Braziliyanın COP30-a sədrliyi çərçivəsində əsas təşəbbüs, iqlim konfranslarında qəbul edilmiş qərarların icrasında hökumətlərin bütün səviyyələrinin iştirakını təmin edəcək "Maliyyə Nazirləri Dairəsi"nin yaradılması olub.
“Report”un Avropa bürosunun məlumatına görə, bu barədə COP30-un Prezidenti Andre Korrea du Laqo COP sədrliklərinin rəhbərliyi altında tərəflərlə "Bakıdan Belenə 1,3 trilyon dollara doğru Yol Xəritəsi" məsləhətləşmələrində bildirib.
"COP29 sədrliyi tərəfindən maliyyələşdirmənin yaxşılaşdırılması üçün mütləq zəruri addımı təmin edən səylərin davamı olaraq Braziliya sədrliyinin diqqəti təkcə Konvensiya və Paris Sazişi çərçivəsində bu müzakirələrin gücləndirilməsinə deyil, həm də onların hökumətin və cəmiyyətin bütün səviyyələrinə genişləndirilməsinə yönəlib", - Braziliya nümayəndəsi vurğulayıb.
"COP30 Maliyyə Nazirlərinin Dairəsi" il ərzində müntəzəm məsləhətləşmələr üçün platforma kimi fəaliyyət göstərəcək. COP30 sədrliyi üçün hesabatın hazırlanması ilə başa çatacaq. Bu hesabat Belendə COP29 və COP30 sədrlikləri tərəfindən birgə təqdim ediləcək Bakıdan Belenə yekun Yol Xəritəsinə töhfə verəcək.