Musavat.com xəbər verir ki, nazirlərin sözlərinə görə, ABŞ ordusu bu əməliyyatda ilk dəfə olaraq "Massive Ordnance Penetrator" (MOP) - yəni 30 tonluq bunker partladıcı bombalardan istifadə edib.
Bu silahlar B-2 Spirit tipli "xəyalət" bombardmançı təyyarələri ilə Fordo, Natanz və İsfahan kimi İranın strateji nüvə obyektlərinə endirilib. Bu, MOP bombalarının döyüş şəraitində ilk tətbiqi kimi hərbi tarixə düşür.
Pit Heqset bildirib ki, əməliyyat "Gecə çəkici" (Operation Midnight Hammer) adlandırılıb və əsas hədəfi İranın nüvə silahı istehsal imkanlarını dağıtmaq olub:
"Fordo obyektinə 14 ədəd MOP endirildi. Raketlər və bombalar hədəflərə dərin zərbə vurub. Bu, ABŞ hərbi texnologiyasının möhtəşəm qələbəsidir".
Əməliyyatın gedişində ABŞ donanmasından buraxılan "Tomahawk" raketləri də İsfahandakı obyektləri vurub. İlkin kəşfiyyat hesabatına görə, zərbələr nəticəsində İranın nüvə infrastrukturu "ağır zədələnib", bəzi obyektlər isə tamamilə sıradan çıxarılıb.
General Keyn əlavə edib ki, 7 ədəd B-2 təyyarəsi 18 saatlıq uçuşla müxtəlif istiqamətlərdən hərəkət edib, bəziləri "aldatma manevrləri" ilə İran HHM sistemlərini çaşdırıb. Rəsmi açıqlamaya görə, hücum zamanı ABŞ təyyarələrinə qarşı heç bir hava hücum müdafiə sistemi reaksiya verə bilməyib.
ABŞ rəsmiləri əməliyyatın məqsədinin rejim dəyişikliyi olmadığını vurğulayıb. Heqset qeyd edib:
"Biz İranın nüvə silahı əldə etməsinin qarşısını almaq istəyirik. Məqsədimiz müharibə deyil, diplomatik üstünlükdür. Amma lazım gəlsə, gücümüzü bir daha göstərəcəyik".
Qeyd edək ki, bu hücumdan dərhal sonra İran mediası müxtəlif iddialar səsləndirib, sosial şəbəkələrdə "vurulmuş B-2 təyyarələri"nə dair süni intellektlə hazırlanmış görüntülər yayılıb. Lakin ABŞ tərəfi bu iddiaları rədd edib və əməliyyatın uğurla başa çatdığını bəyan edib.
Musavat.com hücumun regional təsirlərini və Tehranın rəsmi cavabını da diqqətlə izləyir. İranın cavab vermək imkanları və qərarları Yaxın Şərqdə yeni mərhələyə keçidə səbəb ola bilər.