EN

4SİM-in əsas tərəfdaşlığı ilə “Baku ID 2025” innovasiya festivalı keçirilir

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) əsas tərəfdaşlığı ilə “Baku ID 2025” (Baku Investment Day) tədbiri keçirilir.

Mərkəzin məlumatına görə, sayca dördüncü dəfə təşkil olunan festivalın məqsədi innovasiya və startap ekosisteminin inkişafına töhfə vermək, yerli və regional startapları investorlarla bir araya gətirmək, onların şəbəkələşmə və investisiya əldə etmək imkanlarını artırmaqdır.

İki gün davam edəcək tədbirdə innovasiya və süni intellekt sahəsində müzakirələr aparılacaq. 4SİM-in icraçı direktoru Fariz Cəfərov festival çərçivəsində təşkil olunan “Süni intellekt istedad yaradıcısı kimi: Gələcəyin işçi qüvvəsinin formalaşdırılması” adlı sessiyada spiker qismində çıxış edəcək. Qurumun Rəqəmsal iqtisadiyyat şöbəsinin rəhbəri Xəyalə Fətullayeva isə “Təhsilin gələcəyə hazırlanması: Süni intellekt və akademik fəaliyyətin vəhdəti” adlı sessiyada iştirak edəcək.

Festival çərçivəsində 4SİM stendinə yaxınlaşmaqla iştirakçılar “Coursera” onlayn təhsil platformasında ödənişsiz təhsil imkanı verən “Milli Proqram”a qoşulmaq üçün qeydiyyatdan keçə bilərlər. Bununla yanaşı, tədbir iştirakçısı olan startaplara hər il Çində keçirilən “Yay Davosu” sammitində yerli startapların iştirakı və həmçinin “Sənaye 4.0 Hazırlıq Proqramı” ilə bağlı məlumat veriləcək.

Festival SABAH.HUB İnnovasiya Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, SOCAR, PAŞA Holding və 4SİM-in dəstəyi ilə həyata keçirilir.

Chosen
21
vergiler.az

1Sources