AZ

TÜBA-nın prezidenti: “Elm diplomatiyası” çərçivəsində alimlərin ortaq vəzifəsi dünyada sülhün təmininə elmi dəstək verməkdir

Bakı, 20 iyun, AZƏRTAC

Azərbaycan ilə Türkiyənin “Bir millət, iki dövlət” prinsipi əsasında formalaşan dostluq münasibətləri fonunda doğma Azərbaycanda olmaqdan böyük məmnunluq duyuruq.

AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti professor Müzəffər Şəkər Bakıda keçirilən “Azərbaycan və Türkiyə dünya siyasətində” beynəlxalq simpoziumunda çıxışı zamanı deyib. Professor qeyd edib ki, AMEA ilə Türkiyə Elmlər Akademiyası arasında formalaşmış münasibətlər əməkdaşlıqların həyata keçirilməsi baxımından türk dövlətləri və digər beynəlxalq elmi qurumlar üçün nümunəvi modeldir.

TÜBA prezidenti Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 80 illiyi münasibətilə təbriklərini çatdırıb, bu elm ocağının ölkədə elmin inkişafı, bu sahədə fəaliyyətin təşkili və yüksəkixtisaslı kadrların hazırlanmasında rolunu xüsusi qeyd edib.

O, qlobal səviyyədə gərgin siyasi proseslərin dərinləşdiyi və dövlətlərarası münasibətlərdə ziddiyyətlərin artdığı bir zamanda Azərbaycan ilə Türkiyənin nümayiş etdirdiyi dostluq, həmrəylik və sülh təşəbbüslərini təqdirəlayiq nümunə kimi qiymətləndirib. Bildirib ki, bu istiqamətdə Heydər Əliyev tərəfindən əsası qoyulmuş strateji baxış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Professor Müzəffər Şəkər, həmçinin 2025-ci il iyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılışında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakını regional və qlobal miqyasda sülhə, qardaşlığa və əməkdaşlığa yönəlmiş açıq bir mesaj kimi dəyərləndirib.

O, hazırkı qlobal siyasi gərginliklərin aradan qaldırılmasında elmlər akademiyalarında aparılan fundamental siyasi tədqiqatların və elmi təhlillərin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

TÜBA prezidenti Müzəffər Şəkər akademik İsa Həbibbəylinin “Ön söz” müəllifi olduğu “Bir millət, iki dövlət. Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətləri haqqında nitqləri və çıxışları” adlı nəşrin əhəmiyyətindən bəhs edərək, kitabın gələcək nəsillərə ötürüləcək mühüm strateji yaddaş nümunəsi kimi qorunmasının zəruriliyinə toxunub.

“Dünyanın bir çox elmlər akademiyaları ilə əməkdaşlıq əlaqələrimiz uğurla inkişaf edir”, – deyən professor Müzəffər Şəkər qeyd edib ki, akademiya elm adamlarına xidmət etməklə yanaşı, yeni nəsil alimlərin yetişdirilməsi vəzifəsini uğurla həyata keçirir, bu istiqamətdə “elm diplomatiyası” çərçivəsində beynəlxalq əməkdaşlığa böyük əhəmiyyət verir. TÜBA prezidenti əlavə edib ki, “elm diplomatiyası” çərçivəsində alimlərin ortaq vəzifəsi dünyada sülh və əminamanlığın təmin olunmasına dəstək vermək, gələcək nəsillərin elm işığında birləşməsini təmin etməkdən ibarətdir.

O qeyd edib ki, vaxtilə Qarabağda həyata keçirilmiş soyqırımı siyasətinə bənzər hallara bu gün dünyanın müxtəlif regionlarında da rast gəlinir. TÜBA prezidenti müasir texnoloji imkanların fonunda bu kimi fəlakətlərin qarşısının alınmasının insanlığın gələcəyinin qorunması baxımından son dərəcə vacib olduğunu vurğulayıb.

Professor Müzəffər Şəkər, eyni zamanda, bu qlobal problemlərin dərinləşməsinin qarşısının alınması məqsədilə dünya alimlərini birgə səylər göstərməyə və elmi həmrəyliyi gücləndirməyə çağırıb. O, bu istiqamətdə Beynəlxalq Elm Şurası, Asiya Akademiyalar Birliyi və digər qurumlar tərəfindən əhəmiyyətli işlər görüldüyünü diqqətə çatdırıb, həyata keçirilən fəaliyyətlərdə akademik İsa Həbibbəylinin səylərini yüksək qiymətləndirib.

Alim qeyd edib ki, “Azərbaycan və Türkiyə dünya siyasətində” adlı beynəlxalq simpozium qlobal problemlərə işıq salınması baxımından geniş imkanlara malikdir. O, bu kimi tədbirlərin müxtəlif ölkələrin beynəlxalq səviyyədə birgə fəaliyyət və qarşılıqlı dəstək göstərməsi üçün mühüm platforma rolunu oynadığını vurğulayıb.

TÜBA prezidenti çıxışının sonunda Azərbaycan-Türkiyə arasında qardaşlıq münasibətlərinin digər dövlətlər arasında da tətbiqinin təşviq olunmasının qlobal əməkdaşlıq və sülhün möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb, simpoziumun işinə uğurlar arzulayıb.

Seçilən
3
3
azertag.az

4Mənbələr