EN

İranın yeraltındakı gizli nüvə obyekti - Fordo nədir?

BBC Verify ve BBC Vizual Jurnalistika Komandası

İyunun 22-də ABŞ İranda Fordo, Natanz və İsfahan nüvə obyektlərini vurub, ABŞ Prezidenti Donald Trump deyib.

İranın dövlət mediası deyib ki, Fordo obyekti "düşmən hücumlarına" məruz qalıb.

Tehranın cənubunda, bir dağın içində gizlədilmiş uran zənginləşdirmə qurğusu İranın nüvə məqsədləri baxımından həyati əhəmiyyət daşıyır. Eyni zamanda, İsrailin İrandakı nüvə infrastrukturunu məhv etmə cəhdlərinin də mərkəzində yer alır.

İsrail İranın hava məkanında üstünlük qazanmış ola bilər; lakin İngiltərə ilə Fransanı birləşdirən La-Manş tunelindən daha dərində yerləşdiyi düşünülən Fordo nüvə obyektinə İsrailin silahları hələ də çata bilmir.

Bu obyekti məhv edə biləcək qədər güclü bombanın yalnız ABŞ-ın arsenalında olduğu güman edilir. Belə bir hücum Yaxın Şərqdə müharibəni daha təhlükəli bir mərhələyə daşıya bilər.

İranın yalnız dinc məqsədlərlə istifadə olunduğunu iddia etdiyi, lakin İsrailin mövcudluğuna təhdid kimi gördüyü bu sirli obyektə daha yaxından nəzər salaq.

Fordo Zənginləşdirmə Obyekti nədir?

Fordo obyekt paytaxt Tehranın təxminən 96 km cənubunda, Qum şəhərinə yaxın dağlıq ərazidə yerləşir.

Fordodakı kompleks, əslində İranın elit İnqilab Keşikçiləri Ordusu tərəfindən istifadə olunan bir sıra tunellərdən ibarət idi. Lakin Qərb kəşfiyyat xidmətlərinin bu qurğunu üzə çıxarmasından sonra İran 2009-cu ildə bu zənginləşdirmə qurğusunun mövcudluğunu etiraf etdi.

Yeraltı qurğunun, uranı zənginləşdirmək üçün istifadə olunan santrifuqaların yerləşdiyi iki əsas tunel və bir sıra daha kiçik tunellərdən ibarət olduğu düşünülür.

Fordo məhv edilə bilməzmi?

Fordo obyekti, yerin dərinliyində yerləşdiyinə görə İsrail ordusu üçün son dərəcə çətin bir hədəfdir.

Bu qurğuda ciddi zərər yaratmaq üçün səthdən xeyli dərinliyə nüfuz edə bilən xüsusi "sığınacaq deşici" sursat tələb olunur.

İsrailin də belə silahlara sahib olduğu düşünülür; lakin bu sursatlar yalnız 10 metr dərinliyə qədər təsirli ola bilir.

Halbuki ABŞ-ın arsenalında Fordonu vura biləcək gücdə bir bomba mövcuddur: 13.000 kq çəkisində olan GBU-57 "Massive Ordnance Penetrator" (MOP).

Müdafiə kəşfiyyat şirkəti Janes-ə görə, MOP ağır gövdəsi və böyük kütləsi sayəsində partlamadan əvvəl təxminən 18 metr beton və ya 61 metr torpaq dərinliyinə nüfuz edə bilir.

Lakin analitiklərin fikrincə, Fordodakı tunellərin səthdən 80–90 metr dərinlikdə yerləşməsi səbəbilə, MOP ilə ediləcək bir hücumun belə qurğunu tamamilə məhv edəcəyinə dair heç bir zəmanət yoxdur.

Fordo ilə müqayisədə xeyli daha səthi olan digər yeraltı qurğu – Natanzın təxminən 20 metr dərinlikdə yerləşdiyi təxmin edilir.

İsrail bu qurğunu daha əvvəl hədəf almışdı və mütəxəssislər Natanzın hazırda "ya ciddi şəkildə zədələnmiş, ya da demək olar ki, tamamilə məhv edilmiş" vəziyyətdə olduğunu düşünürlər.

BBC-nin informasiya təsdiqləmə xidməti BBC Verify-a danışan İrlandiya Ordusunun təqaüddə olan vitse-admiralı Mark Mellett, bu cür "sığınacaq deşici" bombaların Fordo kimi bir qurğunu məhv edib-edə bilməyəcəyinin, tunellərin nə dərəcədə möhkəmləndirildiyindən asılı olduğunu bildirir.

İran, bu cür sursatların xüsusiyyətlərini bilir. Hansı tip sursata qarşı dayanıqlı olmaları lazım olduğunu da... Əsas sual budur: Fordo obyekti bu cür sursatların çata bilməyəcəyi bir nöqtədədirmi?"

Chosen
23
50
bbc.com

10Sources