EN

İmtahanda yüksək nəticə göstərən, Şuşada yaşayan müəllim: "O səhvi özümə bağışlaya bilmirəm" - MÜSAHİBƏ

BAKI, 21 iyun. TELEQRAF

Bu il işğaldan azad edilmiş ərazilərdə müəllimlərin ilk sertifikasiya imtahanı keçirilib. Şuşa şəhər 1 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Aynur Abasova sertifikasiya imtahanında 55 bal toplayıb.

"Teleqraf" İnformasiya Agentliyi Şuşada coğrafiya fənni üzrə ilk dəfə təşkil edilən sertfikasiya imtahanında yüksək nəticə göstərmiş Aynur müəllimlə ilə müsahibə edib.

- Aynur müəllimə, əslən şuşalısınız?

- Xeyr, əslim Qubadandır. 1987- ci ildə Sumqayıtda anadan olmuşam. 2005-ci ildə Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsi 6 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirmişəm. Elə həmin il 616,6 balla Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinə qəbul olub 2009-cu ildə fərqlənmə diplomu ilə bitirmişəm.

- İlk iş yeriniz hansı məktəb olub?

- Universiteti bitirdiyim il təyinat xətti ilə Qubada Püstəqasım kənd tam orta məktəbində müəllim kimi fəaliyyət göstərmişəm. 2014-cü ildə müəllimlərin yerdəyişmə imtahanında uğur qazanaraq Abşeron Ceyranbatan Peşə Liseyinə işə qəbul olunmuşam. 2020-ci ildə müəllimlərin işə qəbul imtahanında iştirak edərək 53 balla Sumqayıt şəhərində yerləşən Qubadlı rayon B. Məmmədov adına Fərcan tam orta məktəbinə işə qəbul olunmuşam.

- Bəs Şuşa məktəbiylə yollar necə kəsişdi?

- Həyat yoldaşım şuşalıdır. 2009-cu ildə ailə həyatı qurmuşuq. Bir oğlumuz və bir qızımız var. 2024-cü ildən isə "Böyük Qayıdış"la bağlı ailəmlə birlikdə Şuşaya köç etmişəm. O vaxtdan da Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi kimi fəaliyyət göstərirəm.

Dəfələrlə MİQ imtahanlarında iştirak etmişəm

- Aynur müəllimə, sertifikasiya imtahanına hazırlaşmışdınız?

- Təvazökarlıqdan uzaq olsa da, qeyd edim ki, mən məsuliyyətli insanam, həmişə öz üzərimdə işləmişəm, belə deyim, kitab əlimdən düşmür. Daim yenilikləri axtarır, araşdırır, tanış oluram. Yeni təhsil prinsipləriylə ayaqlaşmaq üçün özümü daim inkişaf etdirirəm. Əvvəllər sertifikasiya imtahanları olmayan dövrlərdə də həmişə öz üzərimdə çalışmışam. Dəfələrlə MİQ imtahanlarında iştirak etmişəm. Sertifikasiya imtahanı keçiriləcəyini öyrənəndə məsuliyyət bir az da artdı. Ümumilikdə bu il mənim üçün xeyli çətin oldu. Belə ki, Şuşaya köç etdik, bura gözəl, abad bir şəhərdir, füsunkar təbiəti, heyrətamiz havası var. Adaptasiya olmaq elə də çətin olmadı, amma yeni bir mühitə düşmək istər-istəməz müəyyən çətinliklər yaradır. Yeni məktəb, yeni iş mühiti, yeni iş yoldaşları… Bu il gərgin rejimdə işlədik, əlimizdən gələni etməyə çalışdıq ki, Şuşa məktəbi ön cərgələrdə olsun. Bu baxımdan bu il mənim üçün müəyyən çətinliklər və maraqlı tarixi hadisələrlə dolu oldu.

- Şuşada ilk sertifikasiya imtahanı, üstəlik, coğrafiya fənni üzrə də imtahan ilk dəfə keçirilirdi. Necə hiss idi?

- İmtahandan əvvəlki gecə düşündüm ki, “Aynur, sən Şuşada ilk sertfikasiya verəcək müəllimlərdənsən və bu, tarixi bir hadisədir”. Direktorumuz Səbinə Gözəlova, regional təhsil idarəsinin müdiri Sənan bəy, hamısı imtahan verdiyimiz məkanda idilər, sağ olsunlar, imtahandan əvvəl bizə böyük dəstək verdilər. İmtahanlar olduqca şəffaf, düzgün təşkil edilmişdi. İmtahan zalında nizam-intizam, qayda-qanun – hər şey yerində idi.

Suallar çətin deyildi

- Sertifikasiya imtahanı sualları barədə nə deyə bilərsiniz?

