EN

Kürdəmirdə ər iş görməyən arvadını döydü

Kürdəmir rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib.

Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə Kürdəmir rayonunun kəndlərindən birində baş verib. 

Gədəbəy rayon sakini, 1984-cü il təvəllüdlü Aqşin həmin kənddə yerləşən evində həyat yoldaşı Samirənin (adlar şərtidir – red.) evdə iş görməməsinə iradlar bildirməsi zamanı sonuncunun onu təhqir etməsi səbəbindən aralarında mübahisə yaranıb. 

Şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı o, yumruqla, təpiklə arvadının sol qolundan bir neçə dəfə qəsdən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Aqşinin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aqşin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, zərərçəkmiş Samirə onun arvadıdır, onun sözünü eşitmədiyinə və kobud cavablar verdiyinə görə aralarında narazılıq yaranıb: 

“Hadisə günü saat 11 radələrində yaşadığımız evdə olarkən Samirəyə ev işləri ilə məşğul olmasını bildirdiyimə görə aramızda mübahisə baş verdi. Mübahisə zamanı Samirə mənə kobud cavab qaytardığına və təhqir etdiyinə görə əsəbiləşdim. Onu yumruqla və təpiklə bir neçə dəfə bədəninin müxtəlif nahiyələrindən vurdum”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Samirənin sözlərinə görə, hadisə günü saat 11 radələrində evdə olan zaman həyat yoldaşı Aqşin çörək yeyib və mağazadan aldığı spirtli içkini qəbul etdikdən sonra onların arasında mübahisə baş verib: 

“Mübahisə vaxtı məndən evdə iş görməyimi tələb etdi. Mən iş görən zaman heç bir səbəb olmadan yumruqla, təpiklə ayağımdan, qarın və sifət nahiyələrimdən vurdu. Yaşadığımız evə gələn polis əməkdaşları və təcili yardım maşını ilə xəstəxanaya gedərək orada ilkin tibbi yardım aldım. Hadisədən sonra Kürdəmir Rayon Polis Şöbəsinə gedərək baş verənlər barədə şikayət ərizə ilə müraciət etdim”. 

Bu cinayət işinə Kürdəmir Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar onun barəsində Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan cinayət  üzrə icraata xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib.


Fariz Məlikli
Demokrat.az
Chosen
18
1
demokrat.az

2Sources