EN

Meksikanın televiziyasında Azərbaycanın dünyada artan nüfuzundan danışılıb

Bakı, 20 iyun, AZƏRTAC

Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov “Canal 6 TV” onlayn media kanalının aparıcısı Xulio Sezar Qarsiyaya müsahibəsində Azərbaycan-Meksika münasibətlərinin vəziyyəti, ölkəmizin uğurları və dünyada artan rolundan danışıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan ilə Meksika arasında ənənəvi yaxşı münasibətlərə toxunan səfir ikitərəfli əlaqələrdə müşahidə edilən müsbət dinamikanı vurğulayıb. O, Meksikaya son aylarda həyata keçirilən yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edərək, iki ölkə arasında müsbət siyasi dialoqun mövcudluğunu qeyd edib. Diplomat, həmçinin bildirib ki, iki ölkə arasında nümunəvi parlamentlərarası münasibətlər mövcuddur. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları arasında fəal əməkdaşlıq əlaqələri formalaşıb.

Səfir müsahibədə Meksika ilə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan bəhs edib, bu kontekstdə COP29 çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Bərpaolunan enerji sahəsində ölkəmizin atdığı addımlara toxunan diplomat qeyd edib ki, Azərbaycan yaşıl enerjiyə keçid prosesində regional lider və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verən ölkələrdəndir. Diplomat ölkəmizin külək enerjisində böyük potensiala malik olduğunu vurğulayaraq bildirib ki, Azərbaycan artıq yaşıl enerji ixrac edir və bu sahədə bir sıra beynəlxalq layihələrdə fəal iştirak edir.

Ölkəmizin iqtisadi inkişafında neft-qaz strategiyası ilə yanaşı, qeyri-neft sektoru ilə bağlı jurnalistin sualını cavablandıran səfir Azərbaycanın tarixən neft-qaz ölkəsi olmasına baxmayaraq, son 20 il iqtisadiyyatın diversifikasiyası istiqamətində mühüm addımlar atıldığını bildirib.

M.Talıbov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə də məlumat verib. O, xüsusilə 30 illik işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinin sistemli şəkildə dağıdıldığını və işğal olunmuş ərazilərin geniş şəkildə minalandığını qeyd edib, minatəmizləmə məsələsində dünya ictimaiyyətini ölkəmizə kömək etməyə çağırıb. Səfir əlavə edib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, məcburi köçkünlərin doğma yurdlarına geri qayıtması üçün addımlar atılır.

Müsahibəsində ölkəmizin ev sahibliyi etdiyi COP29 tədbirinin əhəmiyyətinə toxunan səfir ölkəmizdə keçirilmiş bu Konfransın COP-lar arasında ən uğurlularından biri olduğunu vurğulayıb.

Müsahibə ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür:

https://www.facebook.com/watch/?mibextid=wwXIfr&v=696534673158456&rdid=dWTkSKIA4T9otWgS

Chosen
14
4
azertag.az

5Sources