EN

Deputat: "Ötürücü operatorların enerji istehsalına müdaxiləsi qadağasının müddətini icra hakimiyyəti orqanı müəyyən etməməli"

“Elektroenergetika haqqında” qanunun 13.2-ci maddəsinin qüvvəyə minmə müddətini icra hakimiyyəti orqanına həvalə etmək olmaz.

“Report” xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

Deputat qeyd edib ki, qanunun qüvvəyə minmə müddətinin müəyyənləşdirilməsi səlahiyyətinin müvafiq icra hakimiyyəti orqanına verilməsi doğru yanaşma deyil:
“Belə bir səlahiyyətin icra hakimiyyəti orqanına verilməsi dünya təcrübəsində rast gəlinmir. Bu halda həmin orqan müddəti istənilən qədər - məsələn, 3, 5 və ya 10 ilə qədər uzada bilər. Halbuki bu cür mühüm məsələ qanunun özündə dəqiq göstərilməlidir”.

Qeyd edək ki, Milli Məclisin plenar iclasında “Elektroenergetika haqqında” qanuna dəyişiklik layihəsi qəbul olunub. Dəyişikliyə əsasən, qanunun 13.2-ci maddəsinin qüvvəyə minmə tarixi dəyişdirilib. Həmin maddəyə əsasən, ötürücü sistem operatoru və onun təsisçisi olduğu və ya birbaşa, yaxud dolayı şəkildə iştirak etdiyi, eləcə də idarə etdiyi hüquqi şəxslər elektrik enerjisinin istehsalı, paylanması və təchizatı fəaliyyəti ilə məşğul ola bilməz.

Əvvəlcə bu müddəanın 2025-cü il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulurdu. Lakin dəyişiklikdən sonra bu tarix ləğv edilib və maddənin qüvvəyə minmə müddətini müəyyən etmək səlahiyyəti müvafiq icra hakimiyyəti orqanına həvalə olunub.

Beləliklə, elektrik enerjisi bazarı elementlərinin tətbiqinin birinci mərhələsində - yəni 2024-cü il yanvarın 1-dən 2025-ci il iyunun 30-dək olan dövrdə – həyata keçirilməsi nəzərdə tutulan elektrik enerjisinin istehsalı və ötürülməsi fəaliyyətinin hüquqi və idarəetmə baxımından ayrılması artıq 2025-ci il iyulun 1-dək icra edilməyəcək. Bu prosesin nə vaxt baş tutacağı müvafiq icra hakimiyyəti orqanının qərarından asılı olacaq.

Chosen
13
report.az

1Sources