EN

"Millinin nəticəsi yoxdursa, nə düşünə bilərəm?!" - Qurban Qurbanovla söhbət

style='margin-bottom:10px;'>

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla söhbət

İkinci hissə

(Birinci hissə burada)

- Bəs medianı, saytları, televiziya verilişlərini nə dərəcədə izləyirsiniz? Vaxt tapa bilirsiniz?

- Daha çox işdə olanda izləyirəm. Burada istər-istəməz televizorda idman kanalları açıq olur. Göz gəzdiririk. Hərdən əyləşəndə baxırıq ki, görək yeni nə məlumat var. Saytları isə gündəlik istər-istəməz oxuyuram.

- Bu sualı verməkdə məqsədim o idi ki, media ilə bağlı fikirlərinizi öyrənim. Kənardan Azərbaycan futbol jurnalistikasının səviyyəsi necə görünür?

- Mənim hər hansı bir fikir bildirməyim düzgün deyil. Birincisi, insan bir şeyin içində deyilsə, onun haqda danışmağı doğru olmaz. İkincisi isə hətta görmüsənsə, yenə də tam fikrin tam olmur. Deyə bilmərəm ki, bizim futbol jurnalistikamızın səviyyəsi aşağı, yaxud yuxarıdır. Çünki nəsə fikir bildirsəm... Bu gün nədən danışırıq? Öz futbolumuzun problemlərindən. Bu gün futbol, hakimlik, məşqilik, infrastruktur qaydasındadırmı? Yox. Əgər bizim özümüzdə bu problemlər varsa, mən necə deyə bilərəm ki, idman jurnalistikasında problemlər var? Mən ancaq sizə uğurlar, sağlamlıq arzulaya bilərəm. Mən sizlərə güvənirəm, inanıram. Bəzən görüşürük, müsahibə veririk, zarafatlaşırıq. Ayda-ildə bir dəfə də olsa, futbol oynayırıq. Biz ancaq münasibətləri yaxşılaşdıra bilərik ki, işlərimizə mane olmasın.

- Sizinlə söhbət edərkən milli komanda ilə bağlı acınacaqlı duruma toxunmamaq mümkün deyil. Düzdür, keçirdiyiniz son mətbuat konfranslarında bir neçə dəfə xahiş etmisiniz ki, sizə milli ilə bağlı sual verilməsin. Amma əgər bir jurnalist ölkənin lider və milliyə ən çox futbolçu verən klubunun baş məşqçisi, həm də AFFA-nın İcraiyyə Komitəsinin üzvü ilə müsahibə edirsə, bu məsələyə toxunmaması onun tərəfindən qeyri-peşəkar davranış olar. Millimiz keçirdiyi son iki oyunda da yaxşı nəticələr qazanmadı. İctimaiyyətdə böyük narazılıq var. Bayaq siz yerli, gənc məşqçilərin adını çəkdiniz ki, Azərbaycan futbolunun mentalitetini onlar daha yaxşı bilirlər. Elə isə sizə görə problem milliyə əcnəbi məşqçilərin gətirilməsindədirmi? Niyə biz 10 oyundur qələbə qazana bilmirik? Səbəbi nədə görürsünüz? Necə edək ki, bu vəziyyətdən çıxaq? Nədir tövsiyəniz, məsləhətiniz?

- Bilmirəm ki, nə deyim, hansı məsləhəti verim. Hərənin öz sahəsi, ətrafı, komandası, gələcəyə baxışı var. Mən kiməsə məsləhət verməyi qeyri-etik hesab edirəm. Bayaq misal gətirdim ki, 10 fərqli-fərqli məşqçi var. İstənilən məşqçi hərəsi özlüyündə nəticə verən insandır. Onların futbola bir baxışı var, mənim başqa. Sonda hara getsən, görürsən ki, çox cüzi fərq olur. Çünki futbolun dili birdir. Müdafiə belə olmalıdır, taktika, sxem belə. Bilmirəm, bəlkə də hansısa məşqçi komandanı başqa cür hazırlayır oyuna, o biri başqa cür. Sonda yenə də nəticə verirlər. Amma milli komanda başqa sfera, qurumdur. Əgər orada yoxamsa, bir daha deyirəm, onlar haqda danışmaq qeyri-etik olar. Və ya "Neftçi", "Zirə", "Araz-Naxçıvan", "Sabah" barədə nə danışım...Çünki orada işləyən insanlarla mənim düşəncəm, futbola baxışım tam fərqlidir. Sonda yenə də futbol dili birdir. Mənim milli haqda nəsə deməyim düzgün olmaz. Mən həmişə bildirmişəm ki, biz milliyə ancaq uğurlar arzulaya bilərik. Biz öz işimizi nə qədər yaxşı görsək, milliyə də kömək olacaq. Biz klubdakı yerli futbolçularımızın bacarığını, qabiliyyətini daha da yüksəltsək, özlərini millidə də avtomatik olaraq yaxşı göstərə bilərlər. 

