EN

Şuşa Fransa səfirini heyran etdi

Gümüş kimi bərq vuraraq Qarabağı nurlanıdıran Şuşaya ilk dəfə səfər etdiyini və onu kəşf etmək imkanı qazandığını bildirən Ann Buayon bu tarixi şəhərin Azərbaycan xalqının qəlbində çox əziz bir yeri olduğunu, Azərbaycan mədəniyyətində çox mühüm rol oynaıdığını bir daha vurğulayıb

İkinci Qarabağ müharibəsində Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamış Şuşanın azad olunduğu gün Prezident İlham Əliyev tərəfindən tariximizə Zəfər Günü kimi təsbit edildi. 1992-ci il mayın 8-də Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilən Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edildi. Bu siyahıya Xan və Qaxal mağaraları, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Erməni faşistləri Azərbaycana məxsus olan bir çox abidəni məhv etdilər və ya erməniləşdirməyə cəhd göstərdilər. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıtdılar.

Vətən müharibəsində əldə edilən Zəfər nəticəsində Şuşada həyat yenidən dirçəlməyə başladı. Prezident İlham Əliyev 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etdi. Bu Sərəncamla Vaqif Poeziya Günləri və “Xarıbülbül” festivalı da bərpa olundu, bayram bayrama qovuşdu. 2021-ci il mayın 12-13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa iyirmi doqquz ildən sonra yenidən “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi. Prezident İlham Əliyev bu günü ölkəmizin tarixində əlamətdar gün kimi dəyərləndirdi. Ölkəmizin başçısı uzun illərdən sonra Cıdır düzündə “Xarıbülbül” festivalının keçirilməsi münasibətilə xalqımızı təbrik edərək bildirdi ki, biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq. Ölkəmizin başçısı çıxışında qeyd etdi ki, bundan sonra biz Şuşada əbədi yaşayacağıq, Şuşanın bərpa edilməsinə artıq başlanılıb: “Xarıbülbül” festivalı bu qədim diyarımızda hər il keçiriləcək: “Biz Şuşanı quracağıq, bərpa edəcəyik, mənfur düşmən isə Şuşanı dağıdırdı. İndi siz-burada olan vətəndaşlar, dostlar gəzəcəksiniz, görəcəksiniz ki, Şuşa hansı dağıntılara məruz qalıb. Amma yenə də deyirəm, biz Şuşamızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi qəlbimizdə yaşatmışdıq. Dağıdılmış məscidləri biz bərpa edəcəyik, amma o məscidlər işğal dövründə bizim qəlbimizdə ucaldılmışdı. İndi isə biz burada, Cıdır düzündə-hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik”.

Prezident İlham Əliyev ölkəmizdə 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı Sərəncam imzaladı.  Şuşa şəhərinin 270 illiyi böyük sevinc və qürur hissi ilə qeyd edildi. Ölkəmizin başçısının digər sərəncamları ilə Şuşa 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, 2024-cü ildə isə “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildi.

Qırx dörd günlük Vətən müharibəsindən sonra bu Qələbəmizin ilhamvericisi, təşkilatçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin uğurla reallaşdırılması sayəsində Şuşa bu gün çiçəklənən diyara çevrilir, tarixi-dini abidələrimiz yenidən bərpa olunaraq əvvəlki şöhrətinə qovuşur, soydaşlarımız öz ata-baba yurdlarına qayıdırlar. 

Azərbaycanın mədəniyyət paytaxtı olan, vaxtilə “Kiçik Paris”, “Zaqafqaziyanın konservatoriyası” adlandırılan, azad, abad Şuşa bu gün yerli və beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərləri Şuşaya səfər edərək Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşilikləri, cinayətlərin izlərini görür, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə həyata keçirdiyi yenidənqurma işləri ilə tanış olurlar. Bu yaxınlaradək Şuşaya getməkdən imtina edən Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon, necə deyərlər, şeytanaın qıçını qıraraq bu günlərdə Şuşaya səfər edib. Öz gözəlliyi ilə Tanrıların belə ürəyini fəth edən Şuşa xanım səfiri sözün əsl mənasında heyran edib. Gümüş kimi bərq vuraraq Qarabağı nura boyandıran bu gözəl şəhərə ilk dəfə səfər etdiyini və onu kəşf etmək imkanı qazandığını bildirən səfir Ann Buayon bu Şuşanın Azərbaycan xalqının qəlbində çox əziz bir yeri olduğunu, Azərbaycan mədəniyyətində çox mühüm rol oynaıdığını bir daha vurğulayıb: “Biz Azərbaycanın mədəniyyətini formalaşdıran görkəmli bəstəkarlar və şairlərə həsr olunmuş bir neçə muzeyi ziyarət etdik. Tikinti işlərindən və bu mühüm mədəniyyət ocaqlarının, Azərbaycan mədəniyyətinin simvollarının yenidən canlandırılaraq ziyarətçilərin üzünə açılmasından çox təsirləndim. Bəli, insanlara Şuşaya səfər etməyi tövsiyə edirəm, çünki düşünürəm ki, bu, Azərbaycanı daha yaxından tanımaq üçün yaxşı bir yoldur”.

Zahid Rza, “İki sahil”

Chosen
37
ikisahil.az

1Sources