EN

Olmasın bu il, olsun gələn il

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Növbəti tədris ilinə tələbə kimi başlamaq istəyən abituriyentlər hazırda ən çətin mərhələni yaşayırlar. 11 illik əziyyətin bəhrəsi məhz bu iki-üç ayın içərisində özünü göstərir. Məsuliyyət və gərginlikdən dolayı əksər abituriyentlər bu dövrü çətin keçirirlər. Belə bir həssas dönəmdə ətrafdakıların dəstəyi olduqca vacibdir. Xüsusilə də, ailə üzvlərinin. Amma təəssüf ki, bəzən valideynlər övladlarına dəstək olmaq əvəzinə bilərəkdən, ya bilməyərəkdən vəziyyəti daha da mürəkkəbləşdirirlər. Xüsusilə də, qəbul imtahanından öncə yaşanan neqativ hallara abituriyentlərin psixologiyasına ciddi təsir göstərir.

Psixoterapevt Elmir Əkbərin sözlərinə görə, bu məsələyə dırnaqarası baxılarsa, böyük problemlər yarana bilər: "Bu, çox həssas məsələdir. İmtahanlardan sonra cəmiyyət olaraq bəzən çox böyük məyusluqlar yaşayırıq. Təəssüf ki, ildən-ilə neqativ hallar artmaqdadır. Buna görə də valideynlər bir sıra məqamlara diqqət yetirməlidir. Əvvəla, valideyn övladına sözün hər mənasında izah etməlidir ki, övladı ona əldə etdiyi hansısa nəticəyə görə yox, özlüyündə dəyərlidir, ona olan sevgi təmənnasız sevgidir. Valideyn övladını inandıra bilməlidir ki, əldə ediləcək nəticə heç bir əhəmiyyət kəsb etmir".

Mütəxəssis bildirib ki, ehtiyac yarandığı halda peşəkarlara müraciət mütləqdir: "Valideyn tənqidi yanaşmaq əvəzinə, övladına ümidverici sözlər deməli, həyatın bu imtahanla bitmədiyini, qarşıda onu böyük şansların gözlədiyini xatırlatmalı, daim ona dəstək olacağını hiss etdirməlidir. Bundan savayı, psixoloji həssas, həyəcana meyilli uşaqlar mütləq psixoterapevtik müalicə götürməlidirlər. Hər bir uşağın xarakter tipinə uyğun olaraq ona imtahanda necə davranmalı olduğu aşılanmalıdır. Məsələn, imtahan zamanı cavabları yazmağa hansı fəndən başlasın, hansı fənni sona saxlasın. Hansı taktikadan istifadə etsin, yaxud da stress yaşamamaq üçün necə davransın. Bütün bunların üzərində işləmək lazımdır. Nevroloqlar bəzən imtahan öncəsi sakitləşdirici dərmanlar yazırlar. Nevroloji dərmanları qətiyyən imtahana girən uşağa vermək olmaz. Söhbət xüsusilə də, sakitləşdirici dərmanlardan gedir. Həmin vasitələr beynin ali sinir fəaliyyətini süstləşdirir. Belə olan halda abituriyent imtahan zamaını özünü toplayıb bildiyini də yaza bilmir. Çünki beyin aktiv iş rejimindən süst yuxu rejiminə bənzər bir vəziyyətə keçir. Bu isə qətiyyən imtahanda lazım deyil. Əksinə, stimul verən şeylər olmalıdır ki, beynin gücünü artırsın. Beynin işləmə gücünü artıran preperatlar da var. Hansı ki, onlar konsentrasiyanı gücləndirir. Ancaq bunlar da xüsusi yanaşma tələb edir və hər bir abituriyentin psixoloji portretinə uyğun seçilməlidir. Bundan savayı, imtahan öncəsi düzgün rejim tətbiq olunmalı, yuxu və qidalanmaya diqqət edilməlidir. Hər iki məqam abituriyentin imtahan nəticələrinə təsir göstərən faktorlardır. Ən acınacaqlısı odur ki, bəzi müəllimlər imtahandan bir gün qabaq abituriyentləri yükləyirlər. Buna qətiyyən yol vermək olmaz. Sonda bütün abituriyentlərə uğurlar arzulayıram".

Təhsil eksperti Elçin Süeymanov bildirib ki, bu məsələdə müasir dövrün təhsil imkanlarını nəzərə almaq lazımdır: "Bu aylar abituriyentlər üçün həssas dövrdür. Təbii ki, valideynlər övladlarını stresdən uzaqlaşdırmalıdırlar. Onu da qeyd edim ki, son illərdə qəbul sistemindəki dəyişikliklər abituriyentlərin stressini müəyyən qədər azaldıb. Çünki buraxılış imtahanı tək olsa da, imtahan iki mərhələdən ibarətdir, yəni iki şans var. Valideyn övladının potensialını bilirsə, nəticələr zəif olduğu təqdirdə çox üzərinə getməməlidir. Maddi məsələlərdən narahat olan abituriyentlər isə düşünməlidir ki, indi ölkəmizdə dövlət sifarişli yerlərin sayı artıb. 70 minə yaxın plan yerinin yarısından çoxu dövlət sifarişlidir. Bu, kifayət qədər yaxşı göstəricidir. Üstəlik, tələbə təhsil krediti vasitəsilə ödənişli oxuyan tələbələrə dəstək var. Ona görə də, abituriyent ödənişli əsaslarla qəbul olsa belə, buna görə stressə düşməyə dəyməz. Tutaq ki, bu il istədiyi yerə qəbul ola bilməyibsə, bir il daha hazırlaşa bilər. Bir sözlə, artıq təhsil almaq imkanları daha da artıb. Ona görə də, valideynlər övladlarını çox sıxmamalı, rəqabət, yarış atmosferinə salmamalıdır. Bilməlidirlər ki, bu, son deyil, başlanğıcdır. Bu mərhələdə övladlarına dəstək olmalıdırlar. Basqı abituriyentləri gərgin vəziyyətdə saxlayır, bu isə intihara qədər apara bilər. Ona görə də, valideynlər hazırkı dövrdə həssas olmalı, övladına başa salmalıdır ki, bu, sadəcə bir imtahandır. Qarşıda onu hələ çox imtahanlar gözləyir".

