EN

Azərbaycanla razılıq olmadan Ermənistanın Türkiyə arzusu gözündə qalacaq...


Ermənistan baş nazirinin Türkiyəyə səfəri, bunun nə ilə nəticələnəcyi ekspert dairələrində geniş müzakirə predmetidir. Rəsmi məlumatlara əsasən, Ermənistan baş naziri və Türkiyə prezidenti İstanbulda görüş zamanı iki qonşu ölkə arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər.

Nikol Paşinyan və Rəcəb Tayyib Ərdoğan konstruktiv dialoqun davam etdirilməsinin və konkret nəticələrin əldə olunmasının vacibliyini vurğulayıblar.

Paşinyan Ermənistanın regionda sülh və sabitliyin bərqərar olması prosesinə sadiqliyini vurğulayaraq, qonşular ilə münasibətlərin normallaşdırılması siyasətinin davam etdirilməsi öhdəliyini bir daha təsdiqləyib. İki ölkənin liderləri birbaşa təmasları və dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər. Türkiyə Prezidenti Administrasiyasının məlumatına görə isə, görüşdə Bakı ilə İrəvan arasında sülh danışıqları zamanı əldə olunan razılaşmalara xüsusi diqqət yetirilib. Ərdoğan deyib ki, Ankara regionun qarşılıqlı fayda prinsipləri əsasında inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edəcək. O, İsrailin İrana zərbələri ilə bağlı təhdidlərə işarə edərək gərginliyin azaldılması üçün səylərin vacibliyini vurğulayıb. Ərdoğan vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə bölgə liderləri ilə sıx təmasları davam etdirdiyini bildirib. Xatırladaq ki, Paşinyan iyunun 20-də Türkiyəyə işgüzar səfərə gedib. Ermənistan liderləri daha əvvəl də müxtəlif səbəblərlə Türkiyəyə səfərlər ediblər. Amma Paşinyanın bu səfəri fərqlənir, o, nə rəsmi, nə də qeyri-rəsmi tədbirlərlə, məsələn, andiçmə və ya futbol oyunu ilə bağlı deyil. Paşinyanın Türkiyəyə səfərini onun partiyadaşları tarixi hal adlandırıblar. Paşinyanla yanaşı, Ermənistan diplomatiyasının rəhbəri Ararat Mirzoyan, xarici işlər nazirinin müavini Vahan Kostanyan, Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi, parlamentin vitse-spikeri Ruben Rubinyan da İstanbulda olub. Rusiyalı analitik Andrey Petrov qeyd edir ki, Nikol Paşinyanın Türkiyəyə səfəri Ermənistanın regionda mövqeyini sabitləşdirmək siyasətinin nəticəsidir: “Ermənistan rəhbərliyinin Türkiyəyə səfərləri nadir hadisədir, lakin istisna deyil: Paşinyan özü iki il əvvəl prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi üçün Ankaraya uçmuşdu və bundan 13,5 il əvvəl, 2009-cu ilin oktyabrında prezident Serj Sarkisyan Bursaya səfər edərək prezident Abdullah Güllə görüşmüşdü. Ermənistanda “Qarabağ klanı”nın millətçiləri hakimiyyətdə idilər, onlar üçün Ankara ilə dialoqun görünməsi Azərbaycan ərazilərinin işğalına dəstək şansı kimi maraqlı idi. Müasir İrəvanın məqsədi “mühasirəyə alınmış qala”nın əvvəlki dövlət strategiyasını aradan qaldırmağa və ilk olaraq Ermənistanın Cənubi Qafqazda mövcudluğunu normallaşdırmağa yönəlib. Dərhal qeyd etmək lazımdır ki, bugünkü Ermənistan regional vəziyyəti normallaşdırmaq vəzifəsinə müəyyən qədər birtərəfli yanaşır, Türkiyə ilə əlaqələr qurmaq cəhdlərinə diqqət yetirir və Azərbaycanla münasibətlərin qurulmasının vacibliyini lazımınca qiymətləndirmir.

İrəvanın xarici siyasət fəaliyyətinin bütün kompleksi Bakı tərəfindən separatizm ocağının aradan qaldırılmasından sonra özünü büruzə verir. Azərbaycan qıcıqlandırıcı separatçı amilin tamamilə aradan qaldırılmasına nail oldu. İrəvan Azərbaycanla ənənəvi münasibətlərə müsbət yanaşan Donald Trampın inaqurasiyasından sonra Bakı ilə sülh müqaviləsinin yekun mətnini razılaşdırdı. İndi Bakı ilə dialoqdakı irəliləyişdən Ankara ilə təmaslarda da eyni mənada istifadə edirlər”. Andrey Petrov bildirir ki, Ərdoğanla danışıqlar zamanı Paşinyan ilk növbədə İrəvanın Türkiyə-Ermənistan sərhədini mümkün qədər tez açmaq istəyindən danışıb: “Ermənistan artıq Marqara keçid məntəqəsini tam bərpa edib və işə hazırlayıb. Türkiyəyə heç bir ilkin şərt qoymadan, sadəcə olaraq, birbaşa nəqliyyat əlaqələrini bərpa etməyi təklif edir. Paşinyana bu, həm Ermənistan iqtisadiyyatının inkişafı, həm də Ermənistan iqtisadiyyatının bütün yaxşı ixracatını asanlaşdırmaq üçün lazımdır. Bu, ona siyasi təbliğat üçün də vacibdir. Parlament seçkiləri ərəfəsində o, əhaliyə hakimiyyətin uğurları kimi təqdim oluna biləcək hadisələrə xüsusi ehtiyac duyur”. Ekspert vurğulayıb ki, Türkiyə Ermənistanın tələbi ilə regional siyasətini dəyişməyəcək: “Türkiyə Azərbaycanın müttəfiqidir və onların müttəfiqliyi çox fəaldır: bir gün əvvəl prezident İlham Əliyev Bakının inşa etdiyi yeni yaşayış massivinin açılış mərasimində iştirak etmək üçün Türkiyənin Kahramanmaraş bölgəsinə uçdu və üç həftə əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Laçın rayonuna səfər etdi. Bu arada, Türkiyənin Ermənistanla bağlı heç bir maraqları yoxdur - onlar 30 il əvvəl yarana bilərdi, lakin Qarabağ müharibəsi və Azərbaycan ərazilərinin 20% -nin Ermənistan qoşunları tərəfindən işğalı bunun qarşısını aldı. Ermənistan Türkiyə Azərbaycanın maraqlarını nəzərə almadan münasibətlər qurmağı təklif edir, o, həmişə eyni “yox” cavabını eşidir, çünki Ankaranın belə bir addım atmasına heç bir əsası yoxdur”. Andrey Petrov vurğulayıb ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının əhəmiyyətini lazımınca dəyərləndirməmək Ermənistanı geosiyasi dalana dirəməkdə davam edir: “Nikol Paşinyan Türkiyə sərhədlərini açmaq istəyirsə, o, Türkiyənin şərtini təmin etməlidir - sülh müqaviləsi imzalamalı və Azərbaycanla diplomatik əlaqələr qurmalıdır. Bu, Ermənistan Konstitusiyasının Qarabağa qarşı ərazi iddialarının aradan qaldırılmasını tələb edir. Ermənistanın mövqeyində hələlik heç bir dəyişiklik əlaməti yoxdur. Türkiyə Ermənistandan Azərbaycanla münasibətləri tənzimləmək üçün əməli addımlar gözləyir”.

Tahir TAĞIYEV

Chosen
24
baki-xeber.com

1Sources