EN

Vətən müharibəsində Azərbaycanın mülki infrastrukturuna vurulan ziyanla bağlı sənədlər məhkəmədə tədqiq olunub

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 19-da davam etdirilib.

Aznews.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə iclasında dövlət ittihamçısı Vüsal Abdullayev təqsirləndirilən şəxs David Manukyana növbəti suallar verib. O, əvvəlcə Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərində mina basdırılması ilə bağlı sualları cavablandırıb.

Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, müxtəlif vəzifələr tutmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş, Azərbaycanın vaxtilə işğaldakı ərazilərində keçmiş qondarma rejimin “ordusu”nda (Ermənistan silahlı qüvvələrinin ən böyük silahlı birləşməsində - red.) “komandanın birinci müavini” olmuş Ermənistan vətəndaşı David Manukyan Birinci Qarabağ müharibəsində mina basdırılması və təmizlənməsi ilə məşğul olmadığını bildirib. Təqsirləndirilən şəxs daha sonra deyib: “Şərti dinc dövrlərdə hərbi hissədə komandiri olduğum zaman o qədər də çox olmasa da, minalarla bağlı hadisələr (mina basdırılmasını nəzərdə tutur – red.) baş verib. Formulyarların və xəritələrin saxlanması ilə bağlı çox aydın şəkildə təlimatlar verilib. Hər bir minalanma işindən əvvəl yuxarı komandanlıq tərəfindən əmr verilirdi”.

Onun sözlərinə görə, əmrdə mina formulyarlarının, xəritələrinin, sxemlərinin neçə nüsxədə hazırlanmalı olduğu aydın şəkildə yazılıb. D.Manukyan daha sonra bildirib: “Orada ünvanlar qeyd olunur ki, hansı ünvana nə göndərilsin. Biz də əmrdə qeyd olunan maddələrə əsasən fəaliyyət göstərmişik”.

O deyib ki, mina ən yüksək dairədə saxlanılır, aşağılara yuxarıdan paylanır. Hərbi hissəyə nə qədər mina lazımdırsa, o qədər verilirdi. Çünki bunun üçün konkret çıxış nöqtələri müəyyənləşdirilməlidir.

Təqsirləndirilən şəxs prokurorun “Bəs sizdən aşağıda olan diviziya komandirləri sizə məruzə etmədən, korpus rəhbərliyinə məlumat vermədən, öz təşəbbüsləri ilə əraziləri minalaya bilərdilərmi? Bu hüquqları olubmu?” sualına isə “xeyr” cavabını verib.

Təqsirləndirilən şəxs muzdu hərbçilərlə bağlı sualı da cavablandıraraq qeyd edib ki, Xankəndidə yaşadığı evdə aşkarlanmış “Cəsurlar dəstəsi” Ermənistanın Müdafiə Nazirliyi tərəfindən formalaşdırılıb. Deyib ki, bu, dəstə deyil, bölükdür, Müdafiə Nazirliyi tərəfindən yaradılıb. Dövlət qurumları tərəfindən formalaşdırılıb və müdafiə strukturuna göndərilib.

D.Manukyan xarici vətəndaşların döyüşlərə cəlb olunmalarının hansı əsasla aparılması barədə suala isə belə cavab verib: “Mən onların kimliyini yoxlamırdım. Bu, mənim vəzifə borcum deyil. Mən onlara nəzarət etmək, onların hansı ölkədən gəldiyini müəyyənləşdirmək səlahiyyətində deyildim”.

O, əsir və girovların qul kimi işlədilməsi, onlara işgəncə verilməsi hallarının şahidi olmadığını deyib. Bildirib ki, bu məsələ hər kəsin vicdanı üzərindədir – kim onlarla necə rəftar edibsə, o, öz vicdanına görə cavabdehdir. “Mən belə deyim: bu günə qədər mənə qarşı heç bir fiziki zorakılıq olmayıb”, - deyə o əlavə edib.

D.Manukyan işğal dövründə Azərbaycanın ekologiyasına ziyan vurulması, yanğınlar törədilməsi barədə suala isə “Tutduğum vəzifənin o məsələlərlə əlaqəsi olmayıb” cavabını verib.

O, 2016-cı ildə baş vermiş Aprel döyüşləri zamanı Ermənistanda, 2020-ci ilin iyulundakı Tovuz döyüşləri vaxtı isə Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində olduğunu bildirib.

2019-cu il dekabrın 26-da imzalanmış əmrlə qondarma qurumun “ordu komandanının birinci müavini” təyin edilmiş D.Manukyan həmin təyinatla bağlı xidmətə 2020-ci il fevralın əvvəlində başladığını bildirib. O, bu təyinatla bağlı namizədliyinin Ermənistan prezidenti, yaxud silahlı qüvvələrin baş qərargah rəisi tərəfindən irəli sürülməsindən xəbəri olmadığını söyləyib.

Təqsirləndirilən şəxs təyinatı ilə bağlı 2020-ci ilin yanvarında Ermənistan baş nazirinin, general-mayor rütbəsi alması ilə bağlı isə Ermənistan prezidentinin qəbulunda olduğunu söyləyib. Əlavə edib ki, həmin vaxt Ermənistanın müdafiə naziri David Tonayan idi.

D.Manukyan 2020-ci ildə baş vermiş 44 günlük müharibə zamanı qondarma “ordu komandanının birinci müavini” “vəzifə”sində olduğunu deyib və əlavə edib: “Müharibə ilə bağlı mənim vəzifə borcum qısa və konkret şəkildə yazılmışdı. Ehtiyat komanda məntəqəsi yaradılır. Əgər əsas komanda məntəqəsi sıradan çıxarsa, bu zaman müəyyən müddət ərzində rabitə sistemi və komanda qərarlarının icrası məsuliyyəti həmin ehtiyat məntəqəsinin üzərinə düşür”.

Chosen
17
12
aznews.az

10Sources