Murad da tələbə adına namizədlər sırasındadır: "İlk imtahanda yaxşı nəticə göstərdiyim üçün ikinci mərhələdə nisbətən az həyəcanlanıram. İstənilən halda zəif nəticə göstərmək istəmirəm. Bunun üçün də əlimdən gələni edirəm. Ailəm də bu mərhələdə mənə psixoloji cəhətdən çox dəstək olur. Hədəfim ingilis dili üzrə təhsil almaqdır. Əslində, uşaqlıqdan güləşlə məşğul olduğum üçün bu istiqamətdə davam etmək istəyirdim. Ancaq anamın təkidi ilə bu istəyimin üzərindən xətt çəkməli oldum. O deyir ki, idmanla paralel başqa bir sahədə diplomun olması çox vacibdir. Ümumiyyətlə, ailəmizdə ali təhsilə çox önəm verirlər. Buna görə də, mənim təhsilim üçün valideynlərim əllərindən gələni edirlər. Mən də onların etimadını doğrultmağa çalışıram.

Əgər ingilis dili ixtisasına qəbul olsam, tələbə ikən də işləyə bilərəm. Uşaqlıqdan bu dilə böyük marağım olduğu üçün müəyyən qədər bazam da var. Beləcə oxuya-oxuya həm öz xərclərimi qarşılayaram, həm də ailəmə maddi dəstək olaram. Bir çox dostlarım da mənim kimi tələbatlı və gələcəyi olan ixtisaslarda təhsil almaq istəyirlər. İndi əsas hədəfim sonuncu imtahanı da yaxşı verməkdir. Ümid edirəm ki, qarşıma qoyduğum məqsədə çata biləcəyəm".

Muradın da sözlərindən məlum olduğu kimi, bu prosesdə əsas tərəflərdən biri də valideynlərdir. Bəzən sözügedən məsələdə, xüsusilə də, abituriyent zəif nəticə göstərən zaman valideynlərin rəqabətdən dolayı qeyri-adekvat davrandığını arqument gətirirlər. Təbii ki, belə hallar həmişə olub, indi də var. Ancaq məsələyə yalnız bu yöndən baxıb bütün neqativ davranışları "xalxın uşağı" tezisinin ayağına yazmaq olmaz. Qohum-qonşu paxıllığı bir yana, axı valideyn özü də övladının yaxşı nəticə göstərməsini istəyir. İllərlə boğazından kəsib övladının təhsilinə pul xərcləyən o qədər adam tanıyıram ki. Onlar da övladları kimi bu mərhələni çətin keçirir, gələcək qayğısından dolayı bəzən adekvat davranmaya bilirlər. Təbii ki, buna haqq qazandırmaq olmaz, ancaq əsas niyyətin mahiyyətinə varmaqda fayda var. Valideynlər bilməlidir ki, bu mərhələdə abituriyentin üzərinə getmək, etdiyi fədakarlıqları daim xatırlatmaq fayda verməyəcək. Nəticə etibarilə bu bir-iki həftə 11 illik təhsil dövründən sonra heç nəyi dəyişmir. Buna görə, imtahan ərəfəsində valideynlər də övladlarına qarşı maksimum anlayışlı davranmalı, üstəlik,  istənilən nəticəyə hazır olmalıdırlar. Çünki onları qarşıda daha çətin mərhələ gözləyir. Söhbət ixtisas seçimindən gedir. Sirr deyil ki, əldə olunan uğurlu imtahan nəticəsi belə ildən-ilə dəyişən qəbul şərtlərindən dolayı arzulanan ixtisasa qəbul olmaq üçün 100 faiz zəmanət vermir.

Fikrimcə, bizdən öncəki nəslin təhsilə yanaşmasında müasir dövrlə ziddiyyət təşkil edən bir sıra məqamlar var. Bu isə başqa müzakirə mövzusudur. İstənilən halda həm valideyn, həm də övlad bilməlidir ki, bir il qəbul imtahanından kəsilmək dünyanın sonu deyil. Hətta ali təhsil almaq xatirinə istəmədiyin, ixtiyari bir ixtisasda təhsil almaq qərarı daha böyük səhvdir. Bir il itirməmək üçün bir ömrü bada vermək olmaz. Ümumiyyətlə, ixtisas seçiminə olduqca ciddi yanaşmaq lazımdır. Məşhur deyimdəki kimi, o adamlar xoşbəxtdir ki, peşələrini və həyat yoldaşını düzgün seçiblər.

Bir dostum həmişə deyirdi ki, peşə seçmək hətta həyat yoldaşı seçməkdən də ciddi məsələdir. Çünki seçdiyin adam həmişə sənin yanında olmaya bilər, ancaq peşən həmişə səninlədir, sənin kimliyinin bir parçasıdır. Nəticə etibarilə ömrümüzü gördüyümüz işlərlə mənalandırırıq. Ömrə məna olacaq seçimlərdə bir imtahanın həlledici olmadığını anladıqdan sonra nə kəsilmək, nə də illərlə bu hədəf üçün savaşmaq insanı qorxuda bilər Olmasın bu il, olsun gələn il.

Mənə isə qəbul imtahanlarında abituriyentlərə uğurlar arzulamaq qalır.

Aytac SAHƏD

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
9
525.az

1Sources