EN

İranda III Dünya müharibəsi başlayır?

İrana hücum fonunda III Dünya müharibəsinin başlanacağı haqda fikirlər irəli sürülsə də, bunun olması ehtimalı zəifdir. Dünya müharibəsinin baş verməsi üçün ittifaq ölkələrin üz-üzə dayanması lazımdır. Ki, bu müharibədə ABŞ-İsrail cəbhəsinə qarşısında rejimdən savayı heç bir qüvvə dayanmır, hətta İran daxilində belə monolit mövqe yoxdur.

- Rusiya üçün İranın hədəf seçilməsi həm bütün diqqətin apardığı müharibədən yayınması, həm də Ukrayna məsələsində bazarlıq imkanlarının artması baxımından sərfəlidir;

- Çin özünün iştirak etmədiyi heç bir münaqişəyə praktiki olaraq qoşulmaq niyyətində deyil, xüsusilə iqtisadi planları fonunda. İran müharibəsi Pekin üçün iki şans da yarada bilər.

1. ABŞ-ın resurslarını bura yönəltməsi nəticəsində Çinin ətrafında müəyyən sakitlik yaranır;
2. İran ABŞ üçün uzunmüddətli problemə çevrilə bilər;

- İrana hücumu geosiyasi maraqlarına uyğun hesab etməyən Avropa zəif mövqeyi ilə proseslərin inkişafını dəyişdirə bilməyəcəyi üçün ABŞ-ın mövqeyi ətrafında qərarlaşıb;

- Pakistan İrana hücumu pislədə də, “İsrailə nüvə hücumu edəcək” iddialarını təkzib edib: İslamabadın Tehrana dəstəyi ritorik müstəvidədir;

- Körfəz ölkələri regionda proksi qüvvələri bəsləyən İranın düşdüyü vəziyyətdən məmnundur, bu həm də İslam dünyasında liderlik amili baxımından onlara sərfəli görünür;

- Regionda həlledici oyunçu olan Türkiyə həm NATO üzvü kimi, həm də regional maraqları fonunda müharibəyə müdaxilə etmək niyyətində deyil, belə bir perspektivin yaranması ehtimalı da görünmür. Ankara problemin masada həll edilməsi ideyasının lokomotivi rolunda çıxış edir;

Mövcud mənzərədə İran rejimi təklənmiş vəziyyətdədir. İran cəbhəsində yer ala biləcək qüvvələr yalnız ciddi şəkildə zəifləyən proksi qüvvələr olacaq, eyni zamanda, Tehran “şiə oxu” adlandırdığı coğrafiyaya müəyyən ümidlər bəsləyir. Hərçənd, bu coğrafiyada da artıq İrana arxa çevirənlər, tərk edənlər var. Müqtəda əs-Sədrin “İraq İran-İsrail müharibəsinə qarışmamalıdır” açıqlaması xüsusilə diqqət çəkir.

İranın hədəf seçilməsi bütün regional və geosiyasi oyunçular üçün bu və ya digər formada sərfəli görünür.

Asif Nərimanlı

Chosen
44
2
publika.az

10Sources