Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti, professor Müzəffər Şəkər Bakıda keçirilən “Azərbaycan və Türkiyə dünya siyasətində” beynəlxalq simpoziumunda çıxış edib.
O, çıxışında Azərbaycanla Türkiyənin “Bir millət, iki dövlət” prinsipi əsasında formalaşan dostluq münasibətləri fonunda doğma Azərbaycanda olmaqdan böyük məmnunluq duyduğunu bildirib.
Qeyd edib ki, AMEA ilə Türkiyə Elmlər Akademiyası arasında formalaşmış səmimi qardaşlıq münasibətləri qarşılıqlı təşəbbüs olmadan da görüş və əməkdaşlıqların həyata keçirilməsi baxımından türk dövlətləri və digər beynəlxalq elmi qurumlar üçün nümunəvi əməkdaşlıq modeli kimi çıxış edir. Professor Müzəffər Şəkər AMEA prezidenti akademik İsa Həbibbəylinin nümayiş etdirdiyi strateji iradənin bu münasibətlərin formalaşmasında mühüm rola malik olduğunu vurğulayaraq AMEA rəhbərliyinə təşəkkürünü bildirib.
TÜBA prezidenti yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin bir yol keçmiş Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 80 illiyi münasibətilə təbriklərini çatdırıb, bu elm ocağının ölkədə elmin inkişafı, bu sahədə fəaliyyətin təşkili və yüksəkixtisaslı kadrların hazırlanmasında rolunu xüsusi qeyd edib.
O, qlobal səviyyədə gərgin siyasi proseslərin dərinləşdiyi və dövlətlərarası münasibətlərdə ziddiyyətlərin artdığı bir zamanda Azərbaycan və Türkiyənin nümayiş etdirdiyi dostluq, həmrəylik və sülh təşəbbüslərini təqdirəlayiq nümunə kimi qiymətləndirib. Bildirib ki, bu istiqamətdə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi iradə və strateji baxış bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Professor Müzəffər Şəkər, həmçinin 2025-ci il iyun ayının 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılışı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir araya gəlməsini regional və qlobal miqyasda sülhə, qardaşlığa və əməkdaşlığa yönəlmiş açıq bir mesaj kimi dəyərləndirib.
O, hazırkı qlobal siyasi gərginliklərin aradan qaldırılmasında elmlər akademiyalarında aparılan fundamental siyasi tədqiqatların və elmi təhlillərin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
TÜBA prezidenti Ulu Öndər Heydər Əliyevin Türkiyə-Azərbaycan münasibətlərinə dair müdrik fikirlərini və yolgöstərici tövsiyələrini əks etdirən, akademik İsa Həbibbəylinin “Ön söz” müəllifi olduğu “Bir millət, iki dövlət. Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətləri haqqında nitqləri və çıxışları” adlı nəşrin əhəmiyyətindən bəhs edərək, kitabın gələcək nəsillərə ötürüləcək mühüm strateji yaddaş nümunəsi kimi qorunmasının zəruriliyinə toxunub.
“Dünyanın bir çox elmlər akademiyaları ilə əməkdaşlıq əlaqələrimiz uğurla inkişaf edir”, – deyə bildirən professor Müzəffər Şəkər qeyd edib ki, akademiya elm adamlarına xidmət etməklə yanaşı, yeni nəsil alimlərin yetişdirilməsi vəzifəsini də uğurla həyata keçirir, bu istiqamətdə “elm diplomatiyası” çərçivəsində beynəlxalq əməkdaşlığa böyük əhəmiyyət verir. TÜBA prezidenti əlavə edib ki, “elm diplomatiyası” çərçivəsində alimlərin ortaq vəzifəsi dünyada sülh və əminamanlığın təmin olunmasına dəstək vermək, gələcək nəsillərin elm işığında birləşməsini təmin etməkdən ibarətdir.
O, qeyd edib ki, vaxtilə Qarabağda həyata keçirilmiş soyqırımı siyasətinə bənzər hallara bu gün dünyanın müxtəlif regionlarında da rast gəlinir. TÜBA prezidenti müasir texnoloji imkanların fonunda bu kimi fəlakətlərin qarşısının alınmasının insanlığın gələcəyinin qorunması baxımından son dərəcə vacib olduğunu vurğulayıb.
Professor Müzəffər Şəkər eyni zamanda, bu qlobal problemlərin dərinləşməsinin qarşısının alınması məqsədilə dünya alimlərini birgə səylər göstərməyə və elmi həmrəyliyi gücləndirməyə çağırıb. O, bu istiqamətdə Beynəlxalq Elm Şurası, Asiya Akademiyalar Birliyi və digər qurumlar tərəfindən əhəmiyyətli işlərin görüldüyünü diqqətə çatdırıb, Asiya Akademiyalar Birliyi ilə həyata keçirilən fəaliyyətlərdə akademik İsa Həbibbəylinin səylərini yüksək qiymətləndirib.
Alim qeyd edib ki, “Azərbaycan və Türkiyə dünya siyasətində” adlı beynəlxalq simpozium müasir dövrdə mövcud olan qlobal problemlərə işıq salınması baxımından geniş imkanlara malikdir. O, bu kimi tədbirlərin müxtəlif ölkələrin beynəlxalq səviyyədə birgə fəaliyyət göstərməsi və qarşılıqlı dəstək göstərməsi üçün mühüm platforma rolunu oynadığını vurğulayıb.
TÜBA prezidenti çıxışının sonunda Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərinin digər dövlətlər arasında da tətbiqinin təşviq olunmasının qlobal əməkdaşlıq və sülhün möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb, simpoziumun işinə uğurlar arzulayıb.