- Mən sizi başa düşməyə çalışıram. Çünki Fernandu Santuş həmkarınızdır. Amma oyunun gedişatında görürsən ki, məşqçinin işi ilə yanaşı, futbolçuların oyununda da nöqsan çoxdur. Bu mənada, heç olmasa, "Qarabağ"ın millidə çıxış edən üzvləri ilə bağlı nəsə deyə bilərsinizmi? Nəriman, Musa, Elvin, Bəhlul.... Onlara cavabdeh şəxs birbaşa sizsiniz. 

- Nəticə yoxdursa, nə düşünə bilərəm?! Dəfələrlə demişəm, məsələn, bəzən futbolçularımız hansısa oyunumuzun ertəsi milli komandaya gediblər. Mən paltardəyişmə otağında istər yerli futbolçulara, istər legionerlərə bildirmişəm ki, siz milli komandada ən yaxşı olmalısınız. Həm insanlıq, həm məşq, həm də oyun baxımından. Siz milli komandaya gedirsiniz, çalışın ki, yaxşılar sırasında olun. Amma bu gün nəticə yoxdursa, mənim futbolçularım yaxşı, digərləri pis idi deyə bilmərəm... 
Odur ki, sondə gəlib yenə hara çıxırıq? Mənim milli haqda nəsə deməyim düzgün olmaz.

- Bir narahatedici məqama da toxunum. Azərbaycan Premyer Liqasının son mövsümünün bombardirləri siyahısında 15 futbolçu var idi. Onların arasında isə cəmi iki azərbaycanlı futbolçu yer almışdı. Ən çox qol vuran Nəriman Axundzadə idi ki, o da heç "5-liy"ə belə düşə bilməmişdi. Əvvəllər Premyer Liqada qol vuran azərbaycanlılar çox olurdu. Sizin özünüz də Premyer Liqada oynayanda çoxlu qollar vururdunuz. Amma indi çox qol vuran yerli futbolçuların sayı sürətlə azalmağa doğru gedir. Hücumçu sarıdan da böyük problemlər yaşadığımız faktdır. Bunun səbəbini nədə görürsünüz?

- Səbəblər çoxdur. O vaxt daha çox yerli futbolçular oynayırdı. Hücum xəttində yerli futbolçular üstünlük təşkil edirdi. Amma indi istənilən klubda hücum xəttinin çox hissəsi legionerlərdən qurulub. Onların bombardir olmaq şansı daha çoxdur. Bizdə Nəriman nisbətən çox oynamaq şansı qazanır, ən azından yuxarılardadır. O vaxt indikilərdən də zəif futbolçular bombardirlər sırasında olublar. Yerli futbolçuların çoxluğuna görə. Hücum xətti yerli futbolçulardan qurulurdu. Səbəblərdən biri indi legionerlərin üstünlüyüdür. 2 il əvvəl "Qarabağ"dan Ramil Şeydayev və Musa Qurbanlı bombardirlər idilər (Ramil 22, Musa 21 qol vurmuşdu - A.B). Çünki ən çox şans qazanan futbolçular onlar olmuşdular. Məncə, nə qədər şans qazansalar, qol o qədər çox olar. 

- Elə isə yeni mövsümdən etibarən legioner limitinin aradan qaldırılması yerli futbolçuların inkişafının qarşısını almağa nə dərəcədə təsir edə bilər? Çünki haqlı narahatlıqlar var. Düzdür, bu qərarın çempionatda rəqabətin artmasına, klubların güclənməsinə gətirib çıxaracağını proqnozlaşdıranlar da var. Amma da o faktdır ki, komandalarla yerli futbolu sayı azala bilər.

