EN

İki məzarı olan qadın qəhrəmanımız: “Deyirdi, güllələr yanımdan keçir, mənə dəymir..." - MÜSAHİBƏ

BAKI, 20 iyun. TELEQRAF

Ötən gün Milli Qəhrəman Gültəkin Əsgərovanın xatirə günü idi. Milli Qəhrəmanın qızı Əminə Axundova "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Əminə xanım, ananızın vəfatından 33 il keçir. Gültəkin xanımı necə xatırlayırsınız?

- Anamı incə, zərif, eyni zamanda çox güclü bir insan kimi xatırlayıram. İxtisasca həkim idi, insanlar üçün hər şeyə hazır idi -yaralılar və sevdikləri naminə canından belə keçməyə çəkinməzdi. Qarabağda xəstəxanada işləyərkən, əgər əməliyyat zamanı qan çatışmazlığı yaranırdısa, dərhal öz qanını təklif edərdi. Anam o dərəcədə fədakar idi.

1990-cı ilin 20 Yanvar faciəsi zamanı küçələrdə atışma olsa da, təcili yardım maşınında yaralıları xilas etməyə getmişdi. Halbuku insanlar küçəyə çıxa bilmirdilər.

- 1992-cı il aprelin 4-də könüllü olaraq cəbhəyə yollanıb. Maraqlıdır, ailəniz ananızın qərarını necə qarşıladılar?

- Anam onda Uroloji kliniki xəstəxanada revmatoloq işləyirdi. Səhər iclasda bildirilib ki, cəbhədə həkim çatışmazlığı var. Hamı susub, yalnız anam irəli çıxıb. Əlbəttə, nənəm onun bu qərarını qəbul etmədi, “sən qadınsan, bir uşağın var”- dedi. Amma anam heç nəyə baxmayaraq beş tibb bacısını da özü ilə götürüb Şuşaya yollandı.

Sağlığında ona Milli Qəhrəman adı verilməsi üçün sənədlər təqdim olunmuşdu, çünki Abdal-Gülablı kəndinin geri alınmasında iştirak etmişdi. Çox mərd idi, heç nədən qorxmurdu. Deyirdi ki, “güllələr yanımdan keçir, amma mənə dəymir. Mən gülləkeçirməzəm".

Onun bir hobbisi də vardı – nişan almaq. Kalaşnikov avtomatından məharətlə istifadə edirdi. Deyirdi ki, məktəbdə hərbi hazırlıq fənnindən “5” almışam. Silahı söküb-yığmaqda ustaydı. Həm döyüşür, eyni zamanda yaralıların həyatını xilas edirdi. Anam Ağdamın Mahrızlı kəndində hospitalda hərbi həkim kimi yenidən fəaliyyət göstərir. Aranzəmin yüksəkliyinin ətəyində onun tibbi xidməti üçün yer ayrılır. Atəş səsləri eşidir və dayana bilməyib Aranzəmin yüksəkliyinə qalxır. Düşünür ki, qanaxma nəticəsində yaralılar ölə bilər. Erməni snayperinin atəşi nəticəsində şəhid olur.

Son döyüşdən əvvəlki gün axşam özünü narahat hiss edib. Rəfiqəsi Məlakəyə deyib ki, ürəyimdə nəsə narahatlıq var. Məlakə anama xarı bülbül gətiribmiş, deyib ki, bilirəm Şuşa üçün çox darıxıbsan. Anam çox təsirlənir, deyir, kaş xarı bülbülü gətirməzdin. Şəhid olduqdan sonra həmin xarı bülbül onun tabutunun üzərinə qoyulmuşdu.

- Bəs, atanız ananızın cəbhə bölgəsinə getməsini necə qarşıladı?

- O zaman mən anamla birgə yaşayırdım. Atamla isə ayrı idik.

- Ananız şəhid olanda neçə yaşınız vardı?

- Doqquz yaşındaydım.

- Ananızın xaraktercə güclü olduğunu qeyd etdiniz. Bəs, ailədə necə xarakterizə edərsiniz?

