EN

Ali Məhkəmə kababçını qətlə yetirən şəxslə bağlı qərar verdi

BAKI, 19 iyun. TELEQRAF

Bakının Nizami rayonunda Anar Quliyevi qətlə yetirməkdə ittiham olunan 1990-cı il təvəllüdlü Rəhman Qəhrəmanovun işinə Ali Məhkəmədə baxılıb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, qətl hadisəsi 9 aprel 2024-cü ildə, saat 22 radələrində Keşlə qəsəbəsi ərazisində yerləşən kafedə baş verib.

Rəhman kafedə müştəri qismində olarkən yaxınlıqda yerləşən Anarın kababçı işlədiyi “Dadlı Kabab” adlı kafedən sifariş əsasında gətirilmiş lülə kababdan sümük çıxmasını bəhanə edib, onun olduğu kafeyə gələn Anara bu barədə iradlar bildirib.

Daha sonra onların aralarında mübahisə baş verib. Mübahisə zamanı Rəhman heç bir əsaslı səbəb olmadan özündə olan cib bıçağı ilə kafenin girişində öldürmək məqsədilə Anarın döş qəfəsinin sol nahiyəsindən 1 dəfə qüvvətli zərbə vurub. Anar aldığı xəsarətdən vəfat edib.

Hadisəni törədən Rəhmanın barəsində 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəhman ona elan olunmuş ittiham üzrə özünü Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə deyil, həmin Məcəllənin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəhman Qəhrəmanov 17 il azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Dövlət ittihamçısı apellyasiya protestini belə əsaslandırıb ki, çıxış zamanı təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilib və ona 19 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini təklif edib. O, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.

Həmçinin hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən də apellyasiya şikayəti verilib. O, təqsirləndirilən şəxsin barəsində olan cəzanın yüngülləşdirilməsini istəyib.

Hər iki tərəfin şikayəti Bakı Apellyasiya Məhkəməsində araşdırılıb. Şikayəti araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, həm təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayəti, həm də dövlət ittihamçısının apellyasiya protesti təmin edilməyib.

Bundan sonra dövlət ittihamçısı kasasiya protesti, təqsirləndirilən şəxsin müdafiəçisi isə kasasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, hər iki şikayət təmin olunmayıb.

Chosen
13
teleqraf.com

1Sources