- Necə olacağını zaman göstərəcək. Müsbət tərəfləri də ola bilər, mənfi tərəfləri də. Mənfi cəhətləri budur ki, ilk illərdə yerl futbolçuların oynamaq şansı az olacaq. Əsas məsələ iddialı klubların nə edəcəyidir. Böyük klublar çalışacaqlar ki, komandada daha keyfiyyətli futbolçular, legionerlər olsun. Yerli futbolçuların böyüməyi bu klublarda daha çox olur. Çünki belə klublardan daim nəticə tələb edirlər. Bəlkə də yerli futbolçular görəcəklər ki, başqa şansları yoxdur, öz üzərlərində daha çox çalışacaqlar, işləyəcəklər. Amma hansı həddə kimi qalxacaqlar? Bax bunlar qaranlıq sualdır.

Mən o vaxt da demişdim ki, çox ölkərdə legioner limiti götürülüb, oynasınlar, lap yaxşı. Legioner limiti götürüləndə məşqçinin işi asanlaşır, istədiyin oyunçunu dəyişə bilirsən. Amma ümumilikdə mən demişdim ki, limiti aradan qaldırmaq üçün bəlkə də tezdir. Yerli futbolçuları məcbur oynatmaq lazımdır ki, ən azından milli səviyyəsində qalsınlar. Zamanla hər şey aydın olacaq. Bəlkə 1-2 ilə düşündüklərimizin tam əksini görəcəyik? Belə təcrübələr Avropa ölkələrində də var.

- İyunun 18-də Çempionlar Liqasında rəqibiniz bilinəcək (söhbət dünən keçirilən püşkatma mərasimindən 2 gün əvvəl olub - A.B). Turnirə bu dəfə də 2-ci mərhələdən başlayırsınız. Ötən mövsüm də Çempionlar Liqasına 2-ci mərhələdən başlamışdınız, amma yekunda Avropa Liqasında 36-cı yeri tutdunuz. Bunun səbəblərinə kifayət qədər toxunmusunuz deyə, təkrar suallar verməyəcəm. Bir fikrimi sizinlə bölüşmək istəyirəm. Biz hamımız şahidik ki, "Qarabağ" Çempionlar Liqasına 1-ci mərhələdən başlayanda hər raundu keçdikcə daha hazır vəziyyətə gəlirdi və "pley-off"da daha yaxşı nəticə göstərirdi. Avrokubok seriyası da uzun çəkirdi. Məsələn, 2023/24 mövsümündə 1/8 finala qədər gedə bildiniz. Bu dəfə isə uğursuzluq oldu. Yəni, ÇL-ə 1-ci mərhələdən başlamağı oyunçuların sonradan daha yaxşı formaya düşməsi baxımından daha faydalı hesab etmək mümkündürmü? 

- Mən həmişə bildirmişəm ki, futbolçular il boyu həm fiziki, həm psixoloji olaraq çox yüklənir, yorulurlar. Nə qədər şərait varsa, istirahət etməlidirlər. Hər zaman bunun tərəfdarı olmuşam. Bu, insan orqanizmidir. Yaxşı istirahət etməsən, yaxşı hazırlaşa bilməyəcəksən. Orqanizm yorğundursa, ondan istədiyini ala bilmərsən. Bütün sahələrdə belədir. Siz özünüz yorğun halda məndən müsahibə alsanız, onun effekti də olmayacaq. Mən istirahətin tərəfdarıyam. "Qarabağ"ın milliyə çağırılan futbolçuları var idi. Digərləri istirahətə yollandılar, amma onlar millinin heyətində oynadılar, məşqlərdə oldular. Futbolçuların sağlam olmağı, istirahət etməyi üçün 10 gün kifayət deyil. Minimum 2 həftə, hətta daha çox istirahət etsələr, yaxşı olar. Ona görə 2-ci mərhələdən başlamaq mənə rahatlıq verir. 

