Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə" ilə qarşılaşacaq Xorvatiyanın "Hayduk" komandasının yeni mövsümə hazırlıq planı müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, Split təmsilçisinin futbolçuları bu gün bir araya gələrək, yeni baş məşqçi Qonsalo Qarsiyanın rəhbərliyi altında ilk məşqə çıxacaqlar.
İyunun 27-dək doğma məkanda çalışacaq kollektiv daha sonra hazırlığın əsas mərhələsi üçün Sloveniyanın Bled şəhərinə yollanacaq. Bir həftəlik toplanış ərzində "Hayduk" iki yoxlama matçı keçirəcək.
İyunun 30-da rəqib Bolqarıstanın MOİK (Sofiya), iyulun 4-də isə Sloveniyanın "Radomle" klubu olacaq.
Sloveniyadan qayıtdıqdan sonra hazırlıq Splitdə daha bir neçə yoxlama oyunları ilə davam edəcək. İyulun 18-də isə "Hayduk" Avstriyanın Lints şəhərində LASK komandası ilə oyuna çıxacaq. Qalan yoldaşlıq görüşləri yaxın müddətdə açıqlanacaq.
Qeyd edək ki, "Zirə" ilə ilk oyun iyulun 24-də Bakıda, cavab görüşü iyulun 31-də Splitdə olacaq.