- Sertifikasiya sualları çox çətin deyildi. Dediyim ki, MİQ imtahanlarında da olmuşam, amma sertifikasiya sualları bir qədər rahat idi. Asan, orta, çətin səviyyələrdə, düşündürücü, maraqlı suallar vardı. İxtisasdan iki səhvim oldu. O səhvləri özümə bağışlaya bilmirəm. İmtahan həyəcanı səbəbindən o iki sualdan balları itirdim. İmtahandan 55 bal yığdım. Hədəfim 60 olsa da bu bal da məni qane etdi.

Sertifikatlaşdırma müəllimlərin dünya təhsilində baş verən yeniliklərlə ayaqlaşmasına fayda verir

- Aynur müəllimə, sizcə, sertifikasiya imtahanlarının müəllimlər üçün hansı faydaları var?

- Vicdanlı müəllim heç bir imtahanı gözləmədən daim öz üzərində çalışmalıdır ki, dərsi keyfiyyətli təşkil edə bilsin, şagirdlərə istiqamət verə bilsin, onları inkişaf etdirə bilsin. Sertifikatlaşdırma isə müəllimlərdə həyəcan yaratsa da, eyni zamanda məsuliyyəti artırır. Nəticədə müəllim öz üzərində çalışır. Sertifikatlaşdırma imtahanı müəllimlərin dünya təhsilində baş verən yeniliklərlə ayaqlaşmasına, pedaqoji səriştəsinin artırılması, bilik-bacarıqlarının təkminləşdirilməsinə kömək edir. Ümid edirəm, gələcəkdə bu istiqamətdə fərqli işlər də olar. Məsələn, ixtisasartırma üçün müəllimlərə təlimlər keçirilə bilər.

Uşaqlarımız hərtərəflidir

- Bir neçə məktəbdə fəaliyyət göstərmisiniz, maraqlıdır, Şuşa məktəblilərinin səviyyəsi sizi qane edir?

- Bəli, Şuşa məktəbinə qədər üç məktəbdə işləmişəm. Hər məktəbdə yüksək və orta səviyyədə oxuyan uşaqlar olub. Amma o uşaqların hər biri hansısa bir bacarığına, qabiliyyətinə görə seçiliblər. Şuşa məktəbində dediyim kimi, hərəmiz bir tərəfdən gəlmişdik, uyğunlaşmaq, adaptasiya çətin oldu. Şuşa məktəbində də hər səviyyədə uşaq var. Yeni texnologiyalardan, innovasiyalardan xəbərdar, qabaqcıl şagirdlərimizlə yanaşı orta səviyyəlilər də var. Biz müəllimlər də çalışırıq ki, şagirdlərimizi ilk növbədə vətənpərvər ruhda öyrədək, vətəni sevməyi aşılayaq, təhsillə yanaşı ən vacib missiyamız budur, məncə.

Hazırda öz məktəbimizdən danışa bilərəm ki, Prezidentimiz sağ olsun, Şuşada bütün standartlara cavab verən, tam təmirli, yeni məktəb açıldı. Bu məktəbdə oxuyan hər şagird çox şanslıdır, eləcə də, belə bir məktəbdə işləmək hər bir müəllimin arzusudur. Bu məktəbdə işləməyimlə fəxr edirəm. Qarabağın incisi olan Şuşada yaşamaq, işləmək sözün əsl mənasında, xoşbəxtlikdir.

Şuşa məktəbinin şagirdləri hərtərəflidirlər: həm rəqs bacarıqları, həm rəsm, həm texnoloji qabiliyyətləri var. İdmançılarımız, musiqi istedadı olan uşaqlarımız var. Yeni nəslin hərtərəfli inkişafı bizi sevindirir. Bundan sonra da Şuşada şagirdlərimizin rəngarəng fəaliyyəti üçün dərnəklər, kurslar açılar. Bir sözlə, çalışqan uşaqlarımız çoxdur.

- Şuşada müəllim işləmək necə hissdir bəs?

- Şuşada müəllim işləmək əlbəttə ki, böyük şərəfdir. Bu şərəfli peşəni burda davam eləmək, Şuşanın balaca sakinlərinə bu dərsi sevə-sevə öyrətmək mənim üçün böyük fəxrdir.

- Övladlarınız şəhərdən Şuşaya köçməyi necə qarşıladılar?

- Şuşaya sakinlərin qayıdışı ilə bağlı mənə tez-tez zənglər gəlirdi ki, müəllimə Şuşada işləmək istərdinizmi? Mən də hər dəfə tərəddüdsüz bəli deyərdim. Və nəhayət o sevincli xəbəri aldıq. 2024- cu il sentyabrın 7- də Şuşa şəhərinə köçümüz baş tutdu. Övladlarım da öz dədə - baba yurdlarında yaşamağa böyük can atırdılar. İndi də burda çox xoşbəxtdirlər.

Chosen
9
teleqraf.com

1Sources