Yunanıstan basketbol çempionatının qalmaqallı final seriyası, nəhayət, başa çatdı.
"Football-plus.az" xəbər verir ki, “Panatinaikos” – “Olimpiakos” seriyasında hesabın 1:1 olduğunu, iyunun 4-də keçirilməli olan 3-cü oyunun təxirə salındığını xəbər vermişdik. “Olimpiakos” həm 3-cü (99:88), həm də 4-cü oyunda qalib gəlməklə (85:71) seriyanı öndə bitirib və 15-ci dəfə ölkə çempionu olub. Bu göstəricidə rekordu isə hesabında 40 çempionluq olan “Panatinaikos”du.
Yeri gəlmişkən, Yunanıstan İdman Məhkəməsi seriyanın 2-ci oyununda böyük qalmaqalın səbəbkarlarından olan “Pao”nun sahibi Dimitris Yannakopulosu cəzalandırıb. 51 yaşlı funksioner özünün və qızının ünvanına təhqiramiz şüarlar səsləndirən rəqib azarkeşlərə ədəbsiz jest göstərdiyinə görə qarşıdakı 10 ayda heç bir idman tədbirində iştirak edə bilməz. Yannakopulos həmçinin təkrarlanan qayda pozuntularına görə 20 min avro cərimələnib. “Panatinakios” klubu da 44 min avro cərimə ödəyəcək.