AZ

Latviya ilə vergi sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29-cu Baş Assambleyası çərçivəsində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Latviya Respublikasının Dövlət Gəlirləri Xidmətinin baş direktoru Bayiba Smite-Roçe ilə görüşüb.

Bu barədə “APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, görüş zamanı Azərbaycan və Latviya arasında vergi sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər vergi sistemlərinin institusional dayanıqlığı, rəqəmsal platformaların inkişafı, vergi nəzarəti və təhlil metodologiyalarının təkmilləşdirilməsi sahələrində fikir mübadiləsi aparıblar.

Orxan Nəzərli Latviya ilə əməkdaşlığın gücləndirilməsinin praktiki təcrübə və texnoloji yeniliklərin mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb, gələcəkdə iki vergi administrasiyası arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün konkret təşəbbüslərin irəli sürülə biləcəyini qeyd edib.

Öz növbəsində, Bayiba Smite-Roçe Latviyada tətbiq olunan innovativ alətlər barədə məlumat verərək Azərbaycanın bu sahədəki təşəbbüslərinin diqqətlə izlənildiyini bildirib, ikitərəfli formatda əməkdaşlıq platformalarının yaradılmasının və ekspert səviyyəsində daimi təmasların qurulmasının vacibliyini vurğulayıb.

Seçilən
0
6
apa.az

10Mənbələr