EN

Latviya və Monteneqro ilə vergi sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 20 iyun, AZƏRTAC

Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29-cu Baş Assambleyası çərçivəsində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Latviyanın Dövlət Gəlirləri Xidmətinin baş direktoru Bayiba Smite-Roçe ilə görüşüb.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Azərbaycan və Latviya arasında vergi sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər vergi sistemlərinin institusional dayanıqlığı, rəqəmsal platformaların inkişafı, vergi nəzarəti və təhlil metodologiyalarının təkmilləşdirilməsi sahələrində fikir mübadiləsi aparıblar.

Orxan Nəzərli Latviya ilə əməkdaşlığın gücləndirilməsinin praktiki təcrübə və texnoloji yeniliklərin mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb, gələcəkdə iki vergi administrasiyası arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün konkret təşəbbüslərin irəli sürülə biləcəyini qeyd edib.

Öz növbəsində, Bayiba Smite-Roçe Latviyada tətbiq olunan innovativ alətlər barədə məlumat verərək Azərbaycanın bu sahədəki təşəbbüslərinin diqqətlə izlənildiyini bildirib, ikitərəfli formatda əməkdaşlıq platformalarının yaradılmasının və ekspert səviyyəsində daimi təmasların qurulmasının vacibliyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran istiqamətlər üzrə praktiki əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Bundan başqa, Orxan Nəzərli Monteneqronun Vergi Administrasiyasının icraçı direktoru Sava Laketiç ilə görüş keçirib. Görüşdə iki ölkənin vergi orqanları arasında əməkdaşlıq imkanları, qarşılıqlı maraq doğuran istiqamətlər və institusional inkişaf sahəsində təcrübə mübadiləsinin əhəmiyyəti müzakirə olunub. Tərəflər vergi ödəyicilərinə xidmətlərin təkmilləşdirilməsi, rəqəmsal texnologiyaların tətbiqi və vergi intizamının gücləndirilməsi mövzularında fikir mübadiləsi aparıblar.

Orxan Nəzərli bildirib ki, Dövlət Vergi Xidməti beynəlxalq tərəfdaşlarla, xüsusilə də oxşar inkişaf mərhələsində olan qurumlarla qarşılıqlı əməkdaşlığa böyük önəm verir. DVX rəisi Monteneqro ilə vergi sahəsində bilik və təcrübə mübadiləsinin gələcəkdə hər iki tərəf üçün faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində, Sava Laketiç Monteneqro vergi administrasiyasında həyata keçirilən islahatlar və modernləşmə prosesləri barədə məlumat verərək, Azərbaycanla bu sahədə əməkdaşlığın genişləndirilməsinə hazır olduqlarını bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
6
azertag.az

10Sources