Leqal.info xəbər verir ki, Qərbi Azərbaycan İcmasının Suraxanı rayon nümayəndəliyinin təşkilatçılığı ilə növbəti tədbir keçirilib. Qaraçuxur bələdiyyəsinin inzibati binasında baş tutan tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şirin canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının Suraxanı rayon nümayəndəliyinin rəhbəri, Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfov belə bir görüşün 26 iyun Silahlı Qüvvələr Günü ərəfəsində baş tutmasının xoş təəssürat yaratdığını və qürurverici olduğunu bildirib. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı, 1994-cü il mayın 12-də atəşkəs haqda müqavilə imzalandı. Bundan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı: “Dahi Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi.
Heydər Əliyev ordu ilə xalq arasındakı əlaqələri yeni bir səviyyəyə qaldırdı, bu əlaqələri daha da səmərəliləşdirdi, səmimiləşdirdi”.
İxdiyar Nəcəfov qeyd edib ki, Ulu Öndərin qurub yaratdığı Azərbaycan Ordusu bu gün Müzəffər Ali Baş Komandan, Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında dünyanın ən müasir və güclü ordularından birinə çevrilib: “İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan öz inkişafının elə səviyyəsinə çatıb ki, onun üçün həll edilməsi mümkün olmayan vəzifələr yoxdur. Bunun üçün dövlətin gücü, potensialı və bu amilləri ordu quruculuğuna səfərbər etməyi bacaran ölkə rəhbərliyi var. Məhz İlham Əliyevin rəhbərlik etdiyi dövlət ordu quruculuğunun konkret vəzifələrini müəyyənləşdirir, onun həlli yollarını konkretləşdirir və vaxtında həmin vəzifələri həyata keçirir.
Güclü ordunun qurulmasının və daha da möhkəmləndirilməsinin əsas yollarından birini Prezident İlham Əliyev bu ordunun maddi-texniki bazasının müasir tələblər səviyyəsində təmin edilməsində görür. Ölkənin Ali Baş Komandanının rəhbərliyi ilə bu məsələ kompleks şəkildə həll olunur və həmin məqsədlə iqtisadiyyatımızın inkişafına xüsusi diqqət yetirilir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə yol açan böyük Zəfərdən sonra ordu quruculuğunun yeni bir səhifəsi açıldı. Azərbaycan Ordusunda, onun rəhbər strukturlarında, hərbi təhsil sistemində çox ciddi dəyişikliklər baş verdi. Hər il dövlət büdcəsindən ordu quruculuğuna ayrılan vəsait daha da artırılır. Bütün bunların nəticəsidir ki, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dünya hərb təcrübəsi üçün nadir olan 44 günlük Vətən müharibəsini və antiterror əməliyyatını həyata keçirdi”.
İxdiyar Nəcəfov həmçinin Qərbi Azərbaycan İcmasının təsis etdiyi “Qayıdış Konsepsiyası”na toxunaraq dogma yurd-yuvalarından qaçqın düşmüş soydaşlarımızın gec-tez dogma torpaqlarına qayıdacaqlarını vurğulayıb. Onun sözlərinə görə, qüdrətli Azərbaycan dövləti soydaşlarımızın həmin torpaqlara qayıdışını daim gündəmdə saxlayır: “Qərbi Azərbaycandan qovulmuş bütün azərbaycanlıların öz yurdlarına qayıtmaq hüququnu bərpa etmək üçün qəbul edilən “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” böyük əhəmiyyətə malikdir. Qərbi Azərbaycan İcmasının təsis etdiyi “Qayıdış Konsepsiyası” indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etmək olan və bu sahədə fəaliyyətinin əsas istiqamətlərini müəyyən edən sənəddir. Prezident İlham Əliyevin bu məsələyə ayırdığı diqqət və qayğı xüsusi qeyd olunmalıdır”.
Tədbirdə İxtiyar Nəcəfovla yanaşı, Suraxanı Rayon Ağsaqqallar Şurasının sədr müavini, şəhid atası Əli Qassımov, şəhid anası Arzu Qəhrəmanova, qazi Rafiq Rəhimli, ziyalılar Niftalı Göyçəli, Bəxtiyar Nəcəfov, Orxan Muxtarov, ehtiyatda olan polkovnik Firdovsi Xəlilov da çıxış edərək öz fikirlərini bölüşüblər. Sonda iştirakçıların təşəbbüsü ilə Qərbi Azərbaycan İcmasının Suraxanı rayon nümayəndəliyinin Hövsan və Əmircan qəsəbələri üzrə nümayəndəlikləri yaradılıb.





Leqal.info