- Evdə çox mehriban və sürprizlərlə dolu bir insan idi. Bayramlar onunla çox gözəl keçirdi. Yolkanı necə bəzədiyini, mənə necə Qar Qızı paltarı tikdiyini hələ də xatırlayıram. O dövrdə parça tapmaq çətin idi, amma hər şeyə rəğmən o, mənim üçün gözəl geyimlər tikərdi.

Bayramlarda bizə hədiyyələr verərdi. Bir dəfə Şuşadan qayıdanda zarafatla ondan dondurma istəmişdilər, o da çətin vaxtlarda belə dondurma tapıb aparmışdı.

- Çətinlikdən şikayət etdiyi olurdumu?

- Xeyr, heç vaxt şikayət etməzdi. Bir dəfə jurnalistlərdən biriylə Şuşadan evə məktub yazıb göndərmişdi. Məktubda anasına - mənim nənəmə - yazmışdı: “Ana, narahat olma, mən sağ-salamatam. Burada bizə yaxşı yemək verirlər. Mən buradayam, Şuşa alınana qədər burada olacam. Həlak olsam belə, burdayam, məni gözləməyin". Məktubda ölümə hazır olduğunu bildirirdi.

- Ananızın şəhid olması hadqa məlumatı sizə kim verdi?

- O vaxt biz Şamaxıda idik. Nənəm pedaqoq-psixoloq idi. Şamaxıda bir universitet prorektoru ilə görüşdə idi. Orada xəbər yayıldı ki, 32 yaşı tamam olmamış bir həkim şəhid olub. Nənəm dərhal hiss etdi ki, bu onun qızıdır. Üzünü mənə tutdu, dedi, mənə valerian gətir. Prorektor anama qalmağı məsləhət gördü.

Axşam zəng edib, anamın şəhid olduğunu bildirdilər. Bundan sonra prorektor nənəmə bilmirdi necə desin ki, Bakıya getmək lazımdır. Nənəmsə hər şeyi hiss etdi və prorektorla Bakıya gəldik.

Gecə saat 12 idi, qohumlar eyvana yığışmışdılar. Nənəmə dedilər ki, Gültəkin yaralanıb, evə gətirirlər. Anladıq ki, anam şəhid olub. Məni yenidən Şamaxıya göndərdilər ki, anamın tabutunu görməyim.


- Ananız Şuşada həbsxananın qapısını açdırıb ki, məhbuslar əsir düşməsin...

- Anam Şuşadan çıxan son insanlardan biri olub. Bəli, Şuşada həbsxananın qapılarını açdırmışdı ki, ermənilərə əsir düşən olmasın. Qəbiristanlıqda qəbirləri torpaqla eyniləşdirmiş, şəkilləri isə yığmışdı. Çünki ermənilər həm dirilərimizə, həm də ölülərimizə qarşı vəhşilik edirdilər.

- Gültəkin Hacıyeva Ulu öndər Heydər Əliyevin fərmanı ilə 1993-cü ildə Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb.

- Ölümündən sonra ona Milli Qəhrəman adı verildi. Bu, Ulu öndər Heydər Əliyevin imzaladığı ilk sərəncamlardan idi. Həmin gün 20 noyabr anamın doğum günü idi.

- Ananızın ən böyük arzusu nə idi?

- Ən böyük arzusu xəstəxana həkimi olmaq idi və bu arzusunu reallaşdırdı. Ağdərədə çalışırdı, orada işləməyi çox istəyirdi. Həmçinin Şuşanın geri qaytarılmasını çox arzulayırdı. Şükür ki, prezidentimiz sayəsində torpaqlarımız geri qayıdıb.

Anamın iki məzarı var. Snayper gülləsindən sonra orada partlayış olmuşdu və cəsədi hissə-hissə toplanmışdı. Bir hissəsi olduğu yerdə, digər hissəsi isə Şəhidlər Xiyabanında dəfn olunub. Hər iki məzarına baş çəkmişik. Torpaqlarımız xilas olundqdan sonra üç dəfə Şuşaya getmişəm, orada mənəvi rahatlıq tapıram, sanki anamın ruhu oradadır.

Chosen
11
teleqraf.com

1Sources