Ötən mövsümə gəldikdə isə, biz çox yaxşı hazırlaşmışdıq. Çox gözəl komandamız, kollektivimiz var idi. İlk mərhələdə "Linkoln"la qarşılaşdıq. 2-ci mərhələdə "Lüdoqorets"ə Bakıda qalib gələ bilmədik, amma səfərdə 7 qol vurduq. Bu, elə-belə iş deyil. Güc, potensial istəyir. "Bayer"lə, "Braqa" ilə qarşılaşanda da bərk kollektivimiz var idi. Sadəcə olaraq, "Dinamo" Zaqreb ilə oyunda... Tam əksi olmalı idi. Oradakı oyuna baxsaq, ilk 20-25 dəqiqədə biz 3:0 öndə olmalı idik, nəinki "Dinamo". Amma futbolda bəzən düşünmədiyin hallar olur. Bu, bizim görmədiyimiz tərəfdir. Mən bunu həmişə onunla əlaqələndirirəm ki, kollektivi qoruyub-saxlamaq çətindir. Təkliflər gəlir, futbolçunun fikri dağılır. Əgər köklənə bilmirsə, oyundakı epizoddan yararlana da bilmir. Çünki kollektivin düşüncə qabiliyyəti hamıda eyni olmalıdır. Qələbəyə ac olmalıdırlar ki, mən bu yolu getməliyəm. Biz bunun hesabına nəticələr qazanmışıq. Amma o vaxt futbolçulara çox təkliflər gəldi. Yorğunluq isə fiziki yox, mental idi. O qədər zənglər, təkliflər gəlir. Boşuna deyil. Mən həmişə deyirəm ki, "Real", "Mançester Sit" kimi böyük klublar niyə hər il eyni nəticəni qazanmırlar? Belə baxanda ən yaxşı məşqçilər, ən yaxşı futbolçular, ən çox pul onlardadır. Hər il eyni səviyyəni qorumaq çox çətindir. Əgər kollektivdə aparıcı futbolçuların fikri yayındısa, idman formasından uzaqlaşdılarsa, nəticələr bir az ağır olur. 

- Ötən mövsüm müəyyən futbolçularınız imkanların aşağı səviyyədə oynadılar. Juninyo sanki yoxa çıxmışdı, rəqiblər elə bil Zubirin əl-qolunu bağlamışdılar. Bilirlər ki, nəyi necə edəcək. Həmçinin müdafiə xəttinin çox zəif oyunlarını gördük. Ümumən boşluqlar çox oldu. Yəqin ki, bunların üzərində işləməyə başlamısınız. Problemi aradan qaldırmaq üçün nə kimi yeniliklər etməyi düşünürsünüz?

- Ümumiyyətlə, il ərzində çatışmazlıqlarımız olur. Hətta qələbə qazandığımız oyunlarda da çatışmazlıqlarımız görünüb. Futbol bunun üzərində qurulub. Biz hər 6 aydan bir çatışmazlıqları aradan qaldırmağa daha çox vaxt ayırırıq. Futbol elə bir səviyyəyə gəlib çatıb ki, 3-5 il əvvəl bu səhvləri heç kim görmürdü. Belə səhvlərə görə məğlub olmurdun. İndi isə tam başqadır. Rəqiblər o qədər inkişaf etməyə, sənə diqqətlə yanaşmağa başlayıblar ki, kiçik bir səhvinlə oyunu əldən verirsən. Futbol get-gedə dəyişir. 

Həm müdafiə, həm yarımmüdafiə xəttində dəyişikliklər etmək istəyirik. Bu, 1 ayamı, 5 ayamı, 1 iləmi olacaq, zaman göstərəcək. Çünki komandanı qoruyub-saxlamaq istəyirik. Biz bu gün kollektivi 3 il qoruya biliriksə, böyük iş sayılır. Əvvəl bu göstərici 5 il kimi götülürdü. Amma indi istənilən Avropa komandasına baxın, qoruya bilmirlər. 

- Bəs, kimləri gətirmək, kimləri göndərmək fikrindəsiniz? Bu yaxınlarda 4 oyunçu ilə yolları ayırdınız.

- Gedənlər bundan sonra da ola bilər. Bununla bağlı yekun qərarı gedişata qəbul edəcəyik.

- Bəs razılaşdığınız futbolçular varmı?

- Tam razılaşdığımız yoxdur. Amma anlaşmaq ehtimalı olan futbolçular var (bu söhbətdən 2 gün sonra "Qarabağ" Dani Boltla müqavilə bağladığını açıqladı - A.B). Orta xətt, müdafiə xəttinə transfer gözlənilir. Hücumçularla da danışıqlar gedir.

- Maksimum neçə futbolçu transfer etmək niyyətindəsiniz?

- Minimum 5-6 futbolçu gətirməyi istəyirik.

(Son)

Aydın Bağırov

Chosen
12
5
teleqraf.com

6Sources