Prezidenti Donald Trampın əməliyyatın planlaşdırılmasında və icrasında birbaşa rəhbərliyini yüksək qiymətləndirərək, onu şəxsən təbrik etdiyini bildirib.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri iyunun 22-ə keçən gecə İran ərazisində yerləşən Fordo, Nətənz və İsfahan nüvə obyektlərinə hava zərbələri endirib. Hücum nəticəsində hər üç nüvə obyektinin məhv edildiyi qeyd olunub.

Chosen
20
50
turkic.world

10Sources