EN

Bu ölkələr “müharibəyə” başlayır - İslam dünyasına liderlik uğrunda

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sosial şəbəkə hesabında III Dünya müharibəsinin başladığını bəyan edib. O bildirib ki, bunun əsas əlamətləri təkcə Ukrayna və Yaxın Şərqdə gedən müharibələr deyil, həm də mövcud beynəlxalq nizamın qaydalara əsaslanan sonunun qoyulmasıdır.

“Köhnə beynəlxalq hüquq ciddi şəkildə zəiflədilib. Hüququ güc müəyyən edir ki, bu da dünyada çoxsaylı əsaslandırılmış hərbi münaqişələrə səbəb olacaq”, – Saakaşvili deyib.

III Dünya müharibəsinə start verildimi? ABŞ və Çin İsrail–İran münaqişəsinə qoşula bilərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, III Dünya müharibəsinin başlaması ehtimalı azdır:

“Dünya müharibəsinin baş verməsi üçün ittifaq ölkələrin üz-üzə dayanması lazımdır. Ki, bu müharibədə ABŞ–İsrail cəbhəsinin qarşısında rejimdən savayı heç bir qüvvə dayanmır, hətta İran daxilində belə monolit mövqe yoxdur.

Rusiya üçün İranın hədəf seçilməsi həm bütün diqqətin özünün apardığı müharibədən yayınması, həm də Ukrayna məsələsində bazarlıq imkanlarının artması baxımından sərfəlidir.

Çin isə iştirak etmədiyi münaqişələrə qoşulmaq niyyətində deyil – xüsusilə iqtisadi planları fonunda. İran müharibəsi Pekin üçün iki şans yarada bilər:

1.ABŞ-ın resurslarını bura yönəltməsi nəticəsində Çinin ətrafında müəyyən sakitlik yaranır;

2.İran ABŞ üçün uzunmüddətli problemə çevrilə bilər.

Ekspert deyib ki, İrana hücumu geosiyasi maraqlarına uyğun hesab etməyən Avropa proseslərin inkişafını dəyişdirə bilməyəcəyi üçün ABŞ-ın mövqeyi ətrafında qərarlaşıb:

“Pakistan İrana hücumu pislədə də, “İsrailə nüvə hücumu edəcəyik” iddialarını təkzib edib: İslamabadın Tehrana dəstəyi ritorik müstəvidədir.

Körfəz ölkələri regionda proksi qüvvələri bəsləyən İranın düşdüyü vəziyyətdən məmnundur. Bu həm də İslam dünyasında liderlik amili baxımından onlara sərfəli görünür.

Regionda həlledici oyunçu olan Türkiyə həm NATO üzvü kimi, həm də regional maraqları fonunda müharibəyə müdaxilə etmək niyyətində deyil. Belə bir perspektivin yaranması ehtimalı da görünmür. Ankara problemin masada həll edilməsi ideyasının lokomotivi rolunda çıxış edir”.

Analitik bildirib ki, mövcud mənzərədə İran rejimi təklənmiş vəziyyətdədir:

“İran cəbhəsində yalnız ciddi şəkildə zəifləmiş proksi qüvvələr yer ala bilər. Eyni zamanda, Tehran “şiə oxu” adlandırdığı coğrafiyaya müəyyən ümidlər bəsləyir. Hərçənd, bu coğrafiyada da artıq İrana arxa çevirənlər var. Müqtəda əs-Sədrin “İraq İran–İsrail müharibəsinə qarışmamalıdır” açıqlaması xüsusilə diqqət çəkir.

İranın hədəf seçilməsi bütün regional və geosiyasi oyunçular üçün bu və ya digər formada sərfəli görünür”.

Chosen
8
2
news24.